Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNESKO-nun baş qərargahında Nəsiminin 650 illik yubileyi qeyd edildi

UNESKO-nun baş qərargahında Nəsiminin 650 illik yubileyi qeyd edildi

UNESKO-nun Parisdə yerləşən baş qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri keçirilib.

Mədəniyyət Nazirliyindən bildiriblər ki, tədbiri giriş sözü ilə açan ölkəmizin UNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "Nəsimi ili" elan edildiyini bildirib və bu münasibətlə ölkəmizdə yüksək səviyyədə keçirilən müxtəlif tədbirlər haqqında ətraflı məlumat verib.

UNESKO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone öz çıxışında Nəsimi yaradıcılığına toxunaraq onun humanist dəyərlərin inkişafına əhəmiyyətli təsir göstərməsindən söz açıb. Qeyd edilib ki, anım tədbirləri UNESKO-nun qarşılıqlı anlaşma, dözümlülük və sülh mədəniyyətinin təbliği missiyasına öz töhfəsini verəcək.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda  Məmmədəliyeva  çıxışında 2017-ci ildə UNESKO-nun baş qərargahında Nəsiminin ölümünün 600 illiyi münasibəti ilə təşkil edilən anım tədbirini xatırladıb. Nəsimi irsindən geniş bəhs edən nazir müavini ölkəmizdə və onun hüdudlarından kənarda şair-filosofun həyat və yaradıcılığına dair aparılan elmi-tədqiqat işlərindən, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalından danışıb. 

Nazir müavini sevgi və mənəviyyat şairi kimi Nəsiminin Azərbaycan dilinin formalaşmasında, Şərqdə humanizm ideyalarının təşəkkülündə, ədəbiyyatda kamil insan obrazının yaradılmasında, poetik ənənələrin inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında qonaqları məlumatlandırıb.

Sonra Azərbaycan incəsənət nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri konsert-tamaşa nümayiş olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Oktyabr 2019 12:12 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə