Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası mühüm uğurlar əldə edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası mühüm uğurlar əldə edib

Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) 10 il ərzində mühüm inkişaf yolu ­keçib, sürətlə təşkilatlanıb. Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası, habelə Türk Biznes Şurası kimi qurumların səmərəli işi nəticəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib. Beləliklə, TDƏŞ Avrasiyada sülh, sabitlik və rifaha önəmli töhfələr verərək regionun nüfuzlu təşkilatlarından birinə çevrilib. 
Xatırladaq ki, TDƏŞ-nin qarşısında duran məqsəd və vəzifələr Naxçıvan Sazişi ilə müəyyənləşib. Bunlar türk dövlətləri arasında qarşılıqlı dostluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat sahələrində səmərəli regional və ikitərəfli əməkdaşlıqdır.

TDƏŞ-nin fəaliyyəti ötən dövrdə bir sıra keyfiyyət dəyişiklikləri ilə nəzərə çarpıb. Özbəkistanın qurumun üzvlüyünə qəbul olunması, Macarıstanın paytaxtı Budapeşt şəhərində Şuranın ofisinin açılması bunun bariz ifadəsidir. 
Yeri gəlmişkən, sözügedən ofisin açılması təklifi Macarıstanın Baş naziri Viktor Orban tərəfindən irəli sürülüb. Bu, türkdilli dövlətlərlə Macarıstan, habelə Avropa İttifaqı və qurumun təsisatları arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasından, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin daha da genişlənəcəyindən xəbər verir. 
Bütün bunlar barədə Prezident İlham Əliyev oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündəki çıxışında ətraflı bəhs edib. Dövlətimizin başçısı bildirib ki, bu tədbir Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir: “2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilən Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.
Dövlətimizin başçısı daha sonra qeyd edib ki, ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb. TDƏŞ-nin mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənib, BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq münasibətləri ­yaranıb. 
Prezident İlham Əliyev nitqində zirvə görüşlərinin ənənəvi olaraq əməkdaşlığın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunduğunu da xatırladıb: “Builki tədbirimizin “Kiçik və orta sahibkarlığın inkişafı” adlanan mövzusu mühüm aktuallıq kəsb edir. 2017-ci ildə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edir”.
Dövlətimizin başçısı son 16 ildə Azərbaycan iqtisadiyyatının üç dəfədən çox artdığını, ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulduğunu, bunun yarısının xarici investisiya olduğunu, ölkəmizin xarici borcunun ümumi daxili məhsulun cəmi 17 faizini təşkil etdiyini də diqqətə çatdırıb. 
Prezident İlham Əliyev bildirib ki, iqtisadi sahədə aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın bu ölkənin iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə yuxarıda qeyd edilənlərlə bərabər, o da vurğulanıb ki, tarixən qədim İpək yolunun üzərində yerləşən ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq–Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilən Bakı–Tbilisi–Qars dəmir yolu tarixi İpək yolunun bərpasına müştərək töhfədir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Ötən il ərzində türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.
Zirvə Görüşündə vurğulanıb ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlər dağıdılaraq, məhv edilib.
Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar tərəfindən buna oxşar qərar və qətnamələr qəbul olunub. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.
Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. 
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə bağlı bir məqamı da diqqətə çatdırmaq istərdik. Belə ki, iqtisadi əməkdaşlıqda ticarət sahəsi əhəmiyyətli yer tutur və bu sahədə müsbət dinamika müşahidə olunur. TDƏŞ-in fəaliyyət göstərdiyi 10 il ərzində üzv ölkələr arasında ticarətin həcmi 2 dəfəyədək artıb. Məhsullar üzrə üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 7 milyard ABŞ dollarına çatıb. Üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı isə 12 faiz təşkil edir. Sözügedən ölkələrin iqtisadi potensialı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. İkitərəfli və çoxtərəfli biznes forumlar, keçirilən sərgilərdə daha geniş iştirak bu imkanların reallaşdırılmasına xidmət edir.
Bu gün üzv ölkələr tərəfindən dünya miqyasında böyük əhəmiyyət daşıyan layihələri həyata keçirilir, Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib edilir. Bu baxımdan Azərbaycan Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars kimi regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. 
TDƏŞ üzvü olan ölkələr investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. Şuraya üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12,3 milyard dollar həcmində investisiya qoyub, onların 3200 şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard dollar sərmayə yatırıb.
İnvestisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün Azərbaycan tərəfindən yaradılması təklif olunmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birgə İnvestisiya Fondu əhəmiyyətli mexanizm ola bilər.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

16 Oktyabr 2019 21:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə