Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2019-cu il iki böyük sosial islahat paketinin qəbulu ilə möhtəşəm tarixə çevrildi

2019-cu il iki böyük sosial islahat paketinin qəbulu ilə möhtəşəm tarixə çevrildi

Sosial siyasətdən, bu sahədə aparılan islahatlardan ­danışanda, ilk növbədə, yada düşən məsələ əhalinin dolanışığı olur. Bu mənada prezident seçkilərindən sonra dövlət başçısının şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı imzaladığı fərmanla 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində vəsaitin verilməsi analoqu olmayan təşəbbüs kimi dəyərləndirilir. Həmçinin, ilin əvvəlindən çox böyük həcmli sosial paketin təqdim edilib təsdiqlənməsi, müvafiq fərmanlar imzalanması və icrası sosial məsələlərin həllinə zəmin yaratdı. Ölkədə aparılan islahatlarla minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərin həcmi artdı. 

Çünki, dövlətin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları dayanır. Azərbaycan vətəndaşının rifahının yüksəlməsi üçün Prezident İlham Əliyev böyük səy göstərir, islahatlar aparır, sənədlər imzalayır, qərarlar qəbul edir. Bu tapşırıq, tövsiyə və sənədlərin icrası isə xalqın güzəranının yaxşılaşmasına istiqamətlənməklə, narahatlıqlarını nizamlayır. Əminliklə qeyd etmək olar ki, bu narahatlıqlardan biri olan problemli kreditlərlə bağlı məsələnin həlli əhalinin böyük çoxluğunun müşkülünü aradan qaldırdı. Ölkənin iqtisadi və maliyyə imkanları artdıqdan sonra ilk növbədə vətəndaşları narahat edən bu məsələ ən yüksək səviyyədə tənzimləndi. 800 min vətəndaşın probleminin uğurla həll olunması, yəni, kompensasiyaların ödənilməsi prosesi başlandı. 
Vətəndaşların problemlərindən danışanda vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərlə bağlı məsələni də unutmaq olmaz. Çünki, indiyədək bəzi çoxmənzilli binalarla bağlı sənədləşmə işləri aparılmadığından, mənzil sahibləri əziyyət çəkirdilər. Bu məsələ ilə bağlı fərman imzalandıqdan sonra yaradılan komissiyanın gəldiyi nəticələrə əsasən evlərin, mənzillərin sənədləşməsi prosesinə başlanılıb. Görülən bu işlər nəticəsində üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb.
Dövlət tərəfindən işsizliyin azaldılması üçün bu il 40 min ödənişli ictimai iş yeri açılıb, 35 min insan işlə təmin edilib. İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri reallaşdırılan özünüməşğulluq proqramıdır. Bu proqram ölkənin bütün bölgələrində çox böyük rəğbət qazanıb. Çünki vətəndaşlarımız üçün iş imkanları əldə edilib və onlar kasıbçılıqdan kiçik sahibkarlığa addım atırlar. Özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insan işə cəlb olunmalıdır. Bununla bağlı Azərbaycan Prezidenti demişdir: “Bu, əlbəttə ki, təkcə maliyyə vəsaiti tələb edən məsələ deyil, burada bir çox texniki məsələlər, vasitələrin alınması var, ondan sonra nəzarət mexanizmi tətbiq edilməlidir. Bəzən müəyyən vasitələr vətəndaşlara veriləndən sonra bəzi vətəndaşlar o vasitələrdən səmərəli şəkildə istifadə edə bilmirlər və bu imkanı əldən verirlər. Ona görə burada, əlbəttə ki, dövlət tərəfindən həm tövsiyə verilməlidir, – mən bilirəm ki, treninqlər də keçirilir, – eyni zamanda, nəzarət də kifayət qədər güclü olmalıdır”. 
Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi var. Aparıcı beynəlxalq maliyyə qurumlarının, Dünya Bankının, digər bankların rəhbərlərində özünüməşğulluq proqramına böyük maraq var.
Sosial infrastruktur layihələrin həyata keçirilməsi də daim dövlətin diqqət mərkəzində olan məsələdir. Dövlət başçısının tapşırığına əsasən, bu il 100-ə yaxın məktəb tikilməli və ya əsaslı təmir edilməlidir. O cümlədən modul tipli məktəblər tikilməlidir. Bunun xüsusilə ucqar kəndlərdə çox böyük faydası var. Bu məktəblər həm tez bir zamanda tikilib başa gəlir, həm də keyfiyyət baxımından yüksək standartlara cavab verir. Prezidentin fikri belədir ki, Azərbaycanda bir dənə də olsun, qəzalı məktəb olmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb və görüləcək.
Sosial siyasətin bir qolu olan səhiyyə sahəsində də xeyli iş görülüb və bu davamlı olacaq. Təmirə ehtiyacı olan xeyli xəstəxana əsaslı təmir edilib, yaxud yenidən tikilərək əhalinin istifadəsinə verilib. Bu il 10-a yaxın yeni rayon mərkəzi xəstəxanası fəaliyyətə başlayıb. Azərbaycanın bütün şəhər və rayonlarında ən müasir standartlara cavab verən tibbi mərkəzlər yaradılıb. 
Sosial siyasətdən danışanda, hər şeydən öncə, deməliyik ki, vətəndaşların rifahına təsir edən mühüm faktorlardan birincisi onların gəlirləridir. Diqqətə çatdırmaq lazımdır ki, ölkə başçısının bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı 180, pensiyanın minimum məbləği isə 160 manata qaldırılmışdı. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırıldı. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirildi, 2 yeni təqaüd növü -- sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olundu. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edildi. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 600 minədək vətəndaşın rifahını yaxşılaşdırdı ki, bunların da 300 mini əlilliyi olan şəxslərdir. Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırıldı. Ümumilikdə, cari ilin ilk rübündə reallaşdırılan və dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına dəstək kimi cəmiyyət yüksək dəyərləndirir.
Ölkədə sentyabr ayından etibarən ikinci sosial paketin icrası ilə isə ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olundu. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 250 manata çatdırıldı. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış olur. Ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələyərək, ondan 70 manat və ya 40 faiz çox olub. Bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. 950 min nəfərin (muzdla çalışanların azı 63 faizinin) maaşlarının artımına səbəb olan minimum əməkhaqqının bu artımın 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlara ünvanlanıb. Qeyd edək ki, həmin 950 min nəfərin heç də hamısı 250 manatdan aşağı əmək haqqı alanlar deyil və onların mühüm bir hissəsi maaşları 250 manatdan yuxarı olanlardır.
Cari il iyunun18 - də imzalanan digər sərəncamlarla, eyni zamanda, dövlət sektorunda işləyən müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, hüquq - mühafizə orqanları əməkdaşları, həm ümumi, həm də xüsusi növ üzrə dövlət qulluqçuları, hakimlər və digərlərindən ibarət 400 min nəfərin əməkhaqları da bu il sentyabrın 1-dən 20--100 faiz səviyyəsində artırılıb. Ümumilikdə, ikinci sosial paket 1 milyon 350 min nəfəri əhatə edir ki, onlardan da 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir. 
Əsas məqsədi vətəndaş rifahının təmin olunmasına xidmət edən sosial siyasətin və ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Bu baxımdan Prezidentin sosial paket kimi təqdim olunan sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü vətəndaş rifahı naminə atılan mühüm yeni addımlardır.

 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

 

16 Oktyabr 2019 21:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə