Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İstiqlaldan hürriyətə“ adlı tədbir keçirilib

“İstiqlaldan hürriyətə“ adlı tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci  ildönümü və Əhməd bəy Ağoğlunun 150 illiyi münasibətilə  tədbir keçirilib. ATMU-nun rektoru İlham Mədətov ümummillı lider Heydər Əliyevin müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir fikrini diqqətə çatdırıb.

Rektor Azərbaycanın bir əsrdə iki dəfə müstəqil, suveren dövlətini yaratmaq imkanından, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətindən və süqutundan söz açıb. Bildirib ki, xalqımız 70 il sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulu ilə  həsrətində olduğu azadlığına qovuşub. O, ölkəmizin taleyində şərəfli günlərdən biri olan 18 oktyabr 1991- ci ilə qədər və ondan sonrakı dönəmləri şərh edib.

Universitetin professoru Məhərrəm Zülfüqarlı “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağoğlunun istiqlal və hürriyət uğrunda mübarizəsi” adlı məruzəsində diqqətə çatdırıb ki, Şuşada zadəgan ailəsində doğulan Əhməd bəy ərəb, fars, rus, yunan, latın, ingilis, alman, fransız dillərini mükəmməl bilirdi. O, birinci Tiflis gimnaziyasını (1885), "Kollec de Frans" və Siyasi Biliklər Məktəbini (1885-94), Sorbonna (Sorbon) universitetini bitirib. Avropada islamşünas alim kimi tanınıb, London konqresində "Şiə məzhəbinin mənbələri" adlı məruzə ilə çıxış edib. Əhməd bəy 1898-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti ilə çap olunan "Kaspi" (Əlimərdan bəy Topçubaşovla birlikdə), 1905-ci ildə "Həyat" (Əli bəy Hüseynzadə ilə birlikdə), sonralar "İrşad" və 1908-ci ilin iyulundan milyonçu Murtuza Muxtarovun vəsaiti ilə işıq üzü görən"Tərəqqi"adlı qəzetlərin redaktoru kimi fəaliyyət göstərib. Qeyd olunub ki, Əhməd bəy Ağaoğlu Azərbaycan parlamentinin sədrinin müavini kimi 1919-cu ildə Versal Sülh Konfransında iştirak etmək üçün Parisə ezam olunub, lakin "gənc türklər" təşkilatının üzvü kimi yolda həbs edilərək Malta adasına sürgünə göndərilib. Ankara Universitetinin professoru olan Əhməd bəy Ağaoğlu sürgün həyatından sonra elmi-siyasi, ədəbi-bədii və tarixi mövzulu əsərləri qələmə alıb.

ATMU-nun ictimai fənlər kafedrasının müəllimi Bünyamin Qənbərov, tələbə Əlisa Muradov və digərləri çıxışlarında “ATMU olaraq hər zaman müstəqilliyimizin möhkəmlənməsinə  töhfə verəcəyik” fikrini vurğulayılar.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

19 Oktyabr 2019 10:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə