Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Oktyabrın 16-da Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 
İclasda Fond tərəfindən 2019-cu ildə görülmüş işlər, o cümlədən 12-ci qrant müsabiqəsinin nəticələri, xaricdə təhsil proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera mərkəzlərinin fəaliyyəti, “GəncLik” proqramı, “YayFest” düşərgəsi, Səyyar Gənclər Xidməti və digər fəaliyyətlər haqqında hesabat məruzələri dinlənilib. 
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə qayğısının növbəti təzahürü olaraq, ölkəmizin şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin bölmələrinin yaradılması ilə bağlı 2019-cu il 1 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlər müzakirə olunub. 
İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, şuranın üzvləri – Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər. 
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov jurnalistlərə müsahibəsində iclasda əsasən Fondun il ərzindəki fəaliyyətinin müzakirə olunduğunu vurğulayaraq bildirib: “2019-cu il Gənclər Fondu üçün kifayət qədər məhsuldar olub. Bu il qarşıya qoyulan məqsədlərə nail olunub, bir sıra proqramlar həyata keçirilib. Bu proqramlar arasında xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı müsabiqə, sosial müdafiəyə ehtiyacı olan gənclərin, tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üzrə müsahibənin nəticələri, beynəlxalq təşkilatlarda təcrübə keçmə, beynəlxalq tədbirlərdə iştirakla bağlı gənclərin dəstəklənməsi, gənclər təşkilatları üçün 12-ci qrant müsabiqəsinin nəticələri və hazırkı vəziyyəti, eyni zamanda, Gənclər Fondu tərəfindən bu il həyata keçirilən xüsusi layihələr, yəni, “YayFest” gənclərin yay düşərgəsi ilə bağlı təqdimat edilib, gənclər üçün xüsusi mobil tətbiq olan “GəncUp”la bağlı arayış təqdim olunub. Bunlarla yanaşı, iclasda Prezident İlham Əliyevin Sərəncamının icrası istiqamətində ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi müzakirə olunub”.
F.Cəfərov qeyd edib ki, Gənclər Fondunun Müşahidə Şurası tərəfindən C kateqoriyası - fərdi layihələr üzrə qrant müsabiqəsinin nəticəsi təsdiq edilib. Bu nəticələr oktyabrın 17-də Fond tərəfindən rəsmi qaydada dərc olunacaq. 

 

AZƏRTAC

16 Oktyabr 2019 21:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə