Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

Birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri çərçivəsində növbəti addım kimi, uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı da elektronlaşdırılıb.  Bununla əlaqədar DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, ƏƏSMN tərəfindən 2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Bununla yanaşı, ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd üzrə təyinatın avtomatlaşdırılması nəzərdə tutulub. Onlardan biri -- uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı artıq elektronlaşdırılıb.    A.Kərimov diqqətə çatdırıb ki, uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur. Təcrübə göstərir ki, iki valideyn işləmədiyi halda onlar üçün müxtəlif sənədlərin toplanması, təqdim edilməsi və s. baxımından müəyyən çətinliklər, həm də vaxt itkisi yaranırdı. Hələlık birdəfəlik müavinətin e-qaydada təyinatı işləməyən valideynləri əhatə edəcək. Növbəti mərhələdə isə bu e-xidmət işləyən valideynlərə şamil ediləcək. O, həmçinin deyib ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Bu müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub.

Sonra nazirliyin e-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni sistemin təqdimatını edib. Qeyd edilib ki, uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra ƏƏSMN tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunacaq. Bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayacaq. Birdəfəlik müavinət uşağın anasına (ana olmadıqda və ya digər istisna hallarda atasına) təyin ediləcək və bu barədə, həmçinin müavinəti hansı bankdan alacağı barədə  valideynə sms-məlumat göndəriləcək. Valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq.                                                                                               

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Oktyabr 2019 12:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə