Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir

Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

Heydər ƏLİYEV 
Ümummilli lider


1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan müstəqilliyə qovuşmuşdur. Ancaq o vaxt ölkədə gedən proseslər və mövcud olan ağır vəziyyət müstəqilliyimizi sual altına qoymuşdu. Ölkədə xaos, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. İqtisadi və siyasi tənəzzül faktiki olaraq ölkəmizi uçuruma aparırdı. Bundan əlavə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və təcavüz nəticəsində torpaqlarımızın işğal altına düşməsi, daxili çəkişmələr, qarşıdurmalar və vətəndaş müharibəsinin başlanması – bütün bunlar müstəqilliyimizin ilk illərinin hadisələri idi.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından ­sonra ümummilli liderin zəngin ­siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı Azərbaycanın dövlət müstəqilliyini təhlükələrdən ­qurtarmış və ölkə möhkəm əsaslar üzərində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 

Azərbaycanın inkişaf istiqamətləri 1993-cü ildə və dövlətçiliyimizin formalaşmasının ilk illərində müəyyən edilmişdir. O dövr üçün bu təşəbbüslər həlledici məna daşıyırdı. Çünki bu gün Azərbaycanın reallıqları məhz o dövrdə müəyyən edilmiş və seçilmiş istiqamətlər üzərində qurulmuşdur. Düzgün istiqamət seçilmişdir: Azərbaycan dünya birliyinə inteqrasiya etməli, açıq qapılar siyasəti aparmalı, xarici investisiyaları cəlb etməli idi. Biz bütün bunlara nail ola bilmişik. Azərbaycanda demokratik, dünyəvi dövlətin qurulması da məhz Heydər Əliyev siyasətinin nəticəsidir. Bu gün Azərbaycan sürətlə və uğurla inkişaf edən ölkədir. Ölkəmizdə siyasi proseslər çox müsbət istiqamətdə gedir. Siyasi sistem təkmilləşir. Ölkəmiz demokratik əsaslarla idarə olunur. Söz, vicdan, mətbuat azadlığı, insan hüquqlarının qorunması məsələləri bizim üçün prioritetdir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla aparılır. Biz bütün beynəlxalq qurumlarla, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edirik.
Bu gün dövlət müstəqilliyimiz ümummilli liderin layiqli varisi, regionun güclü lideri Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət nəticəsində daha da güclənib və Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdən ölkə kimi tanınır.
Azərbaycan xalqının tarixində 18 oktyabr milli qürur günüdür. Çünki məhz həmin gün Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etmişdir. Bu mühüm tarixi sənədlə xalqımız uzun əsrlər boyu həsrətində olduğu azadlığına qovuşmuşdur. Lakin dövlət müstəqlliyinə aparan yol çox mürəkkəb olmuşdur. Milli-azadlıq hərəkatından 20 Yanvar faciəsinə qədər kədərli prosesi yaşayan Azərbaycan xalqı qurbanlar bahasına olsa da, müstəqilliyini elan etmişdir. 
Tarixən bütün zamanlarda müstəqillik qanla qazanılır, eyni zamanda, ulu öndərin dediyi kimi, müstəqilliyi qorumaq, onu qazanmaqdan qat-qat çətindir. Lakin istiqlal mübarizəsinin məntiqi sonluğundan sonra, yəni müstəqillik elan edildikdən sonra ölkəmizdə baş verən ictimai-siyasi proseslər Azərbaycan xalqını yeni təhlükələrlə üzləşdirmişdi. Müxtəlif siyasi qruplaşmaların hakimiyyət uğrunda mübarizəsi, xüsusilə də ölkədə güclü liderin olmaması Azərbaycanı növbəti fəlakətlə – tarixin verdiyi müstəqillik şansını itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkə vətəndaş müharibəsinin astanasında dayanmışdı. Bununla bağlı Prezident İlham Əliyev belə demişdir: “Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik”. 
Müstəqilliyimizin ilk illərində vətəndaş dəstəyinə malik olmayan hakimiyyət orqanlarının yarıtmaz fəaliyyəti, cinayətkar qruplaşmaların geniş əl-qol açması nəticəsində Azərbaycan ikinci dəfə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. 
Ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı, Milli Ordu formalaşdırıldı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, 1994-cü ilin mayında atəşkəsə nail olundu. Qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən eşidilməyə başladı. Suverenliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ən əsası, böyük siyasi xadimin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. 
Güclü ictimai-siyasi xadim Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərini bu gün Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. Ötən müddət ərzində dövlət başçısının rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə etmişdir. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkədir. Dövlət neft strategiyasının uğurla həyata keçirilməsi, ümumilikdə, iqtisadi-sosial sahələrdə aparılan köklü islahatlar Azərbaycanı gücləndirir, hər bir vətəndaşın sosial həyatına müsbət təsir göstərir. Hazırda Azərbaycanda güclü infrastruktur yaradılmış və ölkəmiz xarici investisiyaların cəlbedici məkanına çevrilmişdir. Ötən 28 il ərzində böyük inkişaf yolu keçməklə beynəlxalq arenada da mövqelərini gücləndirməyə nail olmuşdur. “Eurovision”, Avropa Oyunlarına, İslam Həmrəylik Oyunlarına və “Formula-1” kimi nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi, bir çox geosiyasi əhəmiyyətli enerji-nəqliyyat dəhlizlərinin formalaşdırılmasında iştirakı Azərbaycanın güclü dövlət olduğunu bir daha təsdiqləmişdir. Bu mühüm tədbirlərin Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir. 
Bir sözlə, ulu öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasəti nəticəsində müstəqil Azərbaycan son 28 il ərzində kifayət qədər böyük uğurlar qazanmışdır. Güclü siyasi iradəyə, böyük maliyyə resurslarına malik olan Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə evsahibliyi edən humanitar məkan kimi tanınır. Sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilmiş Azərbaycan bəşəriyyətin cavab axtardığı bir sıra vacib məsələlərin müzakirəsinin qlobal səviyyəyə yüksəlməsində müstəsna rol oynayır və bu strateji kurs artıq dönməz xarakter almışdır. Bütün bu faktorlar Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq arenada nüfuzunun güclənməsinə öz töhfəsini verir. Ən əsası, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar-mədəniyyət həyatında cərəyan edən güclü inkişaf dinamikası hər bir azərbaycanlının Azərbaycanın dövlət müstəqiliyinin daha da güclənəcəyinə və üçrəngli bayrağımızın əbədi dalğalanacağına olan inamını artırır.

 

Aydın HÜSEYNOV, 
Milli Məclisin deputatı

 

16 Oktyabr 2019 21:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə