Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib

Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib

Oktyabrın 14-də Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib.
Tədbirdə çıxış edən Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov Türk Şurasının BMT-nin Baş Assambleyasında müşahidəçi statusu alması istiqamətində işlərin davam etdirildiyini bildirib. “Türk Şurası beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirir. Təşkilata sədrlik Azərbaycana keçir. Lakin növbəti dövrdə də Qırğızıstan təşkilata üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı yenə də diqqət mərkəzində olacaq. Təşkilata üzv ölkələr arasında yenidən biznes forumlar keçirilməlidir”, - deyə nazir vurğulayıb. 
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək Türk Şurasında sədrliyini uğurla başa çatdırması münasibətilə Qırğızıstanı, həmçinin Türk Şurasının yeni üzv dövləti olan Özbəkistanı təbrik edib. 
Elmar Məmmədyarov  bildirib ki, Azərbaycan Türk Şurasının məqsəd və vəzifələrinin həyata keçirilməsində çox vacib rol oynayan, əməkdaşlığın gücləndirildiyi, qlobal risklər və təhdidlərə qarşı səylər və təsirli cavabların verildiyi mühüm, hətta həlledici bir zamanda Türk Şurasının VII Zirvəsinə ev sahibliyi edir. İnstitusional mexanizmləri gücləndirmək və yeni əməkdaşlıq modellərini yaratmaq yolunda sammit regional və qlobal hadisələrə toxunmaq və əməkdaşlığın yeni perspektivlərini araşdırmaq üçün bir fürsətdir.
“2009-cu il oktyabrın 3-də Naxçıvan Sazişi imzalanandan bəri Türk Şurası türkdilli dövlətlər arasında hərtərəfli, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığı təşviq etmək üçün səylər göstərib. On il ərzində Türk Şurası bölgədə sülhün qorunmasında, üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində, ümumi maraq doğuran bütün sahələrdə, o cümlədən ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasında, regional və ikitərəfli əməkdaşlığın təşviq edilməsində bir dayaq olduğunu sübut edib. Bu baxımdan, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğuna və xüsusi prioritet istiqamətlərdəki səylərimizin regional tərəfdaşlığa yeni təkan verəcəyinə və Türk Şurasına yeni bir hərəkətverici qüvvə olacağına inanırıq”,- deyə nazir vurğulayıb.
Azərbaycanın Xarici İşlər naziri deyib: “Ölkəmiz TDƏŞ-in üzv dövlətləri və müşahidəçiləri ilə güclü siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir. Üzv dövlətlər və müşahidəçilər arasında tarixi İpək Yolunu canlandırmaq və onu yeni infrastruktur layihələri ilə yaxınlaşdırmaq üçün əməkdaşlığın intensivləşdirilməsi iqtisadi əlaqələrimizin əsas dayaqlarından biridir. Azərbaycan Avrasiya bölgəsinin nəqliyyat xəritəsini yenidən tərtib edən infrastruktur investisiyaları həyata keçirir. Yeni bağlılıq təşəbbüsləri təkcə regional inteqrasiyaya töhfə vermir, həm də Türk Şurası üzv dövlətləri və müşahidəçiləri arasındakı əməkdaşlığı artırır. Bakı-Tbilisi-Qars dəmir yolu Transxəzər Şərq-Qərb Orta Dəhliz təşəbbüsünün vacib tərkib hissəsidir və yük daşımalarının həcminin artması nəticəsində ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək. Bundan əlavə, Azərbaycan Türk Şurasına müşahidəçi dövlət qismində Macarıstanla əməkdaşlığın inkişafını dəstəkləyir və 2019-cu il sentyabrın 19-da Budapeştdə Türk Şurasının ofisinin açılmasını alqışlayır. Macarıstan və Türk Şurası üzv dövlətləri arasında əməkdaşlıq geniş sahələrdə uğurla inkişaf edir və biz əminik ki, ofis Türk Şurasının Avropa qurumları ilə əlaqələrinin möhkəmləndirilməsində köməkçi rolunu oynayacaq.
Nazir bildirib ki, Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanın təcavüzündən əziyyət çəkməkdə davam edir. Nəticədə bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarında qanlı etnik təmizləmə ilə üzləşib və qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Lakin Ermənistan işğala və təcavüzə son qoyulması barədə BMT TŞ-nin qətnamələrinə və beynəlxalq təşkilatların digər sənədlərinə məhəl qoymamaqda davam edir. 
“Azərbaycana qarşı təcavüzü pisləyən, Ermənistanı yuxarıda göstərilən qətnamələri yerinə yetirməyə çağıran prinsipial mövqe nümayiş etdirdiyi üçün hər bir ölkəyə və Türk Şurasına yüksək dəyər verdiyimizi bildirmək istərdim. Bu baxımdan, Türk Şurası üzv dövlətlərinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həlli üçün birmənalı dəstəyi çox təqdirəlayiqdir. 
Sonda iclasın yekunlarına dair mətbuat konfransı keçirilib.

 

AZƏRTAC

14 Oktyabr 2019 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə