Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İrimiqyaslı yol tikinti layihələri uğurla həyata keçirilir

İrimiqyaslı yol tikinti layihələri uğurla həyata keçirilir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkə iqtisadiyyatının dayanıqlığının təmin edilməsi, onun neftdən və qazdan asılılığının daha da azaldılması, qeyri-neft sektorunun inkişafı məqsədilə ardıcıl tədbirlər davam etdirilir. İqtisadi və maliyyə sektorlarında maksimum şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılır. Şübhəsiz ki, bütün bunlar ölkə həyatının bütün istiqamətlərində, o cümlədən, yol təsərrüfatında köklü islahatların aparılmasını sürətləndirir. 

Burada vurğulamaq yerinə düşər ki, son 16 ildə dövlətimizin başçısının düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində bu sahədə qazanılan uğurlar daha da möhkəmləndirilib, avtomobil magistrallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkəsinin bərpasına xüsusi önəm verilib. Bu isə ölkədə sərnişin və yükdaşımaların keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyatın inkişafını sürətləndirib, turizm potensialından səmərəli istifadəni şərtləndirib.
Yuxarıdakı fikrin təsdiqi olaraq, ötən müddətdə yol təsərrüfatında baş verən mühüm dəyişikliklərin, əldə edilən nailiyyətlərin qısa mənzərəsinə diqqət yetirmək istərdim. Əvvəlcə xatırladım ki, cənab İlham Əliyevin iqtisadi siyasətində ölkədə yol infrastrukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılıb. Dövlət başçısının rəhbərliyi ilə bu sahədə idarəetmənin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verilib, magistral yolların beynəlxalq standartlara uyğun yenidən qurulması, istismarı, tikintisi və təmiri, eyni zamanda, qorunması, təhlükəsizliyi, habelə ətrafının yaşıllaşdırılması istiqamətində ciddi tədbirlər gerçəkləşdirilib. 
Prezident İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən bildirib: “Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir. Bu il də istisna deyil. Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir. Belə də davam edin. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir”.
Dövlətimizin başçısı, həmçinin cari ilin investisiya proqramında magistral, şəhərlərarası, kəndlərarası və kənd yollarının tikintisi üçün kifayət qədər vəsait ayrıldığını da diqqətə çatdırıb. Bildirib ki, üç qonşu ölkə ilə magistral yolların çəkilişi, demək olar ki, başa çatdırılıb. Hazırda Rusiya sərhədinə qədər yeni yol çəkilir. Eyni zamanda, Gürcüstan istiqamətinə -- Gəncədən sərhədə qədər ikizolaqlı yol dördzolağa çevrilir. İran sərhədinə qədər yolun bir hissəsinin çəkilişi isə hələ qalıb, əsas yol çəkilib, məsafə də qısalıb. Bu da çox önəmli layihədir.
Prezident İlham Əliyev daha sonra Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yollarının təmir olunmasının, yeni yolların çəkilməsinin zəruriliyini diqqətə çatdırıb. Dövlət başçısı, həmçinin bəzi yerlərdə hələ də torpaq yolların mövcud olduğunu qeyd edərək, vurğulayıb ki, belə yollar olmamalı, qəsəbədaxili yollara asfalt vurulmalıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə ölkə rəhbərinə məlumat verib. Bildirib ki, bu ilin investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu vəsait hesabına ilin sonuna qədər 1122 kilometr yeni avtomobil yolu salınacaq. Bölgələrdə nəzərdə tutulan yolların tikintisi də başa çatdırılacaq. Bu yollardan biri Qaxda “M-5” magistral yolundan İlisu kəndinə qədər uzunluğu 33,5 kilometr olan avtomobil yolunun tikintisidir ki, artıq orada işlər başa çatıb.
Xınalığa çəkilən 31 kilometrlik yeni yolun isə artıq 10 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır. Bundan əlavə, Xınalığa gedən yolun başlanğıcı olan, Quba–Qusar yolundan ayrılan asfalt-beton örtüklü 24 kilometrlik Alpan-Susay yolu da istismara tam hazırdır. O yol üzərində iki körpü tikilib və tam hazır vəziyyətdədir.
Uzunluğu 50,3 kilometr olan Qonaqkənd yolunun çəkilişi də uğurla aparılır. Yolun ikiqat asfalt-beton örtüklü 40 kilometrlik hissəsi tam hazırdır, üzərində artıq 7 körpü tikilib. Sonuncu körpü Vəlvələçay çayının üzərində salınıb. İllər boyu orada körpü olmayıb. Çay daşanda insanlar günlərlə, həftələrlə gözləməli olublar. Bu gün 120 metr uzunluğunda, 11 metr enində altı aşırımlı körpü tikilib, istismara tam hazır vəziyyətdədir. 
Saleh Məmmədov daha sonra deyib: “Möhtərəm cənab Prezident, Sizin tövsiyə və tapşırığınıza əsasən, hələ 2018-ci ildə Bakıdan Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişi qərara alındı. Biz ilkin layihələndirməyə uyğun olaraq, Bakı–Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, yəni, Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığından Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişinə başladıq. Bu gün yeni yolun 45-ci kilometrdən Giləziyədək - 75-ci kilometrə qədər olan hissəsinin asfalt-beton örtüyü ikiqat olmaqla tikinti işləri yerinə yetirilmişdir. Həmin yolun üzərində bir yol qovşağı tikilmişdir. Ümumi götürəndə, Rusiya sərhədindən isə Bakıya tərəfə olan istiqamətdə 38 kilometr yol asfaltlanmışdır. Yol yatağı 92 kilometr hissədə tam tikilmişdir. Nəzərə alınmışdır ki, 2020-ci ilin sonuna qədər biz bu yolu istismara təhvil verəcəyik. Sizin tapşırığınıza əsasən o yolda eyni səviyyədə kəsişən heç bir yol qovşağı olmayacaq. Yəni, beş yerdə müxtəlif səviyyəli yol qovşağı olacaq ki, yeni yolu rayon mərkəzləri ilə birləşdirsin”.
S.Məmmədov dövlət başçısına məlumatında Gəncə–Gürcüstan yolunun 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil veriləcəyini, İran sərhədinədək uzanan yolun çəkilişinin də diqqət mərkəzində saxlanıldığını vurğulayıb. 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri ölkə rəhbərinə qəsəbədaxili yollar barədə də məlumat verib: “Möhtərəm cənab Prezident, Sizin birbaşa göstərişiniz və qayğınız nəticəsində bu il Bakının qəsəbələrində 242 kilometr daxili yollar asfaltlanaraq tam istifadəyə verilib. İndi həmin qəsəbələrin əhalisi çox rahat yollardan istifadə edirlər. Bundan əlavə, ilin sonunadək qəsəbələrdə daha 57 kilometr yolun çəkilişi başa çatdırılacaq. Yəni, biz Sizin tövsiyənizlə qəsəbədaxili müasir yolların uzunluğunu bu il təqribən 300 kilometrə çatdıracağıq. Buna da Sizin tərəfinizdən vəsait ayrılmışdır. Biz çalışırıq ki, ayrılmış vəsait hesabına həmin yolların çəkilişini yüksək səviyyədə başa çatdıraq”.
Bütün bu sadalananlar onu göstərir ki, son 16 ildə ölkə rəhbəri avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına, habelə yenidən qurulmasına xüsusi diqqət yetirməklə bərabər, şəhər və rayonlarda yeni avtomobil yollarının salınmasını, nəqliyyat qovşaqlarının, körpülərin tikintisini daha da sürətləndirməyi qarşıya mühüm vəzifə kimi qoyub. 
Dövlət başçısı çıxışlarının birində deyib: “Yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük əhəmiyyəti var”.
Bu baxımdan cari ilin doqquz ayında yol infrastrukturunun müasirləşdirilməsi prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılıb, qeyd etdiyimiz kimi, bir sıra önəmli layihələr gerçəkləşdirilib. 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

18 Oktyabr 2019 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə