Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdar jurnalist Adil Cəmilin 65 illik yubileyi qeyd olundu

Əməkdar jurnalist Adil Cəmilin 65 illik yubileyi qeyd olundu

Filologiya üzrə fəlsəfə doktoru, şair, tədqiqatçı Adil Cəmilin 65 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbir Mətbuat Şurası və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı  Əflatun Amaşov çıxış edərək yubilyarın həyat və yaradıcılığından söz açıb. O bildirib ki, A.Cəmil bütün titulları ilə yanaşı, iliyinə qədər şairdir: "Mənə elə gəlir ki, Kəlbəcərdə doğulub şair olmamaq günah olar. Adil Cəmil həm də bir çox filmlərin tərcüməçisidir".

Ə.Amaşov çıxışından sonra Mətbuat Şurası tərəfindən təltif olunan diplomu A.Cəmilə təqdim edib.

Xalq şairi Sabir Rüstəmxanlı isə A.Cəmili 1978-ci ildən tanıdığını bildirib. O qeyd edib ki, ilk tanışlıq A.Cəmilin işlə bağlı redaksiyaya gəlişindən sonra baş tutub: "Biz onunla birlikdə işləmişik. Mən bu müddət ərzində Adil Cəmilin yüksək əxlaqı keyfiyyətləri ilə seçilən bir insan olduğunun şahidi oldum. Çox savadlı jurnalist dostumuzdur. Mən ona cavan dostum kimi baxıram. Onu mənə sevdirən həm də yaradıcılığıdır. Adilin şeirləri sevgi, təbiətə bağlılıq, yurd, Vətən sevgisi üzərində qurulub. Adil bütün bunlardan əlavə doğuluşdan şairdir".

Tədbirdə A.Cəmilin təhsil aldığı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli çıxış edib. O, yubilyarın tələbəlik illərindən söz açaraq bildirib ki, BDU-da ilk dəfə müəllim kimi məhz A.Cəmilin də olduğu tələbələrin kursunda mühazirə oxuyub. N.Əhmədli tələbələrinin yubiley mərasimlərində iştirak etməyin müəllim üçün ən böyük xoşbəxtlik olduğunu vurğulayıb.

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxışında yubiley mərasiminin keçirilməsində təşkilatçılıq etdiyi üçün Mətbuat Şurasına təşəkkürünü bildirib. H.Misirov qeyd edib ki, A.Cəmil istedadlı şair olduğu qədər həm də istedadlı jurnalistdir: "Onun bütün yaradıcılığı yüksək istedadla ərsəyə gəlib. Təbii ki, işğal altında olan Kəlbəcərin yanğısı səbəbilə Adil Cəmilin külliyyatında Vətən həsrəti önə çəkilə bilər. Amma, ümumilikdə, onun bütün yaradıcılığı sevgi üzərində qurulub".

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Oktyabr 2019 11:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə