Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda türk dünyasının tarixinə yeni səhifələr yazıldı

Bakıda türk dünyasının tarixinə yeni səhifələr yazıldı

Oktyabrın 15-də Bakıda türk dünyasının önəmli tarixi yazıldı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi. Zirvə görüşünə türkdilli dövlət və hökumət rəhbərlərinin, türk dünyasının fəxri insanlarının qatılması böyük əhəmiyyət kəsb etdi. Bakı Zirvəsi türk dövlətləri liderlərinin məzmunlu çıxışları, birliyimizə çağıran sanballı təklifləri ilə yadda qaldı. Bu fikirləri Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı bildirib.

Deputat qeyd edib ki, zirvə görüşünün möhtəşəm keçməsi, Bakının yüksək təşkilatçılıq qabiliyyətini və türk birliyi uğrunda yaxından iştirakını, fəaliyyətini bu istiqamətdə daha da qətiləşdirməsi həqiqətini ortaya qoydu. Bakı türk dünyasının ideoloji və  coğrafi mərkəzi rolunu oynadığını bir daha sübut etdi. Azərbaycan Prezidenti olduqca məzmunlu, ölkəmizin həqiqətlərini türk dövlət və hökumət başçılarına açıq xitabla bir daha çatdıra bildi. Dövlət başçımız birgə işləməyimizin, böyük ideallar uğrunda fəaliyyətimizi ümumiləşdirməyimizin vacibliyini vurğuladı. Qeyd etdi ki, Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.  
Bu zirvə görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir.  Məhz 2009-cu ildə Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın yeni formatı yaradıldı.  Dövlət başçımız çıxışında mühüm bir məsələyə, bizdən zorla qoparılmış Zəngəzur məsələsinə toxunaraq qeyd etdi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana verilməsi türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə malikdir. 
Bəli, dövlət başçımız bu fikirləri ilə həm tarixi torpaqlarımız olan və bizdən zorla qoparılaraq Ermənistana verilmiş Zəngəzuru türk birliyinin Zirvə görüşündə hamıya xatırlatdı, həm də türk dünyasının bir də belə faciələrlə qarşılaşmaması üçün birliyimizin, güclü olmağımızın vacibliyini bildirdi.
M.Qasımlı Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bir təşkilat kimi əhəmiyyətli yol keçməsi ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirərək qeyd etdi ki, bu təşkilat hazırda dünyanın əsas beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir və tariximizin, zəngin mədəniyyətimizin təbliği istiqamətində misilsiz xidmət göstərir. Ona görə də, türk dünyası üçün belə görüşlərin, bu təşkilatın fəaliyyət istiqamətlərinin mühüm önəmi var və yaxın gələcəkdə türk xalqları bunun faydasını görəcəklər.

 

Anar TURAN,
“Xalq qəzeti”

 

18 Oktyabr 2019 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə