Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi QAYDASI

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi QAYDASI

1. Ümumi müddəalar 
1.1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasını tənzimləyir.
1.2. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetrdən az olan reklam qurğularına (bundan sonra – reklam qurğusu) şamil edilir. 
1.3. Reklam qurğusunun quraşdırılması və sökülməsi sahəsində nəzarəti Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi (bundan sonra – müvafiq qurum) həyata keçirir.
2. Reklam qurğusunun quraşdırılması 
2.1. Reklam qurğusunun quraşdırılması “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi reklam qurğularının yol kənarında yerləşdirilməsi standartlarına, reklam qurğularına aid texniki tələblərə və qaçan sətirlə yayımlanan reklamın təqdimolunma qaydasına, həmçinin digər qanunvericilik aktlarına uyğun olmalıdır.
2.2. Şəxs reklam qurğusunun quraşdırılması niyyəti barədə müvafiq qurumu məlumatlandırmalıdır. Bunun üçün reklam qurğusunun quraşdırılmasından əvvəl şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizəni müvafiq qurum “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun qəbul edir və qeydiyyata alır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 
2.2.1. şəxs hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti;
2.2.2. şəxsin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
2.2.3. reklam qurğusunun yerləşəcəyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu, yaxud “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-2-ci maddəsinə uyğun olaraq icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
2.2.4. reklam qurğusunun sxemi və eskizi (qrafik təsviri və qabarit ölçüləri);
2.2.5. reklam qurğusunun yerləşdiriləcəyi yerdə rəngli fotomontaj (hava şarına, aerostata və dirijabla münasibətdə istisna olmaqla). 
2.3. Müvafiq qurum şəxsin təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.2-ci bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və reklam qurğusunun quraşdırılmasına imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün şəxsə bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar şəxsə eyni zamanda bildirilməlidir.
2.4. Şəxs bildirişi aldığı tarixdən ən geci 10 iş günü ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır. 
2.5. Şəxs ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, müvafiq qurum ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində şəxsə təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir.
2.6. Qanunla reklam qurğusunun quraşdırılmasına aidiyyəti dövlət orqanının (qurumunun) rəyi (razılığı) tələb olunduqda, müvafiq qurum rəy (razılıq) alınması üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir və bu barədə şəxsə məlumatı təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Aidiyyəti dövlət orqanı (qurumu) həmin müraciətə 5 iş günü müddətində baxaraq cavab verir. Həmin müddət bu Qaydanın 2.7-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Göstərilən müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina müvafiq qanuna istinad edilməklə, əsaslandırılmalıdır. 
2.7. Müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam qurğusunun quraşdırılmasının bu Qaydanın 2.1-ci yarımbəndində nəzərdə tutulmuş tələblərə cavab verməməsini müəyyən etdikdə, onların aradan qaldırılması üçün şəxsə bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Qeyd edilən müddət ərzində müvafiq qurum irad bildirmədikdə və ya şəxs bildirilmiş iradları aradan qaldırdıqdan sonra reklam qurğusu quraşdırıla bilər.
2.8. Reklam qurğusunun yerinin (o cümlədən eyni ünvan çərçivəsində), həmçinin ölçülərinin, hündürlüyünün, istiqamətinin dəyişdirilməsi və ya reklam qurğusunda digər konstruktiv dəyişikliklər edilməsi hallarında da bu Qaydanın 2.2‒2.7-ci bəndlərinin müddəaları tətbiq edilir. 
3. Reklam qurğusunun sökülməsi 
3.1. Müvafiq qurum reklam qurğusunun quraşdırılması zamanı bu Qaydanın 2-ci hissəsinin tələblərinin pozulması hallarını aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə şəxsə icrası məcburi olan yazılı göstəriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. 
3.2. Şəxs yazılı göstərişə uyğun olaraq:
3.2.1. müvafiq qurumu məlumatlandırmadan quraşdırılmış (o cümlədən bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş hallarda) reklam qurğusuna görə bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq tədbirlər görür;
3.2.2. müvafiq qurumu məlumatlandırmaqla quraşdırılmış reklam qurğusunda aşkar edilmiş bu Qaydanın 2.1-ci yarımbəndində nəzərdə tutulan tələblərin pozulması hallarını aradan qaldırır və nəticəsi barədə müvafiq quruma məlumat verir.
3.3. Müvafiq qurum bu Qaydanın 3.2.2-ci yarımbəndində nəzərdə tutulmuş məlumatın verildiyi gündən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyənləşdirilmiş müddətin başa çatdığı gündən ən geci 2 iş günü ərzində pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır və pozuntuların aradan qaldırılmadığını müəyyən etdikdə, akt tərtib edir. 
3.4. Müvafiq qurum bu Qaydanın 2-ci hissəsinin tələbləri pozulmaqla quraşdırılmış reklam qurğusunun aid olduğu şəxsi müəyyən edə bilmədiyi halda aidiyyəti orqanlara (qurumlara) bununla bağlı müraciət edir. 
3.5. Müvafiq qurum aşağıdakı hallarda reklam qurğusunun sökülməsi barədə qərar qəbul edir:
3.5.1. bu Qaydanın 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş tədbirlərin şəxs tərəfindən görülmədiyini müəyyən etdikdə;
3.5.2. bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş akt tərtib edildikdə;
3.5.3. bu Qaydanın 3.4-cü bəndinə əsasən edilmiş müraciət nəticəsində reklam qurğusunun aid olduğu şəxsi müəyyən etmək mümkün olmadıqda.
3.6. Müvafiq qurum bu Qaydanın 3.5.1-ci və 3.5.2-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda reklam qurğusunun sökülməsi barədə qərarı şəxsə təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. 
3.7. Şəxs sökülməsi barədə qərar qəbul edilmiş reklam qurğusunu 5 gün müddətində sökmədikdə və bu Qaydanın 3.5.3-cü yarımbəndində nəzərdə tutulmuş halda həmin reklam qurğusunu müvafiq qurum sökür.”.
5. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002; 2019, № 5, maddələr 822, 825) aşağıdakı dəyişikliklər edilsin: 
5.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 3.2.16-cı yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.2.16. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix və mədəniyyət abidələrinin (Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları istisna olmaqla) ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində və onların mühafizə zonalarında reklam qurğularının (reklamın) yerləşdirilməsinə razılıq verir;”;
5.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.37-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.0.37. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix və mədəniyyət abidələrinin (Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları istisna olmaqla) ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində və onların mühafizə zonalarında reklam qurğularının (reklamın) yerləşdirilməsinə razılıq vermək;”.
6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 223 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1509; 2019, № 6, maddə 1049) ilə təsdiq edilmiş “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi”nin 3.1.17-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.1.17. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Milli Park ərazisində açıq məkanda reklam fəaliyyətinə nəzarəti və bu sahədə tənzimləməni həyata keçirmək, o cümlədən reklam yerləşdirilməsinə icazə vermək, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə vermək, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görmək;”.
7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841; 2019, № 5, maddə 822) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”nin 3.0.40-cı yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.0.40. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruqların ərazilərində, memarlıq abidələrinin (binaların) fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində və onların mühafizə zonalarında reklam qurğularının (reklamın) yerləşdirilməsinə razılıq vermək;”. 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2019-cu il

18 Oktyabr 2019 22:16 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə