Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır

Prezident İlham Əliyevin sosial islahatların daha da genişləndirilməsi istiqamətində apardığı uğurlu siyasət əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırıb. Bu istiqamətdə qəbul edilən qərarlar, fərman və sərəncamlar, həyata keçirilən tədbirlər ­işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm rol oynayıb. Ölkə başçısının bu istiqamətdə atdığı qətiyyətli addımlar bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 

Mən Fransanın nüfuzlu “Opinion Way” sorğu mərkəzinin bu ilin fevral və mart aylarında Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar, hökumətin ümumi, daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə keçirdiyi geniş rəy sorğusunu xatırlatmaq istərdim. Bütün sorğu istiqamətləri üzrə Prezident İlham Əliyevin fəaliyyəti respondentlər tərəfindən yüksək qiymətləndirilib. Sorğuda iştirak edənlərin təqribən 90 faizi ölkə başçısının fəaliyyətini müsbət qiymətləndirib.
Təkcə bu il əhalinin sosial müdafəsinin gücləndirilməsi istiqamətində qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar təsdiqləyir ki, insan amili dövlət başçısının həyata keçirdiyi siyasətin prioritetini təşkil edir. Möhtərəm Prezidentimizin imzaladığı sənədlər əsasında 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi barədə fərman diqqəti xüsusi cəlb edir. Dövlətimizin başçısı bu ilin əvəlində birinci xanım Mehriban Əliyeva ilə birlikdə Prezident Sarayında şəhid ailələri ilə görüşü zamanı da onlara göstərdiyi diqqət və qayğını özü üçün borc bildiyini demişdir: “Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim”. 
Ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı əhalinin sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olduğunu bir daha təsdiqlədi. Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir. 
Son illər respublikada iqtisadi inkişaf tempinin artması və maliyyə imkanlarının genişlənməsi, digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Bu sosial layihədən 800 mindən artıq vətəndaşımızın faydalandığını nəzərə alsaq, əhatə baxımından böyük bir addım kimi dəyərləndirilməlidir. 
Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın, minimum əməkhaqqının artırılması üçün yeni qanunvericilik təşəbbüsü əhalinin rifahının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir. 2019-cu ilin əvvəlindən bəri dövlət başçısının müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı. 
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncam əhalinin sosial müdafiəsinin daha da gücləndirliməsi istiqamətində əsaslı dönüş yaratdı. Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Bununla da cari ildə reallaşdırılan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış olur. Bununla ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələdi. Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerə yüksəlib. İkinci sosial paket çərçivəsində Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi əmək pensiyasının minimum məbləği 25 faiz artırılaraq, cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin edildi. 
Göründüyü kimi, müstəqilliyinin 28-ci ilinə qədəm qoyan Azərbaycan bu müddət ərzində çox mühüm nailiyyətlərə imza atıb. Xüsusilə bu ilin əvvəlindən başlayaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birinin ardınca fərman və sərəncamlar imzalanıb. Bütün bunlar Azərbaycanı bu gün həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkəyə çevirib. Dövlət başçısının məqsədyönlü xarici siyasət kursu respublikamızın dünya birliyindəki nüfuzunu xeyli yüksəldib. Ölkəmizin bu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik etməsi də bunu təsdiqləyir. Azərbaycanın beynəlxalq müstəvidə əməkdaşlıq və təhlükəsizliyə verdiyi fundamental töhfələrdən bəhs edərkən, ölkəmizin iqtisadi baxımdan bölgədə həlledici rola malik ­olduğunu xüsusi vurğulamaq lazımdır. 

 

Kamil SEYİDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

16 Oktyabr 2019 21:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə