Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qoy bu dostluq, qardaşlıq əbədi olsun!

Qoy bu dostluq, qardaşlıq əbədi olsun!

Bu il oktyabrın 15-də Azərbaycan paytaxtında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə görüşü keçirildi. Türk dünyasının siyasi, iqtisadi, mədəni və mənəvi birliyini daha da gücləndirmək məqsədilə keçirilən bu mühüm tədbirdə səslənən çox dəyərli fikir və mülahizələr ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri tərəfindən dərin məmnunluq hissi ilə qarşılanıb. Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bu barədə ürək sözlərini oxucularımızla bölüşərək dedi: 

– VII Zirvə görüşünün xalqlarımızın taleyinə pozitiv, səfərbəredici təsiri olacağına şübhə etmirəm. Fikrimcə, doğma Bakımızın lütfkarcasına evsahibliyi etdiyi bu mötəbər tədbir həm Azərbaycan xalqının və dövlətinin tarixinə, həm də bütün türk dünyasının taleyinə əbədi həkk ­olunacaq. 

Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Qazaxıstanın birinci Prezidenti, elbası Nursultan Nazarbayevin, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın, eləcə də digər ali qonaqların dərin məzmunlu, parlaq çıxışları xalqlarımızın birliyi və tərəqqisi üçün proqram xarakteri daşıyır. Sadəcə olaraq, bugünkü və gələcək nəsillər həmin görüşdə səslənən arzu, təklif və ideyaların mümkün qədər tez və uğurla reallaşması üçün əllərindən gələni etməyə çalışmalıdırlar. 
Bəli, bu günlərdə bütün dünyanın diqqəti Bakıda idi. Dostlarımız sevinirlər, düşmənimiz -- işğalçı Ermənistandakı qatı millətçi, şovinist qüvvələr isə ağır qəmə, kədərə, yasa batıblar. Bu gün düşmənlərimizi türk xalqlarının birliyinin güclənməsi çox narahat edir. Müdriklərdən birinin fikridir: evin qiyməti gələn qonşulardan bəlli olar. Fikrimcə, bu günlərdə Azərbaycan paytaxtı çox sevinirdi. Çünki şəhərimizə çox dəyərli, mötəbər ali qonaqlar təşrif buyurmuşdular. Kaş həmişə belə olsun! Qoy, bu dostluq, qardaşlıq əbədi olsun! 
Bu gün dünyanın çox yerində münaqişələr, qarşıdurmalar yaşanır. Türk xalqlarının və dövlətlərinin də qarşısında həlli vacib bir sıra problemlər durur. Onların öhdəsindən yalnız birgə səylərlə gəlmək olar. Axı, ən ağır dərdi dostlarla bölüşəndə, həlli asan olur. İnşallah, belə olacaq! 

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti” 

 

16 Oktyabr 2019 21:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə