Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: İslahatların alternativi yoxdur

Prezident İlham ƏLİYEV: İslahatların alternativi yoxdur

Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda, demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Dövlət başçımızın oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq müasir tariximizə xarici siyasətimizin yeni uğurları kimi yazıldı. Həmin tədbirlərin əks-sədası qulaqlardan getməmiş dövlət başçımızın yanında ölkənin daxili siyasətinin bir sıra məsələlərinə həsr olunmuş müşavirə keçirildi və Azərbaycan Prezidentinin müşavirədə nümayiş etdirdiyi qətiyyət ölkə əhalisini Soçidəki və ya Aşqabaddakı çıxışlardan heç də az məmnun etmədi.

2003-cü ilin payızından etibarən bütün çıxış və nitqlərində “Bizim siyasətimizin təməlində insan amili durur, ” – deyən Prezident İlham Əliyev oktyabrın 15-də bir daha bəyan etdi ki, “biz istənilən islahatı Azərbaycan vətəndaşlarının sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün aparırıq və bu islahatların altenativi yoxdur!”
Təbii ki, müşavirədə islahatların dönməz olacağı və heç bir qüvvənin bizi bu yoldan döndərə bilməyəcəyi və ya cəmiyyət həyatında baş verən bəzi mənfi tendensiyalar barədə deyilənlər xalqı daha çox məmnun etdi. Ancaq məni həmin tədbirdə eşitdiyim başqa bir məlumat daha çox maraqlandırdı. Belə ki, qaragüruhçular, ölkəmizin sürətli inkişafını gözü götürməyənlər vay-şivən qaldırırdılar ki, guya Azərbaycanın xarici borcları təhlükəli səviyyədədir. Ancaq dövlət başçımız müşavirədə xatırlatdı ki, bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir -- ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir: “Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması, əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.
İndi informasiya texnologiyaları o qədər inkişaf edib ki, istənilən ortabab savadlı adam dünyanın hər hansı bir ölkəsində maaşların artırılmasından və ya əhalinin pul gəlirlərinin çoxalmasından dərhal sonra inflyasiyanın tüğyan etdiyini yaxşı bilir. Ancaq Azərbaycanda həmin tendensiya yoxdur. Təkcə bu ilin əvvəlindən bəri atılan addımlar nəticəsində -- bu il çox böyük əhəmiyyəti olan iki sosial paket reallaşdı – 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Amma ölkədə inflyasiya cəmi 2 faizdir. Dövlət başçımız xatırlatdı ki, əhalinin rifah halının yaxşılaşdırılması üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu: “Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir”.

 

Ölkə əhalisini xüsusilə məmnun edən məqamlardan biri də dövlət başçımızın müşavirədə tənqidi fikirlər səsləndirməsi, neqativ halların olduğunu etiraf etməsi idi. Prezident narahatlıqla dilə gətirdi ki, bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər: “Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır”.
Yeri gəlmişkən, ölkənin bugünü və ya sabahı üçün heç bir iş görməyənlər, ancaq tribunalardan danışmağı bacaranlar deyirlər ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Həmin məqamı çox incəliklə qiymətləndirən Prezident dedi: “Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm”.
Müşavirədə xüsusilə vurğulandı ki, əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bildirildi ki, Azərbaycanda iqtisadi sahədə ­islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Prezidentin Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşləri belə deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir.
Ancaq çox təəssüf ki, ölkə daxilindəki bəzi şəxslər islahatların aparılmasından narazılıq edirlər. Hətta bu prosesə mane olmaq cəhdləri də vardır. Prezident həmin faktı da gizlətmədi: “Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir...
Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin”.
Müşavirədə mətbuat təmsilçilərinin ünvanına da çox ciddi tənqidi fikirlər səsləndirildi. Əminliklə deyə bilərik ki, cənab Prezidentin həmin iradları ölkə mətbuatının da mənfi təzahürlərdən təmizlənməsi prosesini sürətləndirəcək. Prezident açıq şəkldə dedi ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda: “Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik”. 
Bəli, əsas vəzifə ölkədə iqtisadi artıma nail olmaq və islahatları davam etdirməkdir. Bu fikirlər Prezidentin yanında keçirilən iqtisadi müşavirədə dəfələrlə səsləndirildi və dərhal da xalqın böyük əksəriyyətinin dəstəyini qazandı.

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

18 Oktyabr 2019 22:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə