Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan ilə sıx əməkdaşlıq edəcəyik”

“Azərbaycan ilə sıx əməkdaşlıq edəcəyik”

“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə görüşündə iştirakı barədə məqalə dərc edilib.
“Macarıstan Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Şurasının) üzvü olan ölkələr üçün Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsində əməliyyat meydanı ola bilər”. Türk Şurasının bu günlərdə Bakıda keçirilmiş Zirvə görüşündə Macarıstan Baş Naziri Viktor Orbanın söylədiyi bu sözlər Macarıstanda çıxan ingilisdilli “Daily News Hungary” nəşrində dərc olunmuş məqalədə sitat gətirilib. 
AZƏRTAC-ın materiallarından istifadə edilməklə hazırlanmış məqalədə Baş Nazir Viktor Orbanın Bakıdakı bəyanatından aşağıdakı hissə xüsusi vurğulanır: “Macarıstan Avropa Komissiyasının yeni tərkibində genişlənmə və qonşuluq siyasəti portfelinə sahib olmaq uğrunda mübarizə aparır”. Bu mübarizənin “ağır döyüş” olacağını etiraf edən Baş Nazir Macarıstanın şansının pis olmadığını söyləyib. 
Macarıstan hökumətinin başçısı deyib: “Əgər biz uğur qazansaq, Şərq Tərəfdaşlığı və Türkiyənin Aİ-də üzvlüyü barədə danışıqlar çərçivəsində Azərbaycan ilə sıx əməkdaşlıq edəcəyik”. 
Orban bildirib ki, ­Macarıstanın Eksimbankı Türk Şurasının üzvü olan dövlətlər üçün kredit xətti açıb. O, daha sonra vurğulayıb ki, Türk Şurasının üzvü olan dövlətlərlə Macarıstan arasında ticarətin həcmi iki dəfə artaraq 4 milyard ABŞ dollarına çatıb. Orban onu da qeyd edib ki, sentyabr ayında Budapeştdə Türk Şurasının Avropa nümayəndəliyi açılıb. 
Macarıstan hazırda Türk Şurası ölkələrindən olan gənclər üçün 700-dən çox təqaüd verir. Arayış üçün bildirək ki, Türk Şurasının üzvləri, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandır. Bakıda keçirilən Zirvə görüşündə Özbəkistan da bu təşkilatın tamhüquqlu üzvü olub. Macarıstan isə 2018-ci ildən şurada müşahidəçi statusuna malikdir. 

 

Pərvanə Qarayeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

18 Oktyabr 2019 11:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə