Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçilib

ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçilib

 

Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin növbəti plenar iclası keçirilmişdir.

Gündəlikdə 2019-2022-ci illər dövrü üzrə Azərbaycan Milli Komitəsinin yeni sədrinin və Rəyasət Heyətinin seçilməsi məsələləri müzakirə olunmuşdur.

İclası ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova  açaraq, 2016-2019-cu illər dövründə fəaliyyəti, görülən işlər və əldə olunan nəticələr barədə məlumat vermişdir.

Sonra seçki komissiyasının üzvləri iclas iştirakçılarına təqdim edilmiş, onlar barədə ətraflı məlumat verilmişdir.

Təqdimatdan sonra iclas iştirakçılarına açıq səsvermə ilə öz münasibətlərini bildirmək təklif edilib. Səsvermənin nəticələrinə əsasən ICOM Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinin yeni üzvləri müəyyən olundu.

Daha sonra Rəyasət Heyətinin yeni üzvləri arasından ICOM Azərbaycan Milli Komitəsinin sədri və katibi vəzifəsinə seçki keçirilib. Rəyasət Heyətinin yeni üzvlərinin yekdil qərarı ilə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova növbəti dəfə ICOM Azərbaycan Milli Komitəsinin sədri, muzeyin baş mütəxəssisi Rəma Zeynalova isə komitənin katibi seçilib.

Məlumat üçün qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) nizamnaməsinə əsasən ICOM-un Beynəlxalq və Milli komitələri hər 3 ildən bir yeni sədr və idarə heyətini seçir. ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat kimi Azərbaycan muzeylərini, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir. Milli Komitənin əsas vəzifələri muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, xarici muzeylərin mütərəqqi təcrübələrini öyrənmək, silahlı toqquşmalar zamanı mədəni dəyərləri xilas etmək, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparmaq, mədəni irsin qorunması, ölkədə muzey menecmentinin inkişafından ibarətdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Oktyabr 2019 12:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə