Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk xalqlarının teatr ənənələri müzakirə edilib

Türk xalqlarının teatr ənənələri müzakirə edilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında onların modifikasiya problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.  Bu barədə ADMİU-nun mətbuat xidmətindən bildirilib.

Tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova ənənəvi olaraq keçirilən konfransın bu il görkəmli rejissor, “YUĞ” Teatrının təsisçisi və rəhbəri Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunduğunu söyləyib.

Rektor Azərbaycan teatr tarixində Vaqif İbrahimoğlunun xüsusi mövqeyə malik sənətkar olduğunu bildirib. Diqqətə çatdırıb ki, qısa ömür yaşamasına baxmayaraq o, çox böyük işlər görüb. Səkkiz ildir aramızda olmasa da, görkəmli sənətkarın teatr sahəsində ideyaları və konsepsiyası bu gün də davam etdirilir.

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli “Türkdilli xalqların əsərləri Azərbaycan səhnəsində” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan teatr tarixində türkdilli xalqların əsərlərinin tamaşaya qoyulması xüsusi mərhələ təşkil edir. Ötən əsrin əvvəllərindən etibarən qazax, qırğız, tatar, özbək, türkmən dramaturqlarının əsərləri Azərbaycan teatrında səhnələşdirilib. Lakin 1908-1930-cu illərdə Azərbaycan teatrında xüsusi vətənpərvərlik ideyası daha geniş vüsət aldı. Bununla bağlı tarixi əsərlərə müraciət olundu. Türkdilli xalqların keçdiyi həyat yolunun geniş şəkildə bədii təcəssüm olunduğu əsərlər Azərbaycan teatrının repertuarında yer aldı. Bu əsərlər təkcə Bakı teatrında deyil, Tiflis, Aşqabad, İrəvan, Dərbənd, Təbriz Azərbaycan teatrlarının repertuarına daxil edildi. 1950-ci illərdən başlayaraq türk dramaturgiyasına maraq daha da artmağa başladı. Belə ki, Türkiyə dramaturqlarının əsərləri daha çox üstünlük təşkil etməyə başladı. Azərbaycanda 1908-1919-cu illərdə geniş bir məkanda teatrın təşəkkülü və tərəqqisi üçün böyük işlər görülüb. Səmərqənddə, Daşkənddə, Buxarada, Aşqabadda və digər şəhərlərdə ilk teatr tamaşalarını azərbaycanlılar nümayiş etdiriblər. Türkmənistanda isə Azərbaycan teatrı həmin dövlətin öz teatrından da əvvəl 1904-cü ildə yaradılıb.

Konfransda T.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının kafedra müdiri, professor Saniya Kabdiyeva “Müasir qazax teatrında ənənələrin transformasiyası”, ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə “Rejissor haqqında paradoks...”, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun professoru Temur Raşidov “Mərkəzi Asiyanın teatr sənəti (ənənə və müasirliyin dialektikası)”, professor Aydın Talibzadə “Perfomativ meditasiya: Eucinio Barbanın tənqidi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova “Vaqif İbrahimoğlu yaradıcılığında məzmunsuz strukturlar”, teatrşünaslıq kafedrasının müəllimi Elçin Cəfərov “Vaqif İbrahimoğlu yaradıcılığı Qərb və Şərq teatr mədəniyyətlərinin bifurkasiya nöqtəsi kimi” və dissertant Tərlan Rəsulov “Tətbiqi teatr: mövcud durumu və perspektivləri” mövzularında məruzələrlə çıxış ediblər.

Beynəlxalq tədbirdə müvafiq sahə üzrə elmi axtarışların və praktiki səylərin nəticələrini ümumiləşdirmək, informasiya mübadiləsinə nail olmaq və türk  xalqlarının teatr mədəniyyəti ənənələri əsasında türk teatrının hipotetik modelini formalaşdırmağın mümkünlüyü məsələləri müzakirə olunub.

Konfransda türk xalqlarının ənənəvi teatr mədəniyyətinin tədqiqatçıları, ideyalarını türk xalqlarının teatr ənənələri zəminində gerçəkləşdirməyə çalışan rejissorlar, həmçinin humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının əməkdaşları, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar iştirak ediblər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

21 Oktyabr 2019 11:11 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə