Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatala: Aqrar sahənin inkişafı diqqət mərkəzindədir

Zaqatala: Aqrar sahənin inkişafı diqqət mərkəzindədir

Bölgə müxbiri kimi fəaliyyət göstərdiyim rayon və şəhərlərin hamısında özünəməxsus keyfiyyətlər istənilən qədərdir. Bu baxımdan, Zaqatala daha çox fərqlənir. Çünki Zaqatalada aqrar sektorun taxılçılq, heyvandarlıq, tütünçülük, meyvəçilik, baramaçılıq, gülçülük, bitkiçilik və digər sahələrində uğurlu nəticələrin əldə edilməsi ilə yanaşı, burada çoxsaylı yaddaqalan tədbirlər də keçirilir. Elə dövlət başçımız da məhz bu istiqamətdə fəaliyyətin genişləndirilməsini tövsiyə edir. 

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qeyd etdi ki, bu il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçımız ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib. Dövlət başçısı bu ilin altı ayında iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını vurğulamışdı.
Prezident bununla yanaşı, qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticəsini verdiyini qeyd edərək, bu sahənin gələcəkdə də sürətlə inkişaf edəcəyinə əminliyini bildirmişdi. Son bir ayda Zaqtalada keçirilən tədbirlər də məhz cənab Prezidentin həmin əminliyinin təsdiqi ola bilər. 
İcra hakimiyyəti başçısından eşitdiyim həmin qənaəti iştirakçısı olduğum bir neçə tədbir haqqında qələmə aldığım sətirlərlə ifadə etmək istərdim. Məsələn, bir neçə gün əvvəl Zaqatalada tütünçülüyə həsr edilmiş təlim-seminar keçirilib. Tədbirdə kənd təsərrüfatının, xüsusən də onun tütünçülük sahəsinin ölkə iqtisadiyyatında strateji sahələrdən biri olduğunu, ümumi tütün əkinlərinin 90 faizdən çoxunun Şəki-Zaqatala iqtisadi rayonun payına düşdüyünü diqqətə çatdırılıb. Eyni zamanda, cari təsərrüfat ilində Zaqatala rayonunda tütün əkini sahələrinin mövcud vəziyyəti, problemləri, bu sahədə qarşıda duran həllivacib məsələlərə toxunulub.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə keçirilən tədbirdə respublikanın şimal-qərb rayonlarında bazarın tələbinə uyğun olaraq, əsasən ətirli “Virciniya” tipli tütün sortlarına daha çox üstünlük verildiyini, hazırkı dövrə qədər istehsal olunan quru tütünün qəbulu, keyfiyyəti, təmsil etdiyi qurumun Şəki–Zaqatala iqtisadi rayonunda tütün emalı müəssisələrinin rəqabətqabiliyyətli məhsul istehsalındakı fəaliyyəti, tütünün tədarükü ilə əlaqədar fermerlərlə bağlanılmış müqavilələr haqqında danışıb.
 Zaqatala Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi Kərimov “Zaqatala Bölgə Təcrübə Stansiyasında tütünçülük üzrə aparılan elmi və təcrübi işlər”, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, tütünçü alim Bəhlul Abbasov “Tütünün seleksiyası və ilkin toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi”, böyük elmi işçi Qabil Kazımov “Virciniya və Berley tipli tütün sortlarından yüksək keyfiyyətli məhsul alınmasını təmin edən mütərəqqi becərmə üsullarının əhəmiyyəti” mövzularında çıxış ediblər. Tədbir Zaqatala Bölgə Təcrübə Stansiyasında tarla şəraitində davam etdirilib. 
Rayonda keçirilən II Beynəlxalq fındıq, qoz və ­şabalıd festivalı da uzun müddət ölkə mətbuatının və kənd təsərrüfatı mütəxəssislərinin yaddaşında qalacaq. Bölgənin kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə keçirilən növbəti festivalın təşkilatçısı Zaqatala Rayon İcra Hakimiyyəti idi. Eyni zamanda, Kənd Təsərrüfatı və Mədəniyyət nazirlikləri, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası da bu tədbirə dəstək vermişdilər. Üç gün davam etmiş festivalın keçirilməsində əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirmək idi.
Digər maraqlı məqam o idi ki, rayon mərkəzindəki “Dədə Qorqud” meydanında keçirilən festivalın rəsmi açılış mərasiminin əvvəlində qonaqlar bal şərbəti, fındıqlı çörək və qərzəkli meyvələrdən hazırlanmış xonça ilə qarşılandılar. Açılış mərasimindən sonra Zaqatala Bölgə Təcrübə Stansiyasının “Pərzivan” ərazisindəki fındıq bağına və “Qaraca fındıq” MMC-nin fındıq emalı zavoduna baxış keçirildi. 
Mübariz Əhmədzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışdı. Bildirdi ki, ölkəmizdə aqrar sektorun inkişafı dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatında məhsul istehsalının artırılması ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin ixrac potensialının gücləndirilməsi baxımından da böyük əhəmiyyətə malikdir. İxrac edilən kənd təsərrüfatı məhsulları arasında fındıqçılıq hazırda ikinci yerdədir.
Xatırladaq ki, Zaqatala bu gün respublikamızda ən sürətlə inkişaf edən rayonlardan biridir. Rayonda fındıqçılığın çox böyük potensialı var. Elə festivalda da qeyd edildi ki, fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hələ 1929-cu ildə keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı zavodu ­burada fəaliyyətə başlayıb. Zavodda istehsal olunan fındıq və konserv məhsulları bütün sovet respublikalarına, həmçinin bir sıra Avropa ölkələrinə ixrac edilirdi. 1932-ci ildə isə Zaqatalada ilk fındıqçılıq sovxozu yaradılıb.
Rayon rəhbəri yada saldı ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, son dörd ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 19 min 760 hektara çatdırılıb, qoz və şabalıd sahələri də genişləndirilib. 2015-ci ildə rayonda 9 min 283 ton fındıq istehsal olunduğu halda, 2018-ci ildə istehsalın həcmi 15 min 69 tona çatıb. Ötən il Zaqatalanın emal müəssisələri tərəfindən 72 milyon 59 min manat dəyərində fındıq məhsulları ixrac edilib. Diqqətə çatdırıldı ki, 2018-ci ildə rayonda, həmçinin 783 ton qoz və 141 ton şabalıd istehsal olunub.
Festivalda eşitdiyim bəzi maraqlı məqamları yaddaş dəftərçəmə qeyd etmişdim. Məsələn, orada deyildi ki, “bu gün Azərbaycanda 80 min hektardan çox qərzəkli meyvə bağları var. Son 5 ildə bağların ümumi sahəsi iki dəfəyədək artıb. Azərbaycan bu gün dünyanın üçüncü ­fındıq istehsalçısıdır”. Yaxud: ­“Şimal-qərb bölgəsinin brendinə çevrilmiş fındıq, qoz, şabalıd və digər qərzəkli məhsullar bu gün Azərbaycanı dünyada təşviq edir. “Made in Azərbaycan” brendi altında xarici bazarlara ixrac olunan bu məhsullar, sözsüz ki, ölkəmizin şan-şöhrətinin dünyada tanıdılmasına töhfə verir”.
Yadımda olmuşkən, ­xatırladım ki, “Fındıq ASC-nin prezidenti İsmayıl Orucovdan və ­“Qaraca” MMC-nin sədri Ramazan Qaracayevdən də Zaqatala fındığının keyfiyyəti, məhsuldarlığı və fermerlərin bu sahədə qazandığı uğurlar barədə çox eşitmişdim. 
Zaqatalanın aqrar sektoru ilə bağlı olan və iştirakçısı olduğumuz üçüncü tədbir də bilavasitə qərzəkli meyvələr istehsalının inkişaf perspektivlərinə həsr olunsa da, burada sırf elmi müzakirələr aparıldı. Xatırladaq ki, dövlət başçımız aqrar sektorun inkişaf perspektivləri barədə danışarkən, xüsusilə vurğulayır ki, biz bu inkişafa elmi şəkildə əsaslandırılmış plan və proqramların icrası ilə nail ola bilərik.
Elə Zaqatalada keçirilən simpoziumda da bu məqam yada salındı. Xatırladıldı ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkə iqtisadiyyatında aqrar sahə xüsusi rola malikdir və qeyri-neft sektorunun aparıcı sahəsi elan edilib.
RİH başçısı Mübariz Əhmədzadə II Beynəlxalq fındıq, qoz, şabalıd festivalının rayonun sosial-iqtisadi və mədəni həyatında əlamətdar hadisə olduğunu bildirərək dedi ki, Zaqatala rayonunda fındıqçılığın çox böyük potensialı var. Hazırda Zaqatala rayonunda fındığın 100-dən çox növü yetişdirilir. Uzun illərin təcrübəsi göstərir ki, yerli “Ata-baba” fındıq növü məhsuldarlığı və ləpəsinin yağlılığı ilə digər sortlardan daha üstündür və dünya bazarında alıcıları daha çox cəlb edir.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirdi ki, torpaq-iqlim şəraitindən asılı olaraq, Azərbaycanın müxtəlif bölgələri müəyyən bitkilər üzrə ixtisaslaşır: “Şəki-Zaqatala bölgəsi, o cümlədən Zaqatala rayonu da qərzəkli meyvə bitkiləri üzrə ixtisaslaşıb. Universitetin bu sahə ilə məşğul olan alimləri bundan sonra da daim fermerlərin yanında olacaq, yeni texnologiyaların mənimsənilməsində onlara kömək göstərməklə, fındıq istehsalının ən yüksək səviyyəyə çatdırılmasına çalışacaqlar”.
Rektorun bu fikri o demək idi ki, bizim Zaqataladan hazırlayacağımız növbəti qəzet materiallarından biri də “Alimlər fermerlərin yanında” adlana bilər. Sağlıq olsun!

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

16 Oktyabr 2019 21:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə