Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alim və ziyalı ömrü

Alim və ziyalı ömrü

İnsanın xoşbəxtliyinin açarı onun ağıl və iradəsindən asılıdır. Yalnız bu yolla kamilliyə çata bilər, mənsub olduğun cəmiyyətdə hörmət və izzət sahibi ola bilərsən. Görkəmli ekoloq alim, yorulmaz tədqiqatçı, gözəl ziyalı Elman Yusifov məhz belə şəxsiyyətlərdən biridir.

O, həyatın gözəllik və xoşbəxtliyini biologiya elminə, Azərbaycanın füsunkar təbiətinə xidmətdə tapmışdır. Qeyd etmək lazımdır ki, professor Elman Yusifov Azərbaycan elmini beynəlxalq konfranslarda nüfuzlu auditoriyalar qarşısında böyük məharətlə təmsil etməyi bacarmışdır.  Xalqına, müstəqli dövlətinə və dövlətçiliyə hər zaman sadiq olmuşdur. 

Elman Yusifov 20 oktyabr 1959-cu ildə anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 1 nömrəli fizika-riyaziyyat təmayüllü orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirdikdən sonra AMEA Botanika İnstitutunun “Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları” şöbəsində baş laborant vəzifəsində çalışmışdır.

1990-cı ildə SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun əyani aspiranturasını bitirmiş və “Micrococcus lysodeikticus bakteriyasından ayrılmış katalaza fetmentinin 3A dəqiqlikdə rentgen-struktur analizi” mövzusunda Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edərək, fizika-riyaziyyat elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı almışdır.

E.Yusifov 2000-2002-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşəçilik Elmi Tədqiqat İnstitutunda direktor müavini, 2005-2016-cı illərdə AMEA Zoologiya İnstitutunda  İnformasiya və innovasiya şöbəsinin müdiri, 2016-cı ildən isə institutun direktoru vəzifəsində çalışır. 2005-2016-cı illərdə MTN-in Heydər Əliyev adına Akademiyasında 0,5 dosent,  mülki-müəllim kimi dərs aparmışdır.

Bir çox yerli və xarici jurnalların redaksiya heyətinin üzvüdür. Azərbaycanın “Qırmızı Kitabı”nın (fauna)  ikinci  nəşri üçün materialların hazırlanmasında yaxından iştirak etmişdir. E.Yusifov 60-dan çox elmi-kütləvi məqalənin, 5 monoqrafiya, 4 kitab, 1 ekoxəritə, 3 kitabça və 3  plakatın həmmüəllifidir. Elman müəllimin müəllifi olduğu “Abşeron yarımadasının təbiət abidələri” kitabı biomüxtəlifliyin mühafizəsi, ekoloji maarifləndirmə və ekoloji turizm baxımından çox əhəmiyyətli bir əsərdir. Belə ki, kitabda Abşeron yarımadasının landşaftı, floristik, geoloji-paleontoloji təbiət abidələri, onların ərazi üzrə paylanması, nadir və nəsli kəsilməkdə olan canlıları haqqında sistemli şəkildə məlumatlar verilmişdir. Eyni zamanda, Azərbaycan florasına xas olan yüzdən çox bitki növünün təsviri verilmiş, bir çox nadir təbiət abidələrinin orijinal fotoşəkilləri ilk dəfə olaraq təqdim edilmiş, ekoloji xəritələr çəkilmişdir.

Elman müəllimin həmmüəllifi olduğu “Ekoloi menecment” dərs vəsaiti ali məktəb tələbələri ilə yanaşı, həmçinin, ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər və geniş oxucu kütləsi üçün çox əhəmiyyətli məlumat mənbəyidir. İki hissədən ibarət olan bu dərsliyin birinci cildində ekoloji təfəkkürün tarixi, biosenozlar, ekosistemlər, maddələrin dövranı, ekoloji amillər haqqında ətraflı məlumatlar verilir. İkinci cilddə isə canlı aləm, qlobal ekoloji problemlər, ətraf mühit və insan sağlamlığı, cəmiyyət-təbiət münasibətləri və s. haqqında məlumatlardan bəhs olunur.

İşlədiyi müddətdə BP şirkətinin IV Respublika Bioloji Müxtəliflik müsabiqəsinin birinci mükafatını, V Respublika Bioloji Müxtəliflik müsabiqəsinin II mükafatını, VI Respublika Bioloji Müxtəliflik müsabiqəsinin birinci mükafatını almışdır. Elman Yusifov, 2018-ci ildə "Parlamentinsesi.az internet saytı" tərəfindən ictimaiyyət arasında keçirilmiş rəy sorğusu nəticəsinə əsasən "Şərəfli Ömür" fəxri diplomuna, 2019-cu ildə isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  ekologiya və biolojimüxtəlifliyin qorunması sahəsində səmərəli fəaliyyətinə görə “Fəxri fərman”a layiq görülmüşdür.

Bu yerdə bir məqamı da qeyd etməyi özümə mənəvi borc bilirəm. Belə ki, professor E.Yusifov  AMEA Zoologiya İnstitutunda  direktoru kimi çox uğurlu və yüksək səriştəli idarəçi sayılır. Ulu öndər Heydər Əliyev demişdir ki, rəhbərlik etmək, yəni insanları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun. Elman müəllimin idarə etmək məharəti onun həyat kredosu -- namuslu olmaq məharətindən qaynaqlanır. Məhz bu səbəbdən başçılıq etdiyi böyük kollektivin uğurları artır, elmi və təcrübi hədəfləri daha da genişlənir və yüksəlir.

Elman müəllim bu günlərdə ömrünün altmışıncı zirvəsinə qədəm qoyur. O, sadə, xeyirxah və təmənnasız bir insandır, zəngin mənəviyyat sahibidir. Təbiətin günəşə ehtiyacı olduğu kimi, onun yalnız insanların sevgisinə ehtiyacı var. Əminəm ki, onu yaxından tanıyan insanlar heç vaxt bu dəyərli ziyalıdan xoş arzu, sevgi və dualarını əsirgəməyəcəklər.

Elman müəllim, sevgi və hörməti dərin ağlı, əzmi və iradəsi ilə qazanıb. Görkəmli ekoloq alimi anadan olmasının 60 illik yubileyi münasibəti ilə təbrik edir, cansağlığı, çətin və şərəfli yolda uğurlar arzulayıram.

 

Məsaim Abdullayev,
“Xalq qəzeti”

17 Oktyabr 2019 13:12 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə