Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxıstanlı nazirlər ADMİU-da

Qazaxıstanlı nazirlər ADMİU-da

Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri xanım Aktotı Raimkulova və təhsil və elm naziri Asxat Aymaqambetov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olublar.
Universitetin rektoru, professor Ceyran Mahmudova qonaqları qəbul edib və onlara Azərbaycanın zəngin mədəniyyəti, ölkəmizin təhsil sistemi, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tarixi, bugünkü vəziyyəti və strukturu barədə məlumat verib. ADMİU-nun fakültələri və ixtisasları haqqında danışan rektor qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin incəsənət təmayüllü ali təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsi universitetin fəaliyyətinin prioritet istiqamətlərindəndir. 
Rektor Qazaxıstanın sənətlə bağlı əsas ali təhsil ocaqları ilə ADMİU-nun əməkdaşlıq etdiyini, qazaxıstanlı tələbələrin mütəmadi şəkildə universitetdə elmi təcrübə keçdiklərini bildirib. Görüşdə Azərbaycanın türkdilli dövlətlər arasında bütün fəaliyyət sferalarında, o cümlədən mədəniyyət, incəsənət, elm və təhsil sahələrində də sıx əməkdaşlığın vacibliyi vurğulanıb.
Qonaqlar Qazaxıstanın Azərbaycanı hər mənada dəstəklədiyini, görüşdən məmnun qaldıqlarını, bundan sonra əlaqələrin daha sıx şəkildə inkişaf etməsi, birgə layihələrin baş tutması üçün əllərindən gələni edəcəklərini bildiriblər. 
Sonra rektor qonaqları universitetin binası, tədris və yaradıcılıq prosesi ilə tanış edib. Universitetin Vernisaj zalında nümayiş olunan xalça və qobelen sərgisi qazaxıstanlı qonaqların xüsusi marağına səbəb olub. Nazirlər sərgidə nümayiş olunan işlərlə yaxından maraqlanıb, ADMİU- nun tələbələrinin əl işi olan qobelen nümunələrinə heyran olduqlarını bildiriblər.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

16 Oktyabr 2019 21:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə