Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musiqili Teatrın yaradıcı kollektivi daha bir beynəlxalq festivalda iştirak edir

Musiqili Teatrın yaradıcı kollektivi daha bir beynəlxalq festivalda iştirak edir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi daha bir beynəlxalq tədbirdə – Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi “Skampa -2019” Beynəlxalq Müasir Teatr Festivalında iştirak edir.

Albaniyalı rejissor Adonis Filippinin bədii rəhbərliyi ilə ərsəyə gələn festival çərçivəsində müxtəlif seminarlar, tamaşaların təqdimatı, konsertlər, sərgilər, görüşlərin təşkili, habelə mədəniyyətlərarası dialoqun qurulması, beynəlxalq səhnə təcrübələrinin qarşılıqlı mübadilə ilə bağlı geniş müzakirələr aparılacaq.

Albaniya ilə yanaşı, ABŞ, İtaliya, Rumıniya, Polşa, Macarıstan, Kosova, Şimali Makedoniya və dünyanın bir çox müxtəlif nüfuzlu teatrlarının qatıldığı bu ənənəvi festivalda ölkəmizi Akademik Musiqili Teatr təmsil edir.

Festivalda sənət ocağının kollektivi tərəfindən Samuel Bekketin məşhur “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşa göstəriləcək.

Xalq artisti Fərəc Qarayev tərəfindən dünyada ilk dəfə simfonik musiqi bəstələnən bu əsər ötən mövsümdən teatrın repertuarına daxil olub.

Tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Bundan başqa, tamaşa dekabr ayında İran İslam Respublikasının Təbriz şəhərində keçiriləcək ikinci Alef Beynəlxalq Teatr Festivalına da dəvət alıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 Oktyabr 2019 14:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə