Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Paşinyanın iddialarını darmadağın etdi

Prezident İlham Əliyev Paşinyanın iddialarını darmadağın etdi

Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub... Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Aşqabad, 11 oktyabr 2019-cu il


Son 16 ildə həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməsində böyük rol oynayıb. Dövlət başçımızın xarici ölkələrə səfərləri, bu zaman keçirdiyi görüşlər, imzaladığı sənədlər, ölkəmizin iqtisadi qüdrətinin artırılmasında, respublikamız haqqında reallıqların olduğu kimi çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır. MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında da bunun şahidi olduq. Dövlətimizin başçısının iştirakı, çıxışı və keçirdiyi görüşlər böyük maraqla izlənildi. 

Türkmənistan Prezidentinin Xəzəryanı ölkələrin Birinci İqtisad Forumuna verdyi dəstəyə və forumun keçirilməsində böyük rol oynadığına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirməsi ölkəmizin beynəlxalq tədbirlərə layiqli töhfələr verdiyinin, hətta yüksək səviyyəli beynəlxalq tədbirlərin təşkilatçılarından olmasının bariz nümunəsidir. Təbii ki, bütün bu uğurların təməlində möhtərəm Prezidentimizin düşünülmüş siyasi kursu dayanır. Bu siyasət ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir, mövqeyini daha da möhkəmləndirir. MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında bunun bir daha şahidi olduq. Bu tədbir Ermənistanda nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmə meyilliyin artması barədə dünya ictimaiyyətinin məlumatlandırılması baxımından da yadda qalacaq. 
Zirvə görüşündə Prezident İlham Əliyev Ermənistana çox ciddi diplomatik həmlə etdi və Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizi kifayət qədər gücləndirdi. Dövlətimizin başçısı çıxışı zamanı Ermənistanda faşizmin əbədiləşdirilməsi ilə bağlı yürütdüyü siyasəti və indiki hakimiyyətin də buna dəstək verdiyi barədə tədbir iştirakçılarına tarixi faktlara əsaslanan məlumat verdi.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının milli maraqlara və müasir çağırışlara müvafiq surətdə, uğurla davam etdirilməsi ölkəmizin işğalçı Ermənistan qarşısında aşkar diplomatik üstünlüyünün bariz nümunəsidir. Dövlət başçımızım Aşqabad görüşünə qədər “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı da Ermənistana ciddi zərbə oldu. Prezident çıxışı ­zamanı “Qarabağ Azərbaycandır, nida işarəsi!” – deməklə respublikamızın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün müzakirə mövzusu olmadığına diqqət çəkdi. Prezident İlham Əliyevin bu mövqeyi Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəmizə qarşı ərazi iddialarını alt-üst etdi. Həm “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında , həm də MDB Dövlət Başçıları Şurasının Türkmənistanın paytaxtı Aşqabadda keçirilən iclasında Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tarixi həqiqətlər Ermənistanın işğalçı siyasətdən hələ də əl çəkmədiyini bir daha ortaya qoydu. Ekspertlər də bildirirlər ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında səslənən fikirlər Azərbaycanın qətiyyətli mövqeyinin ən yüksək səviyyədə daha bir ifadəsi, prinsipial siyasətin qəti ­nümayişi idi.
Ermənistan Soçidə aldığı ciddi zərbədən özünə gəlməmiş ­Aşqabadda daha ağırını aldı. Xəbər verildiyi kimi, zirvə görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciəti idi. Bu mövzu ilə əlaqədar çıxış edən dövlətimizin başçısı faşizm üzərində ümumi Qələbəmizə Azərbaycanın layiqli töhfə verdiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canından keçib. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. 
Dövlət başçısının çıxışında yadda qalan amillərdən biri də Böyük Vətən müharibəsi illərində Azərbaycanın bütün ölkəni yanacaqla təmin etməsi barədə səsləndirdiyi faktlar oldu. Möhtərəm Prezidentimiz cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxunun, benzinin 80 faizinin, motor yağlarının 90 faizinin Azərbaycanın payına düşdüyünü xatırlatdı. Bildirdi ki, bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. 
Prezident faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxışlar olduğunu da bildirdi. Daha sonra vurğuladı ki, MDB məkanında bəzi dövlətlər, o cümlədən Ermənistan faşist cəlladlarının xatirəsini əbədiləşdirir və bunu dövlət səviyyəsində həyata keçirirlər. Yerevanın mərkəzində faşist cəlladı və satqın Qaregin Njde ləqəbli alman faşistlərinə xidmət etmiş Qaregin Ter- Arutyunyana heykəl qoyulduğunu diqqətə çatdıran dövlətimizin başçısı cəllad və qatilin, həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak etdiyini vurğuladı. Bütün bunları və digərlərini tarixi faktlarla əsaslandıran Prezident İlham Əliyev belə bir satqın və cəllada Ermənistanın keçmiş rəhbərliyi tərəfindən Yerevanda heykəl qoyulmasını və indiki ölkə rəhbərliyinin bu heykəli götürməməsini kəskin tənqid etdi və faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını bildirdi: ”MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.
Faktlar qarşısında aciz qalan Ermənistanın baş naziri müxtəlif bəhanələrlə zirvə iştirakçılarının diqqətini yayındırmağa və Qaregin Njdeni milli qəhrəman kimi sırımağa çalışsa da, buna nail ola bilmədi. Çünki dövlətimizin başçısı Nikol Paşinyanın iddialarını tarixi faktlarla darmadağın etdi. Möhtərəm Prezidentimizin tutarlı cavabı qarşısında Ermənistanın baş naziri absurd iddiaları ilə özünü gülüş hədəfinə çevirdi.
Paşinyan ortaya arqument qoya bilmədi, qoya da bilməzdi. Çünki Prezident İlham Əliyevin səsləndirdiyi faktlar çox ciddi idi. 
Ölkəmizin rəhbərinin bu çıxışından sonra Ermənistanda daxili vəziyyət daha da gərginləşib. Bunu yerli kütləvi informasiya vasitələrində dərc olunan məqalələr də təsdiqləyir. Həmin məqalələrdə bildirilir ki, Paşinyan zərbə ardınca zərbə alır, həm özünü, həm də ölkəsini çətin vəziyyətə salır. Bəzi erməni KİV-lərinin yaydığı “Paşinyan növbəti məğlubiyyəti ilə İrəvana dönür” sərlövhəli məqalədə baş nazirin siyasətdən uzaq olduğu qeyd edilir.
Son hadisələr də təsdiqləyir ki, Ermənistan həm diplomatik, həm də hərbi müstəvidə Azərbaycana uduzur. 

 

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

 

 

16 Oktyabr 2019 21:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə