Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk dövlətlərinin birliyi və həmrəyliyi problemlərin həllinə kömək edəcək

Türk dövlətlərinin birliyi və həmrəyliyi problemlərin həllinə kömək edəcək

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü uğurla başa çatdı. Tədbirdə iştirak edən bütün türk dövlətlərinin rəhbərləri qardaş ölkələr arasında siyasi, iqtisadi, mədəni və ticari əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirdilər. Zirzə görüşündə çıxış edən liderlər dövlətlər arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində real addımların atılmasını zəruri hesab etdilər. Bu barədə danışan UNEC-in professoru, tarix elmləri doktoru Nizami Süleymanov dedi:

– Türkdilli dövlətlər arasında Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə həsr edilmiş görüş bütün türk xalqları tərəfindən maraqla izlənildi və hər kəsdə, şübhəsiz ki, qürur hissi doğurdu. Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstanın sabiq prezidenti, elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin, eləcə də Özbəkistan və Qırğızıstan dövlət başçıları Şavkat Mirziyoyev və Sooranbay Jeenbekovun, eyni zamanda, Macarıstanın Baş naziri Viktor Orbanın bir-biri ilə səmimi və mehriban görüşləri, onların hər birinin qədim köklərə malik xalqlarımızın birliyi üçün var gücü ilə çalışmağa hazır olmaları bizi ürəkdən sevindirir.
Azərbaycan Prezidenti İlham Əliyevin VII Zirvə görüşündəki nitqi isə, təbii ki, daha çox diqqətimizi cəlb etdi. Dövlət başçımız ölkəmizin Türk Şurasına sədrliyi Qırğızıstandan böyük məmnuniyyətlə qəbul etdiyini və qardaş ölkələr arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. Onun sözlərinə görə, bütün türk respublikalarını ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər birləşdirir və bu təməl ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyəti üçün mühüm əsasdır. Eyni zamanda, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın ­xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
İlham Əliyev daha sonra deyib: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.
İnanırıq ki, bu gün gücünü toplamağa və get-gedə artırmağa nail olan türk respublikalarının birliyi və həmrəyliyi təkcə Qarabağın deyil, Zəngəzurun və bütün digər itirilmiş torpaqlarımızın Azərbaycanın sərhədləri daxilinə qaytarılmasına və digər problemlərimizin həllinə kömək edəcək. Təki birliyimiz möhkəm olsun!

 

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

 

16 Oktyabr 2019 21:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə