Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır

Prezident İlham ƏLİYEV: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır

Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik.

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Son 16 ildə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb.

Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər gerçəkləşdirilib.

Oktyabrın 15-də Azərbaycan ­Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bu barədə ətraflı bəhs edilib. Dövlətimizin başçısı nitqində diqqəti cari ilin doqquz ayı ərzində əldə edilən sosial-iqtisadi göstəricilərə yönəldərək bildirib ki, hesabat dövründə iqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir: “Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”.

Bu ilin  doqquz ayının ­sosial-iqtisadi göstəriciləri:

* Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur.

* Qeyri-neft sənayesi 15 faizdən çox artıb.

* Kənd təsərrüfatı 7 faizdən çox artıb.

* Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir.

* “Doing Business” hesabatına görə,  Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb.

* Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 130 milyon manat güzəştli şərtlərlə kreditlər verilib.

* Minimum əmək pensiyası 200 manata çatdırılıb ki,   bununla da ölkəmiz MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdə qərarlaşıb.

Azərbaycan Prezidenti çıxışında qeyri-neft sənayesində də  yüksək göstəricilərin mövcudluğunu xatırladıb. Bu sektorda 15 faizdən çox artımın qeydə alınmasını dünya miqyasında rekord göstərici adlandırıb. Belə bir müsbət, uğurlu dinamikanı isə haqlı olaraq son illərdə aparılan islahatlarla, xüsusilə sözügedən sahənin inkişafı ilə əlaqələndirib.  

Dövlətimizin başçısı müşavirədə kənd təsərrüfatının inkişafının prioritet sahə kimi müəyyənləşdirildiyini, son illərdə bu sektora böyük həcmdə investisiya qoyulduğunu, nəticənin də sevindirici olduğunu – doqquz ayda 7 faizdən çox artım əldə edildiyini, inflyasiyanın isə çox aşağı səviyyədə – 2 faizdən bir qədər çox həddə qərarlaşdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev daha sonra deyib: “Digər iqtisadi göstəricilərimiz də çox müsbətdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir – ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.

Dövlətimizin başçısı nitqində minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycanın bu gün MDB məkanında birinci yerdə olduğunu vurğulayıb. Eyni zamanda, qeyd edib ki, respublikamız orta aylıq pensiyanın həcminə görə üçüncü yerdədir. Ölkə rəhbərinin fikrincə, bu, qaneedici sayıla bilməz. Çünki minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün böyük potensial var. Bunun reallaşdırılması üçün isə, ilk növbədə, bütün maliyyə və iqtisadi sahədə şəffaflıq tam təmin edilməlidir. Hazırda kifayət qədər ehtiyatlar var və hökumət qarşısında bu ehtiyatların aşkarlanaraq həm büdcə gəlirlərinin artırılmasında, həm də büdcə xərclərinin məqsədyönlü və şəffaf olmasında istifadə olunması qarşıya mühüm vəzifə kimi qoyulub.

Prezident İlham Əliyev nitqində diqqəti bir sıra nöqsanlara da yönəldib: “Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var. Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır”.

Dövlətimizin başçısı vergi, habelə hüquq-mühafizə orqanlarına belə bir mövqe tutan sahibkarlara qarşı çox ciddi tədbirlər görülməsinin, bütün qurumların fəaliyyətlərində  maksimum şəffaflığa, dürüstlüyə əməl olunmasının, rüşvətxorluğa, korrupsiyaya son qoyulmasının zəruriliyini xatırladıb. Sahibkarların dövlət vergisini tam şəkildə ödəmələrinin vacibliyini diqqətə çatdırıb: “Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir.

Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm”.

Prezident İlham Əliyev müşavirədə qeyd edib ki, bu gün əsas vəzifə iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyəti yüksək qiymətləndirirlər.

Həqiqətən də, əldə edilən makroiqtisadi göstəricilərin təhlili də göstərir ki, iqtisadi islahatlar müsbət meyillərin getdikcə güclənməsində önəmli rol oynayır. Bu meyillər sosial-iqtisadi sabitliyin təmin olunması, iqtisadi islahatların sistemli şəkildə aparılması, xarici investisiya qoyuluşlarının həcminin artması, tələb olunan miqdarda əcnəbilərə məxsus müəssisələrin yaradılması və s. amillərlə əlaqədardır.

Yeni mərhələnin əsas vəzifəsi isə milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqdan, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiqlədiyi iqtisadi siyasət sənədlərində bu vəzifənin reallaşması üçün yerinə yetirilməsi zəruri olan tədbirlər müəyyənləşdirilib. Bunlara ölkənin mövcud iqtisadi potensialının gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun potensialından tam və səmərəli yararlanılması, habelə onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi məsələləri aid etmək olar.

Yeni iqtisadi modelə transformasiya zamanı mikro, kiçik və orta sahibkarlığın meyarları yenilənib, “Yaşıl dəhliz”in qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparılıb, həmçinin yeni sənaye, aqro və texnoparklar, həmçinin sənaye məhəllələrinin yaradılmasına başlanılıb.

Vergi və gömrük islahatlarında sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması əsas vəzifələr kimi qarşıya qoyulub.

Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi olub. Bundan başqa, 2017-ci il və 2018-ci ilin ilk dörd ayında təkcə “Doing Business” hesabatı üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri reallaşdırılıb. “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlib. Dövlətimizin başçısı müşavirədə bununla bağlı deyib: “Doing Business” hesabatında Azərbaycan biznes mühitinə görə dünya miqyasında 25-ci yerdədir. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Hesabatdan bəzi məqamları mən Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Bildiyiniz kimi, burada rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar mövcuddur, həm ictimai-siyasi vəziyyət, həm də cinayətkarlığa qarşı mübarizə, iqtisadi islahatlar, sosial islahatlar, infrastruktur və sair.

Beləliklə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Deyə bilərəm ki, bu hesabat dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanıb dərc edilmişdir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir. Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni, bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik”.

Prezident İlham Əliyev müşavirədə qarşıda duran vəzifələr barədə də danışıb. Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmasının,  vətəndaşların ictimai nəzarət baxımından daha da fəal olmalarının, “qara mühasibatlığın” aradan qaldırılmasının, xarici dövlət borcumuzun ildən-ilə azaldılmasının zəruriliyindən bəhs edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

18 Oktyabr 2019 11:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə