Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boris Consondan Avropa İttifaqını təcili tərk etmək tələb olunur

Boris Consondan Avropa İttifaqını təcili tərk etmək tələb olunur

Yüzlərlə britaniyalı sahibkar Birləşmiş Krallığın Baş naziri Boris Consona müraciət edərək, hazırda mövcud olan iqtisadi qeyri-müəyyənliyə son qoymaq üçün ölkəni 31 oktyabrda Avropa İttifaqından çıxarmağa çağırıb. “The Daily Telegraph” qəzeti Britaniya Sahibkarlar Alyansının bununla bağlı məktubunu dərc edib. Məlumatı TASS verib.

Məlumata görə, məktub 290 sahibkar tərəfindən imzalanıb. İşgüzar dairələrin nümayəndələri Boris Consondan elan etdiyi vaxtda “Brexit”i həyata keçirməyi tələb ediblər. “Müddətin uzadılması bizim siyasi sistemə etibarın itirilməsi ilə nəticələnəcək. Mühafizəkar brendi həmişəlik ləkələnəcək, güc toplamaqda olan “Brexit” partiyası isə ölkədəki hər bir yer uğrunda mübarizə aparacaq. Nəticədə “Brexit”in vaxtının uzadılmasında maraqlı olan parlament və daha dağıdıcı qeyri-müəyyənlik yaranacaq. Böyük Britaniya 2 ildən artıq bir müddətdə dəfələrlə kompromisə gedib. Əgər Avropa İttifaqı Baş nazirin son təkliflərini rədd etsə, o, dərhal danışıqları dayandırmalı və getməlidir”, – deyə məktubda qeyd edilir.
Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqını 2016-cı ildə keçirilmiş referendum nəticəsində tərk etməlidir. Əvvəlcə “Brexit” 2019-cu il martın 29-na planlaşdırılmışdı. Ancaq Britaniya parlamenti Aİ ilə razılaşmanı üç dəfə təsdiq etməyib. Nəticədə “Brexit”in müddəti müxtəlif müddətlərə qədər uzadılıb. Hazırkı Baş nazir Boris Conson oktyabrın 31-də Aİ ilə razılaşmalı, yaxud razılaşmasız “Brexit”i həyata keçirmək niyyətindədir.
Avropa İttifaqı isə oktyabrın sonunda fövqəladə sammit çağıraraq Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı məsələni müzakirə edəcək. BBC-nin məlumatına görə, oktyabrın 17-18-də Aİ dövlət və hökumət başçılarının zirvə görüşündən sonra İngiltərə ilə danışıqlarda böyük irəliləyişə nail olunduğu barədə bəyanat veriləcək.

 

Paşa ƏMİRCANOV,  “Xalq qəzeti”

16 Oktyabr 2019 21:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə