Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni binası açılmışdır

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni binası açılmışdır

Oktyabrın 14-də Bakıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Macarıstan Xarici İşlər nazirlərinin, Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un və Türk Akademiyasının rəhbərlərinin iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni istifadəyə verilmiş inzibati binasının açılışı olmuşdur.

Qonaqlar inzibati binada yaradılan şəraitlə tanış olaraq  türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənələrinə dair sərgiyə baxmışlar.

Qonaqları salamlayan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti, türk dünyasının zəngin mədəniyyəti, qədim tarixi, milli-mənəvi dəyərləri ilə bağlı həyata keçirilən layihələr haqqında məlumat vermişdir. Günay Əfəndiyeva türk dünyasının maddi və mədəni irsinin zənginliyi, bu irsin qorunmasının,öyrənilməsinin və beynəlxalq miqyasda təbliğ edilməsinin əhəmiyyətindən danışmışdır. O əlavə etmişdir ki, yeni istifadəyə verilmiş binada bütün türk xalqlarının mədəniyyəti, tarixi, zəngin irsi ilə bağlı tədbirlər keçiriləcək.

Tədbir bədii hissə ilə davam etmişdir.

Qeyd edək ki, türkdilli xalqların maddi-mənəvi irsinin qorunması, tədqiqi və təbliği işini həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması təşəbbüsü ilə bağlı qərar 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilmiş IX Zirvə  görüşündə qəbul edilmişdir. Həmin qərar 2010-cu il sentyabrın 16-da İstanbulda Türk dilli ölkələrin dövlət başçılarının X Zirvə Toplantısında dəstəklənmişdir. Fondun Nizamnaməsi 2012-ci il avqustun 23-də Bişkek şəhərində keçirilən Zirvə Görüşündə Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan hökumət başçıları tərəfindən qəbul edilmişdir.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

15 Oktyabr 2019 15:32 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə