Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk dövlətləri Dağlıq Qarabağ məsələsində Azərbaycanla həmrəydirlər

Türk dövlətləri Dağlıq Qarabağ məsələsində Azərbaycanla həmrəydirlər

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsasını Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  danışıqlar yolu ilə  nizamlanması təşkil edir. Dövlətimizin başçısının bu mövqeyi dünya birliyi tətəfindən də dəstəklənir.  Möhtərəm Prezidentimiz  bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirilən çoxsaylı görüşlərdə, nüfuzlu beynəlxalq qurumların tədbirlərində  Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək, Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını diqqətə çatdırır, bu məsələdə respublikamızın milli və dövlətçilik maraqlarını hər şeydən  üstün tutduğunu nümayiş etdirir. Dövlətimizin  başçısı münaqişənin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirir, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edir. 

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə də Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açıldı. Bu tədbirdə diqqət çəkən məqamlardan biri türk dövlətlərinin Dağlıq Qarabağ məsələsində Azərbaycanla həmrəylik nümayiş etdirməsi oldu.
Ermənistanın 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsi barədə məlumat verən Prezident İlham Əliyev işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasətinin aparıldığını, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırlatdı. Dedi ki, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib.
Ermənistanın müsəlman ölkələri ilə sıx əməkdaşlıq qurmağa çalışdığını vurğalayan dövlətimizin başçısı qəti şəkildə bildirdi ki, dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.
Ölkəmizin rəhbəri beynəlxalq təşkilatların münaqişənin nizamlanması ilə əlaqədar qəbul etdikləri qətnamələrin bu vaxta qədər hələ də kağız üzərində qaldığını da xatırlatdı. Diqqətə çatdırdı ki, münaqişənin nizamlanması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar da buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistanın bu qətnamə və qərarların tələblərinə məhəl qoymaması, beynəlxalq hüquqi öhdəliklərin icrasından boyun qaçırması ikili standartların nəticəsidir. 
Zirvə görüşündə diqqət çəkən məqamlardan biri də türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi oldu. Bu, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında özünü açıq şəkildə büruzə verdi. Onun “hörmətli qardaşlarım, milli mübarizədə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur”, – deməsi bu birliyi əks etdirən ən gözəl nümunədir. Türkiyə Prezidenti dedi ki, Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. O, BMT Baş Assambleyasındakı nitqində səsləndirdiyi “bu, qəbuledilməz bir vəziyyətdir” -- fikrini də xatırlatdı. Qardaş ölkə Prezidenti qətiyyətlə bildirdi ki, Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik. 
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığına dəstəyin davamlı olaraq təsbit edilməsi Türk dövlətlərinin Dağlıq Qarabağ məsələsində Azərbaycanla həmrəyliyinin bariz nümunəsidir.

 

Mehdi ABDULLAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru

 

16 Oktyabr 2019 21:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə