Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qisas almadan ölmə...” filmi Stokholmda

“Qisas almadan ölmə...”  filmi Stokholmda

Görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mir Qasımın “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi Stokholmda nümayiş olunub.

Azərbaycanın İsveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə rəsmilər, Stokholmda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə çıxış edərək film haqqında məlumat verib.

Filmin ideyasından söz açan G.Rüstəmzadə böyük rus yazıçısı F.Dostoyevskinin “Dünyanı gözəllik xilas edəcək” fikrini xatırladaraq deyib: “Bu məsələyə rejissorun prizmasından baxsanız, qarşılıqlı hörmətə əsaslanan bəşəri dəyərlərin, o cümlədən insanlar arasında səmimi və mehriban münasibətlərin dünyanı xilas edəcəyi məlum olur”.

Sonra çıxış edən Xalq artisti, kinorejissor Oqtay Mirqasımov tədbirin keçirilməsinə dəstək göstərmiş Azərbaycan Xarici İşlər Nazirliyinə və ölkəmizin İsveçdəki səfirliyinə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, ekran əsərində XIX əsrin əvvəllərində Qafqazda məskunlaşmış və Böyük Vətən müharibəsi zamanı Stalinin əmri ilə Azərbaycandan deportasiya edilmiş alman icması üzvlərinin acı taleyi fonunda baş verən hadisələr haqqında danışılır.

“Azərbaycanlılar və almanlar arasında münasibətlər qədimdən mənim ailəmdə maraq doğuran mövzu olub. Ona görə də bu film mənim üçün çox əzizdir. Qəribə olsa da, film mənim şəxsi etiraflarım üzərində qurulub, etiraf demək olmasa da, etirafımın əks-sədasıdır”, - deyə rejissor bildirib.

Sonra “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi nümayiş olunub. Film böyük maraqla izlənilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Oktyabr 2019 11:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə