Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir

Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
Heydər Əliyev
Ümummilli lider


Azərbaycan öz dövlət müstəqilliyinin bərpa olunmasının 28-ci ildönümünü qeyd edir. Bu illər ərzində ölkəmiz daxili və xarici siyasət sahəsində böyük uğurlara imza atmışdır. Dövlət müstəqilliyi – bu fundamental milli dəyər hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir. Xalqımız keçmişin bütün buxovlarından azad olduqdan sonra milli-mənəvi dəyərlərin bərpasına yeni zəmin yarandı. Milli-azadlıq mübarizəsi dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması xalqımızın milli dövlətçilik dəyərlərinə sadiqliyinin nümunəsidir.

Müasir Azərbaycanın siyasi müstəqilliyinin bünövrəsi olan iqtisadi müstəqilliyimizin dayaqları hələ keçən əsrdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu böyük şəxsiyyət 1969-1982-ci illərdə respublikaya rəhbərlik edərkən sovet rejiminin sərt qadağalarına baxmayaraq, müstəqil iqtisadiyyatın formalaşması üçün səylə çalışmışdır. Təkcə belə bir faktı xatırlatmaq yerinə düşərdi ki, Heydər Əliyev hakimiyyətə gəlməmişdən öncə, ötən əsrin 60-cı illərində Azərbaycan üzrə iqtisadi göstəricilər orta İttifaq səviyyəsi ilə müqayisədə adambaşına düşən məcmu ictimai məhsul istehsalı həcminin 75,8%-i, milli gəlir istehsalının 74,0%-i, sənaye məhsulu istehsalının 75,8%-i, kənd təsərrüfatı məhsulu istehsalının 68,7%-i, fəhlə və qulluqçuların orta aylıq əməkhaqqının 95,5%-i, pərakəndə ticarət dövriyyəsinin 69,2%-i səviyyəsində idi.
Müstəqil Azərbaycan iqtisadiyyatının müasir dayaqları, məhz 1969–1982-ci illərdə qoyulmağa başlamış və böyük uğurlar əldə edilmişdir. Belə ki, həmin dövrdə milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 2,3 dəfə artmışdır. Bu dövrün müstəqil iqtisadiyyat yaradılmasına köklənmiş ən xarakterik cəhətlərindən biri kimi respublikada 243 yeni iri sənaye müəssisəsinin tikilib istifadəyə verilməsini, iqtisadiyyata 813 min nəfər əlavə işçi qüvvəsi cəlb olunmasını, təkcə sənayedə əsas istehsal fondlarının 2,3 dəfə artırılmasını göstərmək olar. Qeyd edilən illər ərzində sənaye istehsalının həcmi 1920–1970-ci illərlə müqayisədə 2 dəfə, elmi-texniki tərəqqini müəyyənləşdirən əsas sahələrdə isə 2,4 dəfə artmışdı.
Ötən əsrin sonunda yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, onu inkişaf etdirməyi özünün əsas vəzifəsi hesab edən, dövlətçilik ənənələrini əldə rəhbər tutan ulu öndər Heydər Əliyev respublikamızda dövlət quruculuğunun və dövlətçiliyin inkişafının təməl prinsiplərinin əsasını yaratmışdır. Bu istiqamətdə həyata keçirilən iqtisadi islahatlar və strategiya nəticəsində ölkədə iqtisadi tənəzzülün qarşısı alınmış və ictimai-siyasi sabitliyi təmin etmək mümkün olmuşdur. 
Heydər Əliyevin dövlətçilik strategiyası ölkənin tarixi-iqtisadi xüsusiyyətlərini, geosiyasi şəraiti, milli mənafeyi, müasir dövrün tələblərini əsas tutaraq fəaliyyətin prioritet istiqamətlərini özündə əks etdirir. Makroiqtisadi sabitləşmə, bütün sahələrdə islahatların həyata keçirilməsi, beynəlxalq inteqrasiya proseslərinə fəal surətdə qoşulma, ölkənin geosiyasi və geoiqtisadi mövqelərinin möhkəmləndirilməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq maliyyə kredit təşkilatları ilə əlaqələrin təkmilləşdirilməsi kimi vacib və zəruri məsələlər ölkənin dövlətçilik strategiyasında xüsusi yer tuturdu. 
Azərbaycan iqtidarının formalaşdırdığı və reallaşdırdığı makroiqtisadi sabitləşmə siyasətinin xarakterik cəhətləri çoxsaylı və çoxşaxəlidir. Bunlardan birincisi ondan ibarətdir ki, ulu öndər bu sabitliyin təmin edilməsinin əsasını neft siyasətində, onun bazasında reallaşdırılan xarici investisiya siyasətində görürdü. Bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyət və Heydər Əliyevin titanik səyləri sayəsində 1994-cü il sentyabrın 20-də bağlanmış “Əsrin müqaviləsi” ölkəmizin taleyində həlledici rol oynadı. Bu müqavilənin reallaşdırılması nəticəsində dünyanın ən tanınmış şirkətləri Azərbaycana cəlb edildilər. Onların respublikamızla birgə fəaliyyətdə olduqları son 25 il ərzində iqtisadiyyata 125 milyard dollar həcmində xarici investisiya qoyuldu. Həmin dövr ərzində iqtisadiyyata qoyulan daxili investisiyaların da həcmi təqribən xarici investisiyaların həcmi qədər olmuşdur.
Aparılan təhlillərdən belə nəticəyə gəlmək olar ki, ulu öndər tərəfindən aparılan köklü islahatlar nəticəsində iqtisadiyyat yenidən qurulmuş yeni iqtisadi sistemə transformasiya sürətlə getmiş, ölkənin geosiyasi və geoiqtisadi mövqeyi möhkəmlənmiş, ümumbəşəri dəyərlərdən bəhrələnərək idarəetmə modellərinin müsbət meyilləri əsasında iqtisadiyyatın sahələri inkişaf etdirilmiş və nəticədə Heydər Əliyev tərəfindən milli dayanıqlı və davamlı iqtisadi inkişaf modeli formalaşdırılmışdır.
2003-cü ildən başlayaraq ümummilli liderin davamlı iqtisadi inkişaf modeli Heydər Əliyev məktəbinin istedadlı yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla inkişaf etdirilir.
Daxili və xarici siyasət sahəsində qazanılan uğurlara, həmçinin neft strategiyasının reallaşdırılması, ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsi sayəsində möhtəşəm nəticələrə görə cənab İlham Əliyev xalqın şəksiz liderinə çevrilmişdir. Onun birbaşa rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində 2003-cü ildən bu günədək ölkə iqtisadiyyatı real ifadədə 3,2 dəfə artmışdır. Bu dünya miqyasında rekord göstəricidir. Həmin dövr ərzində ölkədə sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artmışdır. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. 
Prezident İlham Əliyevin siyasətinin ən uğurlu məqamlarından biri ­ondan ibarətdir ki, Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini durmadan möhkəmləndirir. Ölkəmiz Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeydə alınmış və o zaman 98-ci yerdə qərarlaşmışdı. Aparılan düzgün, məqsədyönlü, səmərəli islahatlar nəticəsində Azərbaycan 2018-ci ildə 25-ci yerə yüksəlmişdir. Azərbaycan “Doing Business – 2020” hesabatında islahatları inkişaf etdirən 20 ölkə sırasındadır. Bu hesabatın bloq yazısında qeyd edilir ki, Azərbaycan 4 əsas sahədə islahat aparıb: “Azərbaycan “Doing Business”də asanlıqla ölçülə bilən 4 biznes yumşaltması həyata keçirib. Onlar “əmlakın qeydiyyatı”, “azlıqda olan investorların hüquqlarının müdafiəsi”, “kreditlərin alınması” və “müqavilələrin icrasının təmin edilməsi” sahələridir”.
2003–2018-ci illər ərzində əhalinin məşğulluq problemləri uğurla həll olunmuş, 2 milyon yeni iş yeri yaradılmışdır. 
Ölkədə dayanıqlı, sabit inkişafı təmin etmək məqsədilə həyata keçirilən mühüm proqramlardan biri regionların sosial-iqtisadi inkişafının təmin edilməsi olmuşdur. Bu məqsədlə üç dövrü – 2004-2008, 2009-2013, 2014-2018- ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları” qəbul edilmiş və uğurla həyata keçirilmişdir. Hazırda yeni 2019–2023-cü illəri əhatə edən dördüncü proqramın icrasına start verilmişdir. 
Ölkəmizdə iqtisadi inkişaf dinamikasının təmin edilməsi məqsədilə həyata keçirilən ən mühüm tədbirlərdən biri də ailə biznesinə dəstəyin verilməsidir. Bu məqsədlə ölkədə Ailə Biznesinə Asan Dəstək – “ABAD” Mərkəzi yaradılmış və onun miqyası getdikcə böyüməkdədir. Bu fəaliyyət istiqaməti “ASAN” xidmətin bir qolu olmaqla əhali arasında çox yüksək məmnunluqla qarşılanır və geniş təşəkkül tapmışdır. İctimai həyatımızın bir şox sahələrinə aid olan xidmətlərin “ASAN”a verilməsi məhz bu layihənin Azərbaycan brendi olması və yüksək səviyyədə xidmətlərin göstərilməsi ilə bağlıdır. Hazırda ölkədə 15 “ASAN” mərkəzi fəaliyyət göstərir. Təkcə 2019-cu ildə yeni 5 “ASAN” mərkəzin fəaliyyətə başlaması planlaşdırılır.
Son illərdə sosial-mədəni tədbirlərin genişləndirilməsində Azərbaycanın birinci xanımı, ­Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti ­Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. İnsanlara sosial-mənəvi dəstək verilməsində, təhsil, mədəniyyət sahəsində uğurlar daha böyükdür. 
Hakimiyyətin düşünülmüş siyasəti nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən sabit və təhlükəsiz bir məkana çevrilmişdir. Azərbaycanda formalaşan və artıq beynəlxalq güclər tərəfindən də qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü ondadır ki, xalq onu bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü dövlətə çevrilmişdir. Məhz bunun nəticəsində Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müstəqil siyasət aparır və maraqlarını qoruya bilir. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi və siyasi islahatlar nəticəsində ölkəmiz dünyada gedən riskli proseslərdən özünü qoruya bilmiş, dünya böhranından sonra dinamik inkişafını davam etdirmişdir. Onun rəhbərliyi dövründə ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və etibarlı energetika sistemi yaradılmışdır. 
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadiyyatında başlanan canlanma nəticəsində yeni neft və neft-qaz müqavilələri imzalanmış, enerji ixracı marşrutları reallaşdırılmışdır. Bu sahədə “Bakı  –­Tbilisi – Ceyhan” neft kəməri xüsusi əhəmiyyətə malikdir. Əgər “Əsrin müqaviləsi” kimi nəhəng kontraktın imzalanması müstəqillik illərinin enerji tarixinin ilk əsas səhifəsini təşkil edirsə “Bakı – Tbilisi – Ceyhan”ın inşası bu tarixin yeni və şərəfli bir səhifəsidir. Bunun ardınca qaz ixracının əsas marşrutu olan Bakı – Tbilisi – Ərzurum (Cənubi Qafqaz) boru kəməri işə salınmışdır. Hazırda ölkəmizdən neft və qazın ixracını təmin edən 7 kəmər mövcuddur. 
Avropada ən iri infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sona çatır. Dörd layihədən ibarət olan bu meqalayihə artıq yekunlaşmaq mərhələsindədir. Dörd layihədən üçü istifadəyə verilib. Ötən il ­TANAP və Cənubi Qafqaz dəhlizinin açılışı olmuşdur. 
Ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan nəinki bölgədə, eləcə də Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilib. Bakı – Tbilisi – Qars dəmir yolunun işə salınması tarixi hadisədir. Bununla yanaşı Şimal – Cənub nəqliyyat dəhlizinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu gün Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı artmaqda davam edir. Bu səbəbdən də Azərbaycan Avrasiyada çox böyük strateji nəqliyyat mərkəzinə çevrilmişdir. Heç şübhəsiz, ölkə iqtisadiyyatının davamlı inkişaf modelinə transformasiya olunması, dayanıqlı və tarazlı inkişaf, makroiqtisadi sabitləşmə mexanizminin qurulması bu dövrün ən möhtəşəm uğurlarından biri kimi qeyd olunmalıdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi “Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır” ifadəsi çox möhtəşəm səslənir və opponentlərə qarşı ortaya qoyulan fundamental, təkzibedilməz bir reallıqdır. 
Beynəlxalq maliyyə institutları Azərbaycan iqtisadiyyatının 2019-cu və sonrakı illərdə iqtisadi vəziyyətinə dair yeni proqnozlarını açıqlayıb. Üç beynəlxalq maliyyə təşkilatı – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankının ekspertlərinin açıqladığı hesabatlarında Azərbaycan iqtisadiyyatının gələn il və yaxın ortamüddətli dövrdə dayanıqlılığının qorunub saxlanacağı, qeyri-neft iqtisadiyyatında inkişafın sürətlənəcəyinə dair nikbin proqnozlar öz əksini tapıb. Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə iqtisadi mərkəzinin təmsilçisi Hons Timmer bildirib ki, Azərbaycanda 2019–2020-ci illərdə ÜDM-in orta illik tempi 3% səviyyəsində proqnozlaşdırılır. Hesabata əsasən 2019-cu ildə ÜDM-in artımı 2,8%, 2020-ci ildə – 3,8%, 2021-ci ildə 3,7% təşkil edəcəkdir. 
Proqnozlara əsasən növbəti illərdə ölkədə iqtisadi artımın əsas mənbəyi qeyri-neft sektorudur. Həmin sektorun payı ÜDM-də 60 faizdən yüksək olacaq. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqlı olaraq qeyd edir ki, qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Bu tendensiya investisiyaların həcminin artmasına müsbət təsir edəcəkdir. Növbəti illərdə inflyasiya 4–6% civarında proqnozlaşdırılır. 
2019-cu ildə tədiyyə balansının yaxşılaşacağı, 2020-ci ildə isə ixracın daha da artması hesabına müsbət saldonun yüksələcəyi gözlənilir. 
Beynəlxalq Valyuta Fondunun “Qafqaz və Mərkəzi Asiya” üzrə regional iqtisadi proqnoz hesabatlarında bildirilir ki, 2019-cu ildə qeyri-neft sektoru üzrə artım 2,8%, 2020-ci ildə isə daha da çox olacaqdır. 
Həmin fondun məlumatlarına görə 2019-cu ildə Azərbaycanda həm yerli, həm də xarici investisiyaların qoyuluşu artacaq, maliyyə bazarındakı vəziyyət tədiyyə balansını yaxşılaşdıracaq, Mərkəzi Bankın strateji valyuta ehtiyatları artaraq 6-7 milyard dollara çatacaqdır. 
Real iqtisadi artıma və davamlı inkişafa köklənmiş bu proqnozlar, sözsüz ki, maliyyə sektorunun da davamlı inkişaf proqnozlarını şərtləndirir. Belə ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24484,0 mln.manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1316,0 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibinə qeyri-neft gəlirləri (10536,5 mln. manat) 43 faiz, neft gəlirləri (13847,5 mln. manat, o cümlədən, Dövlət Neft Fondundan transfert 11767,5 mln. manat) isə 57 faiz təşkil edəcəkdir. Qeyd edək ki, 2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1068,8 mln. manat və ya 11,3 faiz çoxdur. 2020-ci il dövlət büdcəsinin kəsirinin 1133,7 mln.manat olması planlaşdırılır ki, bu da carı ilin göstəricisindən 888,3 mln. manat və ya 43,9 faiz azdır. 
2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 25 mlrd. 617 mln.manat təşkil edəcək, 2019-cu illə müqayisədə bu göstərici 427,7 mln. manat çoxdur. Sosialyönümlü xərclər dövlət büdcəsinin 40,7%-ni təşkil edəcəkdir, bu da 2019-cu ilin analoji göstəricisindən 2662,2 mln. manat, yaxud 9 faiz çoxdur. Göstərək ki, əməkhaqlarının ödənilməsi 6723,4 mln. manat, pensiya və sosial müavinətlərin ödənilməsinə 3213,4 mln. manat, icbari tibbi sığortanın tətbiqinə 902,9 mln. manat xərclənəcəkdir. 
2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1133,7 mln. manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 888,3 mln. manat və ya 43,9 faiz azdır. Ənənəvi olaraq, kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, daxili borclanma, o cümlədən, qiymətli kağızların buraxılışı, özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı hesabına aparılacaqdır. Təqdirəlayiq haldır ki, ölkəmiz xarici dövlət borclarının ÜDM-in tərkibində tutduğu xüsusi çəkisinin az olması baxımından dünya ölkələri içərisində ilk onluqda qərarlaşmışdır. Bu da gələcək nəsillərin üzərinə artıq yük qoyulmaması üçün müsbət bir göstəricidir. 
Beləliklə, deyilənləri yekunlaşdıraraq, belə bir qənaətə gəlmək mümkündür ki, Azərbaycan hökumətinin yürütdüyü müasir iqtisadi siyasət düzgün və səmərəli həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətində daha böyük uğurlar qazanılması günümüzün reallığıdır. 

 

Əvəz Ələkbərov,
Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, BMT-nin sülh səfiri  

 

 

18 Oktyabr 2019 11:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə