Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial-iqtisadi islahatlar yeni mərhələyə daxil olub

Sosial-iqtisadi islahatlar yeni mərhələyə daxil olub

Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə bir sıra cəhətdən yadda qaldı. Bu ilin 9 ayında əldə olunan uğurların qeyd edilməsi ilə yanaşı, dövlətimizin başçısı tərəfindən qarşıda ­duran çağırışlar, eyni zamanda, həmin çağırışların həlli istiqamətində konkret prioritetlər müəyyənləşdirildi.Doqquz ayın yekunları göstərir ki, Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayıb. Qeyri-neft sektorunda artım tempi daha yüksək olub, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulda 3 faiz, qeyri-neft sənayesində isə 15 faiz artım qeydə alınıb.

Bu da məhz iqtisadi inkişafın və iqtisadiyyatda əldə edilən artımın mərhələli şəkildə neft sənayesinin qeyri-neft sektoruna transfer olması mənasına gəlir. Belə bir vəziyyət ondan xəbər verir ki, qeyri-neft sektoru əldə edilən iqtisadi artıma dominant olaraq təsir göstərir. Bu məqamda, həm də nəzərə almalıyıq ki, qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımdan daha yüksəkdir. Bu, 2015-ci ildən sonra dərinləşmiş islahatlar nəticəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsinin real nəticələrinin olmasından xəbər verir.
Digər sahələrdə, eləcə də aqrar, turizm, xidmət sektorlarında artım tempinin proqnozlaşdırıldığından daha çox olması, makroiqtisadi sabitliyin qorunub saxlanması, geridə qalan ayların əsas iqtisadi nəticələri kimi xarakterizə olunmalıdır. Xüsusən qlobal ticari və iqtisadi savaşlar fonunda, qlobal şokların artdığı bir dövrdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunda artımın qorunub saxlanması kifayət qədər pozitiv məqamdır. Bu isə ondan xəbər verir ki, islahatlar birmənalı şəkildə qeyri-neft sektorunun inkişafına xidmət edir.
Yeri gəlmişkən, ötən müddətdə Azərbaycanın beynəlxalq hesabatlarda mövqeyi daha da yaxşılaşıb. Dünya Bankı Azərbaycanı 20 ən çox islahat aparan ölkə siyahısına daxil edib. Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan öz mövqeyini 11 pillə möhkəmləndirə bilib, “Fitch” və “Moody`s” agentliklərinin hesabatlarında isə respublikamız sabit mövqeyini qoruyub saxlayıb, eləcə də ölkəmizdə bir sıra göstəricilər üzrə bir sıra irəliləyişlər əldə edilib. 
Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar Azərbaycanın beynəlxalq hesabatlardakı mövqeyinə müsbət təsir göstərir.
Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi. Söhbət təbii ki, kadr islahatlarının davam etdirilməsi, daha çevik kadr siyasətinin reallaşması və bu kontekstdən büdcə gəlirlərində şəffaflığın gücləndirilməsindən gedir.
Ölkə rəhbəri büdcə xərclərinin şişirdilməsi hallarının qarşısının alınması, büdcə şəffaflığı ilə bağlı konkret mexanizmlərin hazırlanması və tətbiqi ilə bağlı göstərişlər verdi. Bu, növbəti ildə həyata keçiriləcək islahatların strukturu, eyni zamanda, prioritetliyi baxımından da çox vacibdir. 
Müşavirədə qeyd olunduğu ki, gələn il büdcə gəlirlərində artımın olacağı proqnozlaşdırılır. Xatırladım ki, 2020-ci ildə ilk dəfə olaraq büdcə gəlirlərinin 40 faizindən çoxu sosial sferaya yönəldiləcək. Birbaşa əməkhaqqı xərclərinin payı 6,7 milyard manat, pensiya və təqaüdlərin həcmi 3,2 milyard manat olacaq. Bu, o deməkdir ki, birbaşa əməkhaqqı, pensiya və təqaüdlərə 10 milyard manatadək vəsait yönəldiləcək ki, bu da büdcənin sosiallığından xəbər verir. 
Onu da qeyd edim ki, gələn il büdcə qeyri-neft sektorunda fərqli layihələrin maliyyələşdirilməsini həyata keçirəcək. Bu baxımdan Azərbaycan üçün yeni iqtisadi strategiyanın hazırlanması mühüm önəm daşıyır. Strateji yol xəritələrinin birinci mərhələsi də 2020-ci ildə başa çatır. Bundan sonra yeni iqtisadi islahatlar mərhələsi başlayır. 

 

Vüqar BAYRAMOV,
iqtisadçı ekspert

 

18 Oktyabr 2019 22:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə