Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk dövlətləri arasında əməkdaşlıq genişlənir

Türk dövlətləri arasında əməkdaşlıq genişlənir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  milli maraqlara əsaslanan siyasət, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu,  hücum diplomatiyası  ölkəmizi dünya birliyində söz sahibinə çevirib. Bir neçə gün əvvəl Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə dövlət başçımızın çıxışı, həmçinin digər ölkə liderlərinin səsləndirdikləri fikirlər də bunu təsdiqləyir.

Bu tədbir bir daha təsdiqlədi ki, türk dövlətləri  arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dedikləri də bundan xəbər verir: “Türk Şurasının 7-ci toplantısı ilə əlaqədar Bakıda olduq. İkili məsələlərlə bağlı görüşlər keçirdik. İndiyə qədər iki dövlət bir millət deyərdik. Bu gündən sonra beş dövlət bir millətik. Türkmənistanı da əlavə etdikdə, altı dövlətin bir milləti  olaraq bölgədə daha güclü ola biləcəyimizi söylədik”.
Xatırladım ki, ötən ay Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclası da  Bakıda keçirilib. Həmin tədbirdə  türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında dinamik surətdə inkişaf edən tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib, ölkələrimizin milli təhlükəsizliyinin etibarlı təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. 
Ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı da çıxışında bu məsələyə xüsusi önəm verdi.  Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçdiyini bildirən dövlətimizin başçısı  şuranın  ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı və Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndiyini önəmli hadisə kimi vurğuladı.  
Dövlətimizin başçısı ölkəmizin sürətli inkişafı barədə də məlumat verdi. Zirvə görüşünün iştirakçılarına bir daha bəlli oldu ki, Azərbaycanda geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb.  Düzgün müəyyənləşdirilmiş siyasi kursun nəticəsidir ki, bu gün Azərbaycan dünyada ən islahatçı 20 ölkə sırasında yer alıb. Bununla yanaşı, respublikamız etibarlı tranzit ölkəsi olaraq türkdilli dövlətlərin dünya bazarlarına çıxışı üçün səylərini  artırır. 
Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. 2019-cu ilin doqquz ayında Azərbaycana 2 milyon 400 min turistin səfər etməsi ölkəmizə olan marağın getdikcə artmasının nəticəsidir. 
Ermənistanın müsəlman dövlətləri ilə əməkdaşlığa can atmasına  etirazını bildirən  Prezident İlham Əliyevin  “Müsəlmanlar üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz” – fikri işğalçı ölkə rəhbərliyinin planlarını alt-üst etdi.  Türk dövlətləri bütün sahələrdə, xüsusilə  Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər zaman Azərbaycanın mövqeyini müdafiə edirlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında  dövlətlərin ərazi bütövlüyünə dəstəyin  davamlı olaraq təsbit edilməsi də bundan xəbər verir. 
Azərbaycan  artıq  Türk Şurasına sədrliyi öz üzərinə götürüb.  Respublikamız  təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirməklə, şübhəsiz   türk dövlətlərinin sarsılmaz birliyinə öz töhfəsini verəcək.

 

Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

 

18 Oktyabr 2019 11:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə