Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musiqişünas filisof Babək Qurbanovun xatirəsi dərin ehtiramla yad edildi

Musiqişünas filisof Babək Qurbanovun xatirəsi dərin ehtiramla yad edildi

Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirildi. Toplantıda alimin yeni çapdan çıxmış “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” kitabı da sənətsevərlərə təqdim olundu.

Mərhum filosofun yubileyinin həm də onun anım günü kimi qeyd edildiyini söyləyən  Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə mərasimi giriş sözü ilə açaraq bildirdi ki, rəhbərlik etdiyi qurumun Babək müəllimin anadan olmasının 80 illiyinə hazırlıq gördüyü bir vaxta  o, qəflətən dünyasını dəyişdi: “Təəssüflər olsun ki, bu gün o aramızda yoxdur. Professor Babək Qurbanov uzun müddət Türkiyədə çalışsa da həmişə doğma Azərbaycanla bağlı olmuşdu. Vətənə dönəndən sonra isə çox yaşamadı. Müalicə olunsa da son nəfəsinədək Qara Qarayev haqqında kitab üzərində çalışdı. Bu da fədakar alimin ömrü boyu bağlı olduğu musiqişünaslığa dərin sevgisindən irəli gəlirdi. Dünya şöhrətli bəstəkarımız haqqında çox kitab yazılıb. Mərhum filosofun Qara Qarayevə həsr etdiyi bu sonuncu kitabda isə bəstəkarın ömür yolu və fəaliyyəti xronoloji şəkildə, dərindən və elmi-nəzəri yöndə qələmə alınıb”.

Məclisdə daha sonra qeyd edildi ki, Babək Qurbanov Ü.Hacıbəyli adına Konservatoriyanın nusiqi nəzəriyyəsi fakültəsini geniş elmi-nəzəri bilik, sənətşünaslığa böyük maraq və bunun sübutu olan “Azərbaycan aşıq musiqi yaradıcılığı” mövzusunda diplom işi yazmaqla bitirib. 1967-ci ildə Bakı Dövlət Universitetində “Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik, 1981-ci ildə isə Moskvada SSRİ EA Fəlsəfə İnstitutunda “Proqramlı musiqinin estetik prinsipləri” mövzusunda doktorluq dissertasiyalarını böyük uğurla müdafiə edib. Babək müəllim musiqi nəzəriyyəçisi kimi ötən əsrin 90-cı illərində Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü olub, uzun illər elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirib.

Mərasim yubiliyarın zəngin həyat və yaradıcılığına həsr olunmuş məruzələrlə davam etdi. Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktorları, professorlar İmruz Əfəndiyevanın “Babək Qurbanovun elmi yaradıcılığında Qara Qarayev irsinə müraciət”, Cəmilə Həsənovanın “Babək Qurbanovun “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” kitabı haqqında”, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanovun “Babək Qurbanovun pedaqoji fəaliyyəti haqqında”, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın “Babək Qurbanovun musiqişünaslıq fəaliyyəti haqqında” höyük maraqla məruzələri dinlənildi.

Ədəbi-bədii hissə ilə davam edən məclis unudulmaz alim və pedaqoqun xatirəsinə dərin ehtiramı ifadə etdi.

Sonda müsahibimiz olan tanınmış şair-naşir Musa Ələkbərli bildirdi:

--Ölkəmizdə və xaricdə müsiqi estetikası sahəsində nüfuzlu alim kimi tanınmış Babək Qurbanov zəngin və manalı ömür yaşadı. O, 1981--1989-cu illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda estetika və etika bölməsinə, 1989--1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasına rəhbərlik etmişdi. 1992--2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuşdu. 2009-cu ildən ömrünün son ilinədək Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında çalışmışdı. Professor Babək Qurbanov Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, estetika məsələlərinə, tanınmış elm adamlarına həsr olunmuş monoqrafiya, lüğət, dərs vəsaiti və broşürlərin, 300-dən artıq publisistik və elmi məqalənin müəllifi idi.

Alimin “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” adlı sonuncu kitabını yubiley münasibətilə çap etməklə biz də sevimli  filosofumuzun xatirəsinə ehtiramımızı bildirdik. Onun kitabları sənətsevərlər və yeni nəsil elm-sənət adamları üçün həmişə qiymətli mənbələrdən olacaq.

 

Tahir AYDINOĞLU,
Namiq QƏDİMOĞLU,
“Xalq qəzeti”

17 Oktyabr 2019 12:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə