Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın xarici dövlət borcu azalmaqda davam edir

Azərbaycanın xarici dövlət borcu azalmaqda davam edir

Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısının nitqindəki bir məqama xüsusi diqqət yetirmək istərdim. Bu, hökumətin dövlət borcu idarəçiliyi strategiyasının uğurla reallaşdırılması ilə bağlıdır. Xatırladım ki, ölkə rəhbəri dövlət borcunun idarə edilməsində səmərəliliyə nail olunmasına hər zaman mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir.

Prezident İlham Əliyev iqtisadi müşavirədə bu barədə deyib: “Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir – ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.
Yeri gəlmişkən, xarici dövlət borcumuzun aşağı səviyyədə olması üçün reallaşdırılan bəzi tədbirlərə də nəzər salmaq istərdim. Belə ki, ötən il avqustun 24-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Həmin strategiyanın əsas məqsədi qlobal iqtisadiyyatda, habelə maliyyə bazarında baş verən proseslər fonunda ölkənin maliyyə dayanıqlılığının daha da gücləndirilməsinə, dövlət borcalmalarında səmərəliliyin artırılmasına, qarşıda duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin səmərəli idarə edilməsi, eyni zamanda, nəzarət mexanizminin təkmilləşdirilməsinə nail olmaqdır. 
Sənəd ortamüddətli və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək dövlət borcalmaları sahəsində yeni strategiya və tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan ibarətdir. Strategiyada müəyyənləşdirilən vəzifələri reallaşdırmaq üçün 3 strateji məqsədin və 5 prioritet tədbirin həyata keçirilməsi nəzərdə tutulub.
Strategiyada əsas məqsəd kimi həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlılığını təmin etmək planlaşdırılır. Bunun üçün 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi qərarlaşdırılıb. 
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, yuxarıda vurğulandığı kimi, bu gün Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir. 
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb olunan kreditlər üzrə şərti öhdəliklər daxildir. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün alınan kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilən qiymətli kağızlardan ibarətdir.
Sözügedən borcun ildən-ilə azalmasını ifadə edən bir müqayisə də aparmaq istərdim. Belə ki, ötən ilin birinci yarısında Azәrbaycanın xarici dövlәt borcu 9,600.2 milyon ABŞ dolları, xarici dövlәt borcunun ümumi daxili mәhsula (ÜDM) olan nisbәti 21,9 faiz (2018-ci il üçün hesablanmış 74,646.9 milyon manatlıq ÜDM-ә nisbәtdә) tәşkil edib.Beləliklə, son 1 ildə xarici borc 680 milyon dollar, ÜDM-ə nisbətdə isə 3,8 faiz-bənd azalıb. Təbii ki, bu, müsbət tendensiyadır və hökumətin xarici borclarla bağlı yeni strategiyasına uyğundur. 
Ötən il “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və yeni büdcə qaydası təsdiq edilib. Həmin vaxtdan etibarən dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiyanın icrasına başlanılıb və görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəki 22,8 faizdən 17 faizə enib. 

 

Vəkil HÜSEYNOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru

 

 

18 Oktyabr 2019 11:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə