Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk dünyasının birliyi getdikcə güclənir

Türk dünyasının birliyi getdikcə güclənir

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü və tədbirdə müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişlənməsinə xidmət edir. Bu tədbir və orada səslənən fikirlər türk dövlətlərinin birliyinin getdikcə möhkəmləndirilməsindən xəbər verir. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”. Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirdi.

S.Fətəliyeva qeyd etdi ki, ötən dövr ərzində Türk Şurası çox səmərəli fəaliyyət göstərmişdir. Türk Şurasının VII Zirvə görüşünün Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf etdiyini bildirən S.Fətəliyeva 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın yeni formatının yaradıldığını diqqətə çatdırdı. Naxçıvanda qəbul edilən qərarların, həmçinin türk dövlətlərinin birgə işinin türk dünyasının birliyini daha da gücləndirdiyini vurğuladı.
Bakıda keçirilən Zirvə görüşünün Türk ­Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf etdiyini bildirən S.Fətəliyeva bu dövr ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırdı: “Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğuladı. Türkdilli xalqları bir-birinə tarixi, milli, dini və mədəni köklər bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də türkdilli dövlətlər bir-birini hər zaman fəal surətdə dəstəkləyirlər”.
Deputat dedi ki, zirvə görüşündə dövlət başçılarının münasibətlərin inkişafı ilə bağlı irəli sürdükləri təkliflərin gələcəkdə reallaşması türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək: “ VII Zirvə görüşündə Türk Şurasına sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi çox mühüm hadisədir. Ölkəmizin təşkilata uğurla sədrlik edəcəyinə heç bir şübhə ola bilməz. Bu platforma qloballaşan dünyada bütün türk dünyasının birliyi baxımından çox önəmlidir. Ona görə də gələcəkdə türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyinə böyük inam var”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

18 Oktyabr 2019 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə