Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlərin ümid yeri

Məcburi köçkünlərin ümid yeri

Azərbaycanda sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüb.

Prezident İlham Əliyev və Birinci ­vitse-prezident ­Mehriban Əliyeva fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını uğurla davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı xeyli fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Prezident İlham Əliyevin hələ 2003-cü ildə elan etdiyi kimi, qısa müddətdə bütün çadır düşərgələri ləğv edilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər, yüksək fədakarlıq hissi ilə yerinə yetirdiyi layihələr həm Heydər Əliyev şəxsiyyətinə dərin rəğbətin ifadəsi, həm cənab İlham Əliyevə dəstək, həm də Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə töhfədir.
Nəcib və humanist dəyərlərin inkişafına, fərqli mədəniyyətlərin dialoquna önəm verən Mehriban xanım Əliyeva fəaliyyətində yardıma ehtiyacı olan hər kəsə, eləcə də məcburi köçkünlərə hər zaman böyük diqqət və qayğı göstərir. Birinci vitse-prezident məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə deyib: “Məcburi köçkünlərin, bizim əziz soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin borcudur. Azərbaycan dövləti bu yolda çox böyük nailiyyətlər əldə edib”.
Xatırladım ki, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirə də Bakı və Sumqayıt şəhərlərində qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi məsələsinə həsr edilmişdi və bununla bağlı ötən müddətdə ciddi tədbirlər görülüb və bu, indi də davam edir.
Burada bir məqamı da xatırlatmaq istərdim. Azərbaycanın Birinci vitse-prezidenti, həm də uzun illərdir ki, müxtəlif tribunalardan ölkəmizin haqq sözünü, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın hərbi təcavüzü nəticəsində 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin salındığını dünya birliyinin diqqətinə çatdırır. Ancaq əfsuslar olsun ki, dünyada mövcud olan, xüsusilə ölkəmizə qarşı tətbiq edilən ikili standartlar münaqişənin ədalətli həllinə mane olur. Mehriban xanım Əliyevanın bununla bağlı 2017-ci il oktyabrın 8-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan binalarda mənzillərin təqdim edilməsi mərasimindəki çıxışında vurğuladığı sözləri yaxşı xatırlayıram: “Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsas hüququ – öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımi təzyiqlər göstərilmir? Bütün bu sualların cavablarını biz bilirik və hamı bilməlidir ki, əsas səbəb Azərbaycanın gücü, Azərbaycanın möhkəmlənməsi, Azərbaycanın müstəqilliyi və Azərbaycanın müstəqil siyasətidir”.
Bu gün ədalətin bərpası, münaqişənin siyasi cəhətdən həlli Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir, bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir və xalqımız qələbənin çox da uzaqda olmadığına inanır.

 

Mirəli ALOSMANOV, 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru

 

16 Oktyabr 2019 21:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə