Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk xalqlarının mədəniyyətlərinin inteqrasiyasında TÜRKSOY-un rolu

Türk xalqlarının mədəniyyətlərinin inteqrasiyasında TÜRKSOY-un rolu

1993-cü il iyulun 12-də  Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalandı.

Belə bir təşkilatın yaradılmasının zərurəti ondan irəli gəlirdi ki, təşkilatçı ölkələrin dilləri, xalqları, mədəniyyətləri bir-birinə çox yaxındır. TÜRKSOY-un yaradılmasında əsas olaraq mənşə və dil ümumiliyi prinsipinə üstünlük verilib. Yəni təşkilat dil birliyi üzərində qurulub. TÜRKSOY-un əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandır. Qalan 8 üzv isə (Rusiya Federasiyasına daxil olan Altay, Başqırdıstan, Xakas, Saxa-Yakut, Tuva və Tatarıstan respublikaları, Qaqauz Muxtar Vilayəti (Moldova) və Şimali Kipr Türk Respublikası) təşkilatın işində əsasən, müşahidəçi qismində iştirak edirlər. Amma təşkilatda hər bir üzv bərabər hüquqa malikdir.
Təşkilatın fəaliyyət dairəsi çox genişdir. Sibirdən Balkanlara qədər olan coğrafiyadakı ortaq mədəniyyətimiz bütün rəngləri ilə dünyada təmsil və təbliğ edilir. Bu illər ərzində rəssamlar, yazıçılar, şairlər, heykəltəraşlar, fotoqraflar, teatr və kino sənətçiləri, incəsənət nümayəndələri TÜRKSOY-un tədbirlərində bir-biri ilə tanış olur, əlaqələr qururlar. 
2012-ci il “Mirzə Fətəli Axundzadə ili” və 2017-ci il “Molla Pənah Vaqif ili” elan olunmuşdur. 2012-ci ildən etibarən türk dünyasının qədim tarixi şəhərləri türk dünyasının mədəniyyət paytaxtı elan edilir. Bu tədbirlər vasitəsilə dahi şəxsiyyətlərimiz və mədəniyyət paytaxtlarımız həm qardaş xalqlarımız arasında, həm də dünyada daha geniş tanıdılır. 2016-cı ildə TÜRKSOY Daimi Şurasının qərarı ilə Şəki şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan olundu. Tarixi İpək yolu üzərində yerləşən və zəngin mədəniyyətin canlı şahidi olan Şəkinin mədəniyyət paytaxtı elan edilməsi “Multikulturalizm ili”nə gözəl töhfə idi.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olundu. TÜRKSOY-un qərarı ilə 2018-ci il, “Qara Qarayev ili” elan edildi. Bu çərçivədə böyük işlər görüldü. 2018-ci il fevralın 14-də Ankarada, TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış mərasimi keçirildi.
“Qara Qarayev ili” çərçivəsində 2018-ci il ərzində TÜRKSOY-a daxil olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türkdilli ölkələrdə də görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlər təşkil olundu.
Təşkilat türk mədəniyyətini, ədəbiyyatını, incəsənətini tanıtmaq məqsədilə möhtəşəm işlər görür, 1994-cü ildən başlayaraq zəngin ümumtürk mədəniyyətinin təbliği və dünyada tanıdılması istiqamətində mühüm layihələrə imza atır. 
Türkçülük ideyası beş ortaq abidəmizdə - Orxon yazılarında, “Kitabi-Dədə Qorqud”da, “Divani-lüğət-it-türk”də, Yusif Balasaqunlunun “Qutadqu-bilik” poemasında, Xoca Əhməd Yasəvinin hikmətlərində öz əksini tapmışdır.
TÜRKSOY türk xalqlarının qardaşlığını, dil birliyini, ortaq mədəniyyətini gələcək nəsillərə çatdırmaq üçün önəmli bir missiya daşıyır. TÜRKSOY türkdilli xalqlar arasında güclü bağlar qurur. Böyük şəxsiyyət olan İsmayıl bəy Qaspralının “Dildə, fikirdə, işdə birlik” ideyası bu gün türk dünyasının UNESKO-su hesab edilən TÜRKSOY tərəfindən inamla həyata keçirilir.
Ədəbiyyat, sənət, mədəniyyət sahələrində bir çox dəyərli işlərə imza atan, tarixdə iz buraxan böyük şəxsiyyətlərin  əsərlərinin təbliğ olunmasında, mədəniyyətimizin zənginləşməsində, yalnız türk coğrafiyasında deyil, bütün dünyada tanıdılmasında, dostluq və qardaşlıq bağlarının qurulmasında TÜRKSOY-un əvəzsiz xidmətləri var.
Tarixi İpək yolu üzərində yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Azərbaycan həm türk, həm də İslam mədəniyyətinə əvəzsiz töhfələr verən bir ölkədir. “İslam Həmrəyliyi ili”, Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası TÜRKSOY-un iştirakı və dəstəyi ilə yüksək səviyyədə keçirilmişdir. “Dünya dillərində Molla Pənah Vaqif şeirləri” adlı kitab nəşr olunmuşdur. Vaqifin şeirləri Azərbaycan, qazax, qırğız, özbək, türk, türkmən, başqırd, tatar, ingilis, italyan, rus və Ukrayna dillərində nəfis şəkildə nəşr olunub. Bu kitablar XVIII əsrin böyük şairi, filosofu və dövlət adamı Vaqifin xatirəsinə ən yaxşı hədiyyədir. Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasını qeyd etmək olar. TÜRKSOY hər il Türkiyədə Novruz şənlikləri keçirir. 
“Dədə Qorqud”un 1300 illik, “Manas”ın 1000 illik, böyük tarixi şəxsiyyət Əmir Teymurun 660 illik, Məhəmməd Füzulinin 500 illik, Qazax şairi, filosofu Abayın 150 illik yubiley tədbirləri TÜRKSOY çərçivəsində həyata keçirilən layihələrdəndir. 2018-ci ildə Xalq yazıçısı, görkəmli ictimai xadim,Yazıçılar Birliyinin sədri Anar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Şərəf” medalı ilə təltif olunmuşdur.
2017–ci il dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) kafedrası açılmışdır. Bu kafedranın açılması türk dünyasının həmrəyliyi, birliyi, eləcə də türk ədəbiyyatının, tarixinin, mədəniyyətinin elmi tədqiqi və təbliği istiqamətində mühüm əhəmiyyət daşıyır. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi, professor Düsen Kaseinov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru ADPU-da TÜRKSOY kafedrasının açılmasını bu istiqamətdə atılan vacib addımlardan biri adlandırılmışlar. 
Bu  beynəlxalq  təşkilatla  ölkəmizin mədəni əlaqələrinin  genişlənməsi  mədəniyyətimizin  türkdilli ölkələrə inteqrasıyasında əhəmiyyətli  rol oynayır.

 

Hazırladı:
 M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 

16 Oktyabr 2019 21:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə