Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib

Oktyabrın 14-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın yerli təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi. Bununla da, bu məsələlər gündəmin əsas mövzusuna çevrilib.
Əli Əhmədov deyib ki, Aşqabaddakı çıxışı ilə Prezident İlham Əliyev Ermənistan hökuməti və dövlətinin apardığı təhlükəli siyasəti ifşa etdi: “Bütün dünya birmənalı şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda Ermənistan hökumətinin belə bir siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi. Belə ki, faşist siyasəti nəticəsində dünyada 10 milyonlarla insan həlak olub. Ermənistan faşizmə əsaslanan siyasət aparmaqla əslində bütün dünyaya xəyanət etmiş olur. Prezident İlham Əliyev bunu bir daha isbat etdi”.
YAP Sədrinin müavini söyləyib ki, dövlətimizin  başçısı "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirməklə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yeni bir yanaşmanı ortaya qoydu: “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin əsas məna yükü ondan ibarətdir ki, Qarabağ Azərbaycan üçün olum ya ölüm məsələsini ifadə edir. Prezident bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoydu”. 
Əli Əhmədov qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin bu bəyanatını birmənalı şəkildə dəstəkləyir. Onun fikrincə, Prezidentimizin bu mesajı işğalçı Ermənistana, beynəlxalq birliyə və Azərbaycan cəmiyyətinə ünvanlanıb: “Nə məlum münaqişə, nə onun hələlik aradan qaldırılmamış nəticələri, nə də nizamasalma prosesi Qarabağın mənsubiyyətini dəyişdirmir, dəyişdirə bilməz və dəyişdirməyəcək. Prezidentin bütün dünyaya çatdırdığı mesajın mahiyyəti məhz bundan ibarətdir. Dövlətimizin başçısı bir çox dövlət başçılarının, çoxsaylı beynəlxalq siyasi ekspertlərin və mətbuat nümayəndələrinin qarşısında cəsarət və qətiyyət nümunəsi sayıla biləcək çıxışının arxasında möhtəşəm gücün dayandığı heç kimdə şübhə yaratmır. Bu güc hər şeydən əvvəl xalqın iradəsi, Azərbaycanın silahlı qüvvələrinin döyüş qabiliyyəti, nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad etmək əzmidir. Bu güc, eyni zamanda, beynəlxalq hüquqa, onun ədalətli mahiyyətinə inamdan irəli gəlir. Prezident İlham Əliyevin mesajı bütün lazımi ünvanlara, lazımi səviyyədə çatıb. Onu, ilk növbədə, Ermənistanda eşidiblər və yəqin ki, gərəkli nəticə çıxarıblar”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib ki, Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasındakı və Aşqabadda Zirvə toplantısındakı nitqləri beynəlxalq münasibətlər tarixində milli maraqları qorumaq mövqeyi baxımından qızıl hərflərlə yazılacaq çıxışlardır.
S.Seyidov vurğulayıb ki, bu gün dünyada çox çətin, mürəkkəb, ədalətsiz beynəlxalq mühit mövcuddur. “Biz də bu mübarizənin içindəyik. Böhtanla, yalanla, torpaqlarımızı işğal edən işğalçı qüvvələrə qarşı mübarizədəyik. Bu mübarizəni dövlətimizin başçısı hər iki toplantıda həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi. Hesab edirəm ki, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri Prezidentin şəxsi keyfiyyətləridir. Digər məsələ isə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair erməni təbliğatını ifşa etmək və onu darmadağın etməkdir", - deyə Səməd Seyidov vurğulayıb. 
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyev hər zaman qətiyyətli mövqe nümayiş etdirib, haqq səsimizi yüksək tribunalardan, siyasi kürsülərdən səsləndirib. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və müdrikcəsinə davam etdirilir. “Dövlətimizin başçısı “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və onun ardınca Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi. Bu, hər bir azərbaycanlının dəstəklədiyi mövqedir”, - deyə B.Sadıqov qeyd edib. 
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev Prezident İlham Əliyevin qətiyyətli çıxış və bəyanatının Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, dövlətimizin başçısının çıxışı Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günün uzaqda olmadığına bir mesaj idi. "Bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracağımız gün uzaqda deyil. Biz ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bunu gündəlik həyatımızla bağlamalıyıq. Sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda bu fəaliyyəti davam etdirməliyik”, - deyə Tural Gəncəliyev vurğulayıb.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri bildirib ki, cinayətkar ünsürlər bu qətiyyətli bəyanatlardan dərs götürməli, tezliklə qüvvələrini işğalda olan torpaqlarımızdan çıxarmalıdırlar. Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul edib, bayrağımız altında yaşamağa razılıq verməkdir. 
Konfransda YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə və YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Mirzəyev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində Azərbaycanın diplomatik cəbhədə işğalçı Ermənistanın dalana dirəndiyi vurğulanıb. Qeyd olunub ki, dövlətimizin başçısının siyasəti torpaqlarımızın işğaldan azad olunacağı günü daha da yaxınlaşdırır. 

14 Oktyabr 2019 22:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə