Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli intibahın yeni mərhələsinin başlanğıc tarixi

Milli intibahın yeni mərhələsinin başlanğıc tarixi

...O, yüksək intellektli, praqmatik düşüncəli, ­müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Ulu öndər Heydər Əliyevin Azərbaycan vətəndaşlarına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciətindən


Azərbaycan Respublikasının Prezidenti seçilməyimlə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqindən 
31 oktyabr 2003-cü il 


Dahi müasirimiz Heydər Əliyev xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 16 il ərzində milli intibahın növbəti şərəfli mərhələsini yaşayır. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı naminə misilsiz fəaliyyətində Prezident İlham Əliyev varislik, novatorluq və dinamizm prinsiplərinə sadiqlik nümayiş etdirir. Bütün bunlar, əslində, Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoyduğunu təsdiqləyir. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” – deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin 16 il öncə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” – fikirləri ilə real məzmun kəsb etməyə başladı.

Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 faiz) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.
Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas meyarlardır. Sözün həqiqi mənasında, son 16 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Azərbaycan bü gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ökləmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya böyük dövlətin diqtəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir. 
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənovun Prezident İlham Əliyevin 15 illik prezidentlik dövrünün dərin elmi-analitik təhlilini apardığı “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsində qeyd olunduğu kimi, son 15 il ərzində ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atmışdır. Görkəmli alim Əli Həsənov təkzibedilməz faktlara və arqumentlərə əsaslanaraq qeyd edir ki, 15 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artmışdır. 2004-cü ildə ölkənin valyuta ehtiyatları 1,8 milyard dollar təşkil edirdisə, hal-hazırda bu göstərici 45 milyard dollara çatmışdır. 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq sərmayə qoyulmuşdur ki, bunun da təxminən yarısını xarici investisiyalar təşkil edir. Onu da qeyd edək ki, həmin dövrdə Azərbaycana qoyulan sərmayələr bütün müstəqillik illərində yatırılan investisiyaların 93 faizinə bərabərdir.
Prezident İlham Əliyev hələ 16 il əvvəl bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaqdır. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı mühüm addımlar onun sözü ilə əməlinin eyni gücə malik olduğunu növbəti dəfə təsdiqlədi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı artıq 3 dövlət proqramı qəbul olunmuş və onların uğurlu icrası təmin edilmişdir. Növbəti 4-cü dövlət proqramının icrasına başlanılmışdır. İlk növbədə, infrastruktur layihələrin icrasına start verilmişdir. Bu, bir həqiqətdir k, energetika hər bir dövlətin iqtisadiyyatının bel sütunudur. Təsadüfi deyildir ki, dövlətimizin başçısı olkəmizdə elektrik stansiyalarının mövcud olmasına “dövlətimizin uğurlu və sürətli inkişafının əsas amili kimi” yüksək qiymət vermişdir. 2003-cü ildən bəri 30 elektrik stansiyası tikilmişdir. 
Ölkəmizdə 16 il ərzində geniş meliorativ tədbirlər həyata keçirilmiş, Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi 4 iri su anbarı tikilmişdir.Son illər ərzində hər il təxminən 100 min hektardan çox suvarılmayan torpaqlara su xəttləri, kanallar çəkilmişdir.
Möhtərəm Prezidentimiz sosialyönümlü dövlətin formalaşması və inkişafı kursunu həyata keçirir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Həmin siyasətin sayəsində ölkəmizdə 1,9 milyondan artıq yeni iş yeri yaradılmışdır ki, onun da 1,4 milyonu daimi iş yerləridir. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz enmişdir. Maaşlar 5 dəfə, təqaüdlər 8 dəfədən çox artmışdır. Təsadüfi deyildir ki, 2018-ci lin dövlət büdcəsində də sosial xərclər bütün xərclərin 1/3-ni təşkil etməklə 7,7 milyard manata bərabərdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2017-ci illə müqayisədə 8,6 faiz və ya 650 milyon manat artıqdır. 
Ölkəmiz nümunəvi ictimai və sosial xidmət sahələrində innovativ yanaşmaları ilə dünyanın bir çox dövlətlərini qabaqlayır. Həmin nümunəvi xidmətin ən bariz nümunəsi olaraq ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü isə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təsis edilməsini və onun himayəsi altında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərini qeyd edə bilərik. “ASAN xidmət” Azərbaycan məhsulu, Azərbaycan ixtirası və Azərbaycan brendi olaraq beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraq və rəğbətlə xarakterizə olunur.”ASAN” xidmət mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. “Asan xidmət” mərkəzləri ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə məhz xalqın rifahı, vətəndaşın rahatlığı üçün yaradılmışdır. Təsadüfi deyildir ki, bugünədək 30 milyondan çox vətəndaşın müraciətinin daxil olduğu “ASAN xidmət”-in fəaliyyətindən vətəndaşların məmnunluq faizi 100 faizə yaxındır. Bu baxımdan “ASAN xidmət”in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülməsi də təsadüfi sayılmamalıdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Dövlətimizin siyasəti sosialyönümlüdür və əhalinin həssas qruplarına xüsusi diqqət ilə seçilir. Eyni məntiqlə Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşır. 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində növbəti qələbə qazandıqdan sonra cənab İlham Əliyevin imzaladığı ilk fərmanın - 2018-ci il 19 aprel tarixli fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi (bunun üçün 135 milyon manat vəsait ayrılıb) nəzərdə tutulub. Ötən ilin noyabrın əvvəllərindən artıq 6200-ə yaxın şəhidin vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. 2019-cu il ərzində digər vərəsələr də birdəfəlik ödəmə ilə təmin ediləcəklər. 28 yanvar 2019-cu il tarixli sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrıldı. 
Prezident İlham Əliyevin sosial islahatlar paketinin daha bir uğurlu nəticəsi 8 fevral 2019-cu il tarixli sərəncamla ölkədə minimum əmək haqqının 2019-cu il martın 1-dən orta hesabla 40 faiz artırılaraq 180 manata çatdırılması oldu. 600 min (o cümlədən dövlət sektoru üzrə 450 min, özəl sektor üzrə 150 min) işçinin rifahına ciddi dəstək olan bu artım üçün illik 400 milyon manat əlavə vəsait ayrıldı. Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Sərəncamın icrası üçün əlavə olaraq illik 400 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsaitin 2 dəfə artırılması deməkdir. Eyni zamanda, 2019-cu il 26 fevral tarixli Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılaraq 60 manata çatdırılmaqla, bu müavinəti alan 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verildi. 14 fevral 2019-cu il tarixli sərəncamla 110 minədək tələbənin təqaüdlərinin ciddi şəkildə artırılması da təmin olundu. Ölkədə vətəndaşların sosial problemlərinin həllini öz siyasətində prioriet kimi müəyyən edən Prezident cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli fərmanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə də şərait yaratdı. Ölkənin sosial həyatı üçün olduqca mühüm olan, 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu addım Azərbaycan Prezidentinin yüksək humanizmini, onun daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi. 19 fevral 2019-cu il tarixli fərman isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafelərinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu. Beləliklə, ötən dövr ərzində Prezident cənab İlham Əliyevin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi.
Yuxarıda qeyd olunduğu kimi, Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Bu baxımdan dövlət başçısının yeni sosial paketi kimi təqdim olunan 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü vətəndaş rifahı naminə atılan mühüm yeni addımlardır. Bu sərəncamlardan sonra Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılmışdır. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilmişdir. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə 2-ci yerdə qərarlaşmışdır.
Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. 
Ulu öndər Heydər Əliyevin prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvarda məskunlaşmış məcburi köçkünlərlə keçirməsi, növbəti seçkilərdə ən layiqli namizəd İlham Əliyevin də eyni addımı atması təsadüfi deyildi. Bu görüşlər respublika əhalisinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğının təzahürü idi. Həmin vaxt prezidentliyə namizəd İlham Əliyev vəd etmişdi ki, əgər o, prezident seçilərsə, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Prezident seçkilərindən sonra xalqımız verilən vədin layiqincə yerinə yetirilməsinin şahidi oldu. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalamış, bir çox proqramlar qəbul edilmişdir. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir. 
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərlyi ilə bu fəaliyyət iki istiqamətdə aparılır. Birincisi, Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsidir. Bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülmüşdür, 103 yeni qəsəbə salınmışdır. Son bir ildə Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində 5 yeni yaşayış kompleksi istifadəyə verilmişdir. 2018-ci ildə 5800-dən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu il 6 mindən çox məcburi köçkün ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə olaraq, özəl sektorun vəsaiti hesabına Bakı şəhərinin Qaradağ rayonu ərazisində 1026 mənzilli “Qobu Park” və 1300 yerlik “Qobu Park-2” yaşayış kompleksi inşa olunaraq istifadəyə verilmişdir. Görülən fəaliyyətin nəticəsi olaraq, 16 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalmışdır.
Digər istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla “Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu istiqamətdə atılan ilk iki addım kimi, Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar. Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam icra olunsun. Əminik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu məsələ tam həllini tapacaq. Məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər.
Bu xeyirxah missiya – məcburi köçkün və qaçqınlara xüsusi həssaslıq və qayğı ilə yanaşılması siyasəti Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara diqqət və qayğıdan xəbər verir. Məlum olduğu kimi, 2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdi. İlk müşavirənin, məcburi köçkünlərin sosial problemlərinə həsr edilməsi doğma yurdlarından didərgin salınmış soydaşlarımızda ata-baba ocaqlarına qayıdacaqlarına böyük inam yaratmışdır. 
(ardı var)

 

Elman NƏSİROV, 
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor

 

 

14 Oktyabr 2019 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə