Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dinc mübarizə” adı ilə fürsət arayışı: Bəlkə də sizlər üçün çox gecdir?

 “Dinc mübarizə” adı ilə fürsət arayışı: Bəlkə də sizlər üçün çox gecdir?

AXCP sədri Əli Kərimlinin, özünü Milli Şura adlandıran qurumun çağırışı ilə oktyabrın 19-da paytaxtın “28 may” metrostansiyası səmtində icazə verilməmiş mitinqə cəhd göstərildi.

Bəli, rəsmi qurumlar dəvət edib, xəbərdarlıq etmişdi, olacaqlara görə məsuliyyəti xatırlatmışdı, amma mitinq çağıranlar bunları bilə-bilə yenə məqsədlərinə cəhd etdilər. Əslində mitinqin keçirilməsi üçün yer ayrılmışdı (mitinqdən öncə piketə də icazə verilmişdi) və təşkilatçılar səlahiyyətli qurumların mövqeyini bilirdi, ancaq, necə deyərlər, veclərinə almadılar və özlərinin elan etdikləri yerdə mitinq keçirməyə cəhd edib, qarşıdurma yaratdılar…

Radikallar illər öncə narıncı köynək geyər, narıncı qalstuk taxardı – çünki bəzi yaxın-uzaq ölkələrdə siyasət müstəvisi narıncı boyanmışdı, o üzdən onlar da. Sonra yenə yaxın-uzaq öl­kələrdə müəyyən siyasi təbəddülatlar yaşandı, siyasi mübarizə müstəvisində bəzi yeni şəkil­lənmələr oldu, onları Azərbaycan siyasətinə daşımaq istədilər, alınmadı, indi də, deyəsən, “Na­valni metodu” kimi alqıladıqları bir yöntəmə baş vurmaq istərlər. “Metod”, “üsul” qurtarmaz ki, sanki balalaya-balalaya gedir, bu tərəfdən də AXCP sədrinin siyasi ehtirası, intriqa azarı, gərginlik yaratmaq ilhamı tükənmək bilmir.

Ən acınacaqlısı, Qarabağ kimi ümumxalq, dövlət maraqlarında, ölkəmizin qırmızı çizgisində 1 saylı yer tutan tarixi vəzifəyə münasibət baxımından da, sanki “bunlar Qarabağı öz siyasi mü­barizələrinə alətmi sanır?!“-- dedirdəcək durumdadırlar. Daha dəqiqini desək, Qa­rabağla bağlı, şəxsən Ali Baş Komandanın, dövlətimizin, ordumuzun, əsgərimizin əzmi, iradəsi aydın ola-ola, sən dur de ki, iqtidar Qarabağı düşünmür və s… – Əstafürullah! – Əslində, bu, o deməkdir ki, “biz öz siyasi-ideoloji imkanlarımızla, siyasi keçmişimizlə, gələcəyə baxışımızla, sosial bazamızla bir şey edə bilmirik, ona görə də, Qarabağ mövzusunun ətəklərindən tutub iməkləyə-iməkləyə ayağa durmalıyıq”. Və ən başlıcası, az ya çox tərəfdarın, özəlliklə xaricdə havadarın, sözünü eşidənin, deyənin varsa, ən azı, o imkanları Qarabağ adına dərd-sərimizi dünyaya du­yurmağa niyə sərf etmirsən bəs? Niyə axı? – Sizə Qarabağı qaytarmağımız, Qarabağa qayıt­mağımızmı lazım deyilmi?

Guya bilmirdinizmi, yaşanan gərginlikdən ölkəmizə qarşı istifadə edənlər olacaq? Sosial şəbəkəyə daraşmış tərbiyədən kəmlər söyüşün birini bir qəpikdən də ucuza endirim edib, fürsətkarlar ölkəmiz əleyhinə ağızlarını köpükləndirməyə başlayıb... Olmazmı, ölkəmizə qarşı marıqda du­ranların əlinə bəhanə verməkdənsə, əlində olan imkanı bəhanələrin sıfırlanması üçün dövriyyəyə daxil edəsən? Sizlər necə vətənpərvərsiniz?

İndi nə oldu, nə qazandınız? Şəhərin mərkəzində hərəkəti müəyyən vaxta iflic edib, beyni qan cavanları polislə qarşıdurmaya təhrik edib nəyə nail oldunuz? Guya bilmirdiniz ki, sosial bazanız neçə nəfərlə tamamlanır? Guya bilmirdinizmi qələbəlik bir yerdə, yeni qələbəlik yaratmaq siyasi ehtirası ilə təntənə mümkün olmur?..

Əlbəttə, hər nə qədər peşəkar davranış olsa da, qaça-qov ortamı yaratdınızsa, kiminsə burnu qanaya, kiminsə köynəyi cırıla, kiminsə ayağı əzilə və s. ola bilər, hərçənd biz qətiyyətlə belə şeyləri arzu etmədik, etmirik, etməyəcəyik də, lakin sizin “dinc mübarizə” adı ilə fürsət arayışınızı kim görmür ki? Çox təəsüflər ki, mitinq üçün ayrılmış yerlə razılaşmamağınız, höcətiniz paytaxta lazımsız gərginlik yaşatdı, keçici də olsa, saxlanılanlar oldu və s. Axı nə qədər, xalqın iradəsindən, millətin adından danışacaqsınız? Siz necə müxalifətsiniz?

Bir özünüzə gəlin, siyasi nəfsinizə “tət!” deyin. İndi parlament seçkisidirmi, prezident seçkisidirmi? Ən yaxın seçki bələdiyyə seç­kisidir, o da dekabrda olacaq. Buyurun, namizdələrinizi verin, müvafiq qaydada seçin, seçilin. Heç bələdiyyə seçkisi üzrə də təbliğat mərhələsi başlamayıb hələ.

O zaman özünüzü gah həmkarlar təşkilatının, gah “DOST” Mərkəzinin yerinə qoymaqdansa, konsepsiya hazırlayın, proqram tərtib edin, normal siyasi mübarizə aparın. Baxın, qərar sizindir. Yalnız onu deyim ki, qərar yalnız beş hərfin müəyyən ardıcıllıqla yazılması, dil vərdişi səsləndirimə deyil, konkret tərifi olan bir ifadədir, necə deyərlər, həyat fəlsəfəsinin möhkəm bir duracağıdır.  Kitablarda yazılır ki, “Qərar – alternativlərdən ən yax­şısının seçilməsidir”. Siz hansı alternativləri götür-qoy etdiniz, kimlərlə birgə qərar aldınız, kimlərlə müzakirə etdiniz ki, “28 may” səmtinə mitinq qərarı verdiniz? Xəyali modelləşdirmə də apardınız, “fotoşop” üsuli ilə Cəfər Cabarlı heykəli ətrafını doldurdunuz, özünüz də, deyəsən “28 Mall” balkonundan xalqa müraciət edəsi oldunuz, eləmi?

Nə üçün, bəylər, nə üçün? Bu Vətənə, bu xalqa hər şeyin ən yaxşısını yaraşdırmağa öyrədin özünüzü, gec olmadan. Bəlkə də sizlər üçün çox gecdir?..

 

Əkbər QOŞALI,
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri

21 Oktyabr 2019 12:41 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə