Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimli və Milli Şura siyasi mübarizə adı altında milli maraqlara xəyanət edir

Müxalifət insanları qarşıdurmaya və təxribata səsləyir

Əli Kərimli və Milli Şura siyasi mübarizə adı altında milli maraqlara xəyanət edir

Adlarını “Demokratik Qüvvələrin Milli Şurası” qoyan bir qrup pozucu şəxs mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı. Guya, “Demokratik Qüvvələrin Milli Şurası” adlandırılan bu quruma bir sıra siyasi partiya və birliklər daxildir. Əslində, bu qurumun adı var, özü isə yoxdur. Üzvləri isə qondarma “Milli Şura” və AXCP-dən ibarətdir. Buraya, həmçinin əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrə sığınan, bir qarın çörəyə görə Vətənini, xalqını satan, öz dövlətinə böhtan, iftira, təhqir yağdıran bir qrup xəyanətkar daxildir.

Həmin qurumda kimlərin təmsil olunmasından asılı olmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim-idman bazasında keçirilməsini təklif edib. Lakin təşkilatçılar həmin ərazinin mərkəzdən uzaq olduğunu bəhanə gətirərək, orada mitinq keçirməkdən imtina ediblər. Həmin gündən başlayaraq, radikal müxalifət nümayəndələri mitinqin qanunla qadağan edilmiş, razılaşdırılmamış yerdə, yəni metronun 28 May stansiyasının qarşısında keçirəcəkləri barədə çağırışlar edirdilər. 
Lökbatan qəsəbəsinin mərkəzdən uzaq olduğunu iddia edən radikal müxalifət nümayəndələri və onlara “dirijorluq” edən AXCP sədri Əli Kərimli unutmamalıdırlar ki, düz söz hər yerdən eşidilər. Otuz ilə yaxındır ki, insanları aldadan, yalan vədlər verən, iqtidarın etdiklərini öz adına çıxan belələrinin sözü, səsi heç bir addımlıqdan da eşidilməz. Hər dəfə keçirdikləri mitinqlərdə eyni sözləri təkrarlayanların şəhərin mərkəzindən cəmi 15-20 dəqiqəlik məsafəyə getməmələrinin ayrılmış yerin uzaq oduğunu bəhanə etməsinin səbəbi aydındır.
 Onlar səslərinin eşidilməyəcəyini çox yaxşı bilirlər. Eşidilsəydi, son 25 ildə ölkədə keçirilən seçkilərdə cüzi də olsa səs toplayardılar. Hər dəfə seçkilərdə biabırcasına məğlub olanlar sonra günahı iqtidarda axtarırlar. Daha fikirləşmirlər ki, onların səsini eşidən, verdikləri yalan vədlərə inanan yoxdur. Ona görə də icazəli mitinqdən imtina edib, razılaşdırılmamış aksiyalara çağırışlar edirlər. 
Yəqin ki, hər biriniz “Milli Şura”nın ( bu adda təşkilat heç bir dövlət orqanında rəsmi qeydiyyatdan keçməyib) oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə keçirdiyi piketi xatırlayırsınız. Qabaqcadan razılaşdırılmış 50 nəfərin iştirakı ilə keçirilən piketdə, sən demə, əsas məqsəd təxribat törətmək, qarşıdurma yaratmaq və beynəlxaq təşkilatlara Azərbaycanda insan hüquq və azadlığının, hər kəsin öz fikrini sərbəst ifadə etməsinin “kobud surətdə pozulması” barədə anti-Azərbaycan qüvvələrə və ermənipərəst dairələrə “fakt” ötürmək imiş.
Təbii ki, satqınlar xəbis niyyətlərinə çata bilmədilər. Çünki asayiş keşikçiləri böyük səbr və təmkinlik göstərərək, təxribatın törədilməsinə yol vermədilər. Piket iştirakçıları faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etməklə nəqliyyatın hərəkətinə, məktəbli uşaqların küçəni keçməsinə problem törətdilər və ətrafdakı insanlarda narazılıq yaratmaqla ictimai asayişin pozulmasına can atdılar. Asayiş keşikçilərinin sayıqlığı nəticəsində həmin hüquqazidd əməllərin qarşısı alındı və qanunun tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görüldü.
Hər kəsə bəlli oldu ki, şəhərin mərkəzində piket keçirmək istəyən, özlərini müxalifət nümayəndələri adlandıran pozucu qüvvələr rəsmən verilmiş razılıqdan sui-istifadə etmək niyyətindədirlər. Onlar düşünülmüş şəkildə şəhərin mərkəzində qarışıqlıq yaratmağa çalışdılar. 
Bütün bunlar bir daha təsdiqlədi ki, nə AXCP, nə də adı olub, özü olmayan “Milli Şura” rəhbərliyinin, o cümlədən həmin qanunsuz aksiyanın təşkilatçılarının əsas məqsədi heç də toplantı keçirmək deyilmiş. Onlar əhalinin kütləvi toplaşdığı və qanunla qadağan edilmiş yerlərdə ictimai asayişi pozmağa, polislə qarşıdurma yaratmağa çalışırdılar.
Metronun 28 May stansiyasının qarşısına toplaşmaq, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrini, habelə xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarını qabaqcadan həmin əraziyə cəlb etmək çağırışı bir daha təsdiləyir ki, bütün bunlar məqsədli şəkildə təşkil olunub. Çünki son illər Azərbaycan reytinqli beynəlxalq təşkilatların, həmçinin nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib. Respublikamız beynəlxalq aləmdə sabitlik adası kimi tanınır. Belə olmasaydı, 2017-ci ilin fevral ayından başlayaraq, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, NATO Hərbi Komitəsinin rəhbəri olan generallar mühüm məsələlərin müzakirəsi üçün görüş yeri kimi Bakını seçməzdilər. 
Xarici himayədarlarının sifarişləri ilə dəfələrlə Bakı şəhərində təxribatlar törətməyə çalışan, lakin çirkin məqsədlərinə çatmayan pozucu müxalifət növbəti dəfə də satqınlığını nümayiş etdirdi. Axı onların özləri də çox yaxşı bilirlər ki, metro stansiyalarının qarşısı mitinq və ya piket keçirmək yeri deyil. 
Düz söz üçün məsafənin uzaq və yaxın olması önəmli deyil. Əsas odur ki, düz sözü deyə biləsən. Hələki müxalif düşərgədə haqq sözü deyən və təbii ki, eşidən də yoxdur. Çünki onların düz söz demək niyyətləri də yoxdur, sadəcə olaraq, insanları qarşıdurmaya, təxribata, Vətənə xəyanətə çağırırlar.

 

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

20 Oktyabr 2019 10:30 -

Köhnə versiyamızdan xəbərləri izlə