Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tarixinin mürəkkəb bir dövrünün həqiqətlərinə konseptual baxış

Azərbaycan tarixinin mürəkkəb bir dövrünün həqiqətlərinə konseptual baxış

Azərbaycan Respublikası Prezidentinin ­Administrasiyasının rəhbəri, görkəmli ­filosof, akademik Ramiz Mehdiyevin hər bir yeni əsəri artıq onun qələminə və tədqiqatçı istedadına bələd olan alim və mütəxəssislər, eləcə də geniş ictimaiyyət tərəfindən xüsusi hadisə kimi qarşılanır. Alimin bu yaxınlarda nəfis şəkildə oxuculara təqdim etdiyi “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” adlı kitabı (Şərq-Qərb, Bakı – 2019, 230 səh.) böyük maraq doğurmuşdur.

Hər şeydən əvvəl, akademik Ramiz Mehdiyev, bir qayda olaraq, heç kimin toxunmadığı, bəzən isə unutmuş olduğu məsələləri araşdıraraq, oxuculara və elmi ictimaiyyətə təqdim edir. İkincisi, dəyərli filosof alimimiz təsəvvür edildiyindən də xeyli dərəcədə mürəkkəbləşmiş və yeni-yeni komponentlər kəsb etmiş dünyamıza, onun çoxşaxəli hadisələrinə uyğun olaraq yeni baxış, yeni nəzəri yanaşma konsepsiyası ilə çıxış edir. 
Əvvəlki əsərlərdən də göründüyü kimi, filosof – alimin əsas kredosu, dominant fikri bundan ibarətdir ki, indiki mürəkkəb dünyamızı düzgün dərk etmək üçün artıq köhnəlmiş olan fəlsəfi müddəalarla kifayətlənmək olmaz, yeni yanaşmalar, fərqli elmi-fəlsəfi, koqnitiv-idraki prinsiplər tələb olunur. 
Akademik Ramiz Mehdiyevin sanballı elmi araşdırmaları gənc tədqiqatçılarımız üçün əsl mənada örnək, nümunə rolu oynayır. Ramiz müəllimin “Azərbaycan: qloballaşma dövrünün tələbləri”, “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”, “Demokratiya yolunda: irs haqqında düşüncələr” kimi konseptual əsərləri samballı elmi faktlar əsasında yazılmış, dünya elmi araşdırmalarının nəticələrini özündə əks etdirən mənbələr kimi hər birimizin stolüstü kitabları sırasındadır.
Ramiz Mehdiyevin yaradıcılıq diapazonu olduqca genişdir. Azərbaycana münasibətdə ikili standart siyasəti, Dağlıq Qarabağ problemi, Qafqazda xristianlığın yayılma xüsusiyyətləri və digər mövzular görkəmli alimin yaradıcılığında xüsusi yer tutur. Akademik son dövrlərdə bir çox mühüm əsərlərini tarix elmimizin, xüsusilə Azərbaycan tarixinin indiyə qədər az öyrənilmiş, prinsipial yanaşma tələb edən məsələlərinin elmi şərhinə həsr etmişdir. Əsas mövzulardan biri Azərbaycan xalqının zəngin dövlətçilik tarixidir.
Bu cəhətdən Ramiz müəllimin oxucular tərəfindən çox maraqla qarşılanmış “Şah İsmayıl Səfəvi. Hökmdarın və döyüşçünün portreti” adlı kitabı Azərbaycan xalqının tarixinin öyrənilməsinə dəyərli bir töhfədir. Kitabın “İsmayıl tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvi dövlətinin yaradılması”, “Şah İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin çiçəklənməsi” kimi fəsilləri oxuculara təqdim olunmuş kitabın nə qədər böyük elmi-idraki əhəmiyyətə malik olmasından xəbər verir. Kitabda Azərbaycan xalqının böyük hökmdar oğlu və mahir sərkərdəsi Şah İsmayıl Xətainin portreti bütün parlaq cizgilərilə oxuculara təqdim olunur. 
Eyni xoş sözləri hörmətli akademikin Nadir şah Əfşara həsr olunmuş kitabı haqqında da demək olar. Zəngin elmi faktlara, az tədqiq olunmuş mənbələrə əsaslanan alim, Nadir şahın istər Azərbaycan tarixi, istərsə də dünya tarix elmi üçün xüsusi əhəmiyyət kəsb edən dövlət xadimi və ordu qurucusu kimi parlaq obrazını yaratmış, bununla da görkəmli fatehin tarixi siması haqqında formalaşmış yanlışlıqların üstündən qələm çəkmişdir. Ramiz müəllimin Şah İsmayıla və Nadir şaha həsr olunmuş, haqqında bəhs etdiyimiz əsərləri Azərbaycan xalqının müstəqil dövlətçilik tarixinə malik olmaması barədə ara-sıra eşidilən sərsəm fikirlərə çox tutarlı cavabdır. 
Tarixi irsimiz barədə erməni saxtakarlıqlarının, Dağlıq Qarabağla bağlı uydurmalarının, o cümlədən bir sıra dünya alimlərinin yanlış mülahizələrinin ifşa edilməsində Ramiz ­Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” əsəri xüsusi əhəmiyyətə malikdir. Heç cür məqbul görünmür ki, dünyanın adlı-sanlı alimi, “Sivilizasiyaların toqquşması” adlı əsərin müəllifi S.Hantinqton elə həmin əsərində “Erməni Dağlıq Qarabağı” ifadəsini işlətsin və yazıqcasına ufuldasın ki, Dağlıq Qarabağ ədalətsizcəsinə Azərbaycana verilib. Çox ehtimal ki, Hantinqton 1921-ci il iyul ayının 4-də keçmiş Kommunist Partiyasının Qafqaz bürosunun iclasında Dağlıq Qarabağ məsələsinin müzakirəsini nəzərdə tutur.
Qafqaz bürosunun bədnam qərarı Nəriman Nərimanovun böyük səyləri nəticəsində həmin qərar bir gün sonra, yəni 1921-ci ilin Qafqaz bürosunun 5 iyulda keçirilmiş təkrar iclasında ləğv edilmiş və Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması qət edilmişdir. Təəssüf doğurur ki, İ.Stalin məşvərətçi səslə də olsa, Qafqaz bürosunun göstərilən hər iki iclasında iştirak etmişdir. Hər iki iclas Tiflisdə baş tutmuşdur. 
Akademik Ramiz Mehdiyevin tariximizin əsl həqiqətlərinin üzə çıxarılması sahəsində ardıcıl elmi araşdırmalarının məntiqi davamı onun “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabıdır. Bu əsər böyük oxucu marağına səbəb olmuşdur. Çünki hörmətli alimimiz tariximiz barədə indiyə qədər formalaşmış bəzi mülahizələrə kəskin etirazını bildirir və özünün yeni konsepsiyasını, xüsusi yanaşmalarını ortaya qoyur.
Kitabın adından da ­göründüyü kimi, o indiyə qədər müasir oxucunun və tədqiqatçının diqqətindən kənarda qalmış konkret tarixi faktlar, məxəzlər əsasında yazılmışdır. Rusiya-İran müharibələri, Gülüstan, Türkmənçay sülh müqavilələrinin bağlandığı dövrlərə aid elə bir konkret siyasi-tarixi məsələ yoxdur ki, bəhs etdiyimiz kitabda onunla bağlı konkret mənbə, arxiv sənədi göstərilməsin, tarixi şəxsiyyətlərin fikirlərinə müraciət edilməsin. Ən qiymətlisi budur ki, fars dilindən ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilmiş 22 sənəd kitaba daxil edilmişdir. Ramiz müəllimin yazdığı kimi, bu tarixi sənədlər 1994-cü ildə İran Xarici İşlər Nazirliyinin Sənədlərin Nəşri İdarəsi tərəfindən çap edilmiş “İranın Qafqaz bölgəsi ilə əlaqələrini əks etdirən sənədlər” adlı topludan seçilib və doğma dilimizdə oxucularımızın sərəncamına verilmişdir. 
Bu sənədlər Azərbaycan xanlarının, şahların, şahzadələrin bir-biri ilə, həmçinin Çar Rusiyasının yüksək rütbəli məmurları ilə yazışmaları, bu yazışmaların Rusiya-İran, Rusiya-Azərbaycan müharibələrinin təsvir olunan dövrdə əsl mahiyyətini, müharibə epizodlarının, qanlı münaqişələrin əsl səbəblərinin, məqsədlərinin aydın dərk edilməsi üçün bir növ, mübaliğəsiz desək “Yol xəritəsi” rolunu oynayır. Yeri gəldikcə haqqında bəhs etdiyimiz sənədlər – məktublaşmalara bəzi istinadlar da edə bilərik. 
Akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” adlı kitabında müəllifin başlıca qayəsi bundan ibarətdir ki, Azərbaycan xalqının milli keçmişi, milli tarixi, milli mənlik şüuru dərindən obyektiv surətdə, bəzək-düzəyə yol verilmədən öyrənilməli, keçmiş tariximizə aid qiymətli nə varsa unudulmamalı, görkəmli tarixi şəxsiyyətlərimizin xalqımız, Vətənimiz qarşısında xidmətləri təhriflərə yol vermədən öyrənilib oxucularımıza çatdırılmalıdır. 
Diqqəti xüsusi olaraq çəkən budur ki, Ramiz müəllim bütün bu məsələlərə bir vətənpərvərlik eşqi ilə, qaynar bir yanğı ilə yanaşır. Görkəmli alimimizin bu barədə fikirlərini icmal şəklində nəzərə çatdırmaq fikrindəyik. Müəllif yazır: “Elmin inkişafı yeni, aktual və yüksək əyara malik araşdırmaların ərsəyə gətirilməsini, yeni faktların, həqiqətlərin aşkara çıxarılmasını, yaxud əksinə, uzun müddət siyasi-ideoloji səbəblərdən beyinlərə yeridilmiş yalanların, saxtakarlıqların ­ifşasını, aradan qaldırılmasını tələb edir”. 
Azərbaycan üçün kifayət qədər həssas olan milli şüurumuzu, tarixi yaddaşımızı bərpa etməyə çalışdığımız bir dövrdə alimlərimizin üzərinə düşən mənəvi məsuliyyətin yükü bir qədər də ağırlaşır (s. 7). Ramiz müəllim milli şüurun təşəkkülünü dövlət quruculuğu qədər mürəkkəb və çoxmərhələli bir proses kimi qiymətləndirərək göstərir ki, bu prosesin düzgün istiqamətdə inkişaf etməsi, dayanıqlı və praktik cəhətdən faydalı olması üçün dərindən düşünülmüş, bütün zəruri detalların nəzərə alındığı, çevik, mütəhərrik strategiya işlənib hazırlanmalıdır. Daha sonra müəllif qeyd edir ki, həmin strategiyada milli şüurun təşəkkülü və 70 ildə ciddi şəkildə zədələnmiş milli yaddaşımızın bərpası nöqteyi-nəzərindən tarix elmimizin vəzifələri, başlıca problemləri və amalları öz əksini aydın şəkildə tapmalıdır.
Akademik Ramiz Mehdiyevin çox cəsarətlə elmi müzakirəyə çıxardığı konseptual məsələlərdən biri də ilk növbədə Ağa Məhəmməd şah Qacara, sonra isə bütövlükdə Qacarlar sülaləsinə, uzun müddət tarixdə özünəməxsus yer tutmuş, rol oynamış Qacarlar dövlətinə münasibətin müsbət istiqamətə doğru dəyişməsidir. Bununla əlaqədar olaraq diqqətli oxucu və yaxud tədqiqatçı Ramiz müəllimin kitabında geniş yer almış tarixi faktlara, elmi dəlillərə, informativ məlumatlara rast gələ bilər. Sadəcə olaraq həmin kitabı oxumaq, oradakı elmi dəlillər və faktlarla tanış olmaq lazımdır. Qacarlar sülaləsinə mənfi münasibətin formalaşması səbəbləri və sonrakı yanaşma metodologiyası akademikin müfəssəl şərhində oxucunu razı salır. 
Ramiz Mehdiyev təəssüflənir ki, Qacarlar dövləti ilə münasibətlərin mahiyyətinə məntiqli, əsaslandı­rılmış bir baxış indiyə qədər ortaya qoyulmamışdır (bax, səh. 41). Müəllif fikrinə davam edir: “Uzun illər sovet ideologiyasının diktəsi ­altında Qacarlar Nadir şah Əfşar kimi xalqımıza yadlaşdırılmış işğalçı və düşmən qismində təqdim edilmişdir. Belə bir rəy formalaşdırılmışdır ki, sanki Şimali Azərbaycan xanları tamamilə ayrı bir xalqın, ölkənin nümayəndələri olmuş, Qacarlar isə onları işğal etmək məqsədilə Cənubi Qafqaza hücum etmişlər” (yenə orada, səh. 36). 
Akademik bu münasibətin formalaşması səbəblərindən bəhs edərkən göstərir ki, bu işdə Qacarların tariximizdəki roluna aydınlıq gətirəcək fundamental tədqiqatların qıtlığı mənfi rol oynayıb. Qacarların Azərbaycanın dövlətçilik və mədəniyyət tarixindəki yerinə, bu sülalənin yetişdirdiyi görkəmli siyasətçilərin, hərbçilərin, diplomatların, incəsənət xadimlərinin həyatına dair daim yeni materiallar təqdim etmək, təbliğat işini keyfiyyətlə aparmaq lazımdır.Müəllif Qacarların Azərbaycanda dövlət quruculuğunun formalaşmasında fəal iştirak etdiklərinə dair maraqlı faktlar gətirir. 
Alim nəzərə çatdırır ki, məsələn, Qacarlar Səfəvilər İmperiyasının qurulmasında yaxından iştirak ediblər. Ramiz­ müəllim əsərində konkret nümunələrə müraciət edir. Məsələn, Səfəvi ordusunun ən cəsur sərkərdələrindən biri, Şah İsmayılın sadiq silahdaşı Qara Piri bəy Qacar, I Təhmasib tərəfindən böyük strateji əhəmiyyətə malik olan Qəndəlaş vilayətinə vali təyin olunan Budaq xan Qacarı, I Şah Abbasın sarayında yüksək dövlət vəzifələri tutmuş Şahqulu xan Qacarı misal gətirmək olar. Şah İsmayıl Qarabağ bölgəsinin idarəçiliyini də Qacarlar nəslindən olan Rüstəm bəyə (Qara Piri bəyin oğlu) tapşırmışdı.
Akademik faktlarla sübut edir ki, hətta Gəncə xanı Cavad xan da Qacarlar sülaləsindəndir. Belə hesab edirik ki, Qacarlar barədə Ramiz Mehdiyevin irəli sürdüyü yeni konsepsiya tam məntiqidir, ciddi dəlillərə əsaslanır. Biz olanımızı qoruyub, saxlayıb, gələcək nəsillərə, gənclərimizə düzgün təqdim etməliyik. Hörmətli akademikimizin bu sahədə səyləri təqdirəlayiqdir.
Müəllifin oxucunun diqqətinə aydın şəkildə, konkret dəlillərlə çatdırmaq istədiyi köklü məsələlərdən biri də vaxtilə Azərbaycanın Çar Rusiyası tərəfindən işğal faktının olub-olmamasıdır. Hörmətli alim bu məsələyə qəti nöqtə qoyur və Azərbaycanın Çar Rusiyası tərəfindən işğal olunduğunu qeyd edir. Şərhimizin əvvəlində nəzərə çatdırdığımız kimi, Ramiz müəllim birinci növbədə Azərbaycan xanlarının Çar Rusiyasının Cənubi Qafqazda işğalçı qoşunlarının komandanı Pavel Sisianovla, o öldürüldükdən sonra Şuşa qarnizonunun komandanı Lisaneviç və Rusiya mətbuatında Qafqazın tufanı adlandırılan general Yermolovla məktublaşmalarına, orada işğal səylərinə və faktlarına əsaslanır. 
Bunların hamısına deyil, yalnız Pavel Sisianovun Gəncənin rəhbəri Cavad xanla məktublaşmasına diqqət yetirmək istərdik. P.Sisianov Cavad xana xüsusi məktub yazaraq, ona hədə-qorxu gəlir, oğlunu girov olaraq onun yanına göndərməyi tələb edir. Cavad xan onun tələbini rədd edir və ona belə kəskin cavab göndərir: “... niyyətiniz müharibədirsə biz də hazırıq ... Qələbə isə Allahın əlindədir ... haradan bilirsiniz ki, döyüşçüləriniz qızılbaşlardan qoçaqdırlar? ... Bədbəxtlik sizi Peterburqdan izləyə-izləyə buraya çəkib gətirib. ... Sən Gəncəyə ancaq mənim cəsədimin üzərindən daxil ola bilərsən” (göstərilən kitab, ss. 88, 88, 90). 
Akademik daha sonra yazır: “Cavad xanın son damla qanına qədər işğalçılarla vuruşması tariximizin ən şanlı qürurverici səhifələrindəndir. Cavad xanın mübarizəsi sovet hakimiyyəti illərində Azərbaycanın Rusiyanın tərkibinə guya könüllü şəkildə daxil olması haqqında yaradılmış mifi də tamamilə darmadağın edir” (həmin kitab, s. 91).
Müəllif çarizmin Azərbaycan xalqına qarşı işğalçılıq və qəsbkarlıq siyasəti barədə fikrini tamamlayaraq və bir daha qüvvətləndirərək göstərir: “... Heç kim inkar edə bilməz ki, xalqımızın başına gətirilən faciələr çarizmin qəddar və qanlı mahiyyətindən, müstəmləkəçi xislətindən, ənənəvi türk düşmənçiliyindən qaynaqlanır” (həmin kitab, s. 10). Bu böyük alim bütün əsər boyunca çarizmin tənqidi ilə yanaşı, xalqımıza qarşı erməni düşmənçiliyinin ölkəmizə və xalqımıza qarşı işğalçılıq və qəsbkarlıq niyyətlərinin tənqidinə, erməni saxtakarlıqlarının ifşasına geniş yer verir. 
Alimin özünü dinləyək: “Azərbaycanın siyasi tarixini bir qədər diqqətlə oxumaq kifayət edər ki, erməni amilinin Qafqaz Albaniyasından indiyədək ölkəmizi qəsb edən bütün yadelli müstəmləkəçilərin Vətənizimizə qarşı qisas, cəza və intriqa aləti rolunu oynadığına konkret faktlar əsasında əmin olaq” (yenə orada, s. 11). Haqqında bəhs etdiyimiz kitabda faktlar isə istənilən qədərdir.
Akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı ilə bağlı yazımızı elə xanlıqlarımızın siyasi irsi probleminə baxışımızla yekunlaşdırmaq istərdik. Haqqında söhbət açdığımız kitabdakı elmi-informativ materiala istinadən Ramiz müəllimə məxsus bir sıra mülahizələri qruplaşdırmaq qərarına gəldik. Əvvəlinci mülahizə bundan ibarətdir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. 
Müəllifin qeyd etdiyi kimi, xanlıqlar dövrü xalqımızın tarixi dərki və milli şüuru üçün olduqca müstəsna əhəmiyyətə malikdir. Bizcə, bu, xanlıqlar barədə dominant mülahizə, fikirdir. İkinci baxış ondan ibarətdir ki, ölkəmizin xanlıqların nüfuz dairəsi üzrə bölünməsi ümumi dövlətçiliyimizin möhkəmlənməsi yolunda müəyyən çətinliklər də yaratmışdır.Akademikin kitabından oxuyuruq: “Şah İsmayıl Xətainin və Nadir şahın hərbi dühası və siyasi məharəti hesabına yaradılan, Azərbaycan türklərinin, titul xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarca feodal dövlətinin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənəzzülə aparıb çıxarır” (həmin kitab, s. 9).
Sonuncu mülahizə bundan ibarətdir ki, Azərbaycan xanlarından bəziləri (Fətəli xan, Hacı Çələbi) xanlıqları bir dövlət halında birləşdirmək sahəsində ciddi səy göstərmişlər, bir sıra hallarda da müəyyən uğur qazanıblar.
Əlbəttə, əvvəldə də yeri gəldikcə haşiyəyə çıxdığımız kimi, Azərbaycan xanlıqlarının, xanlarının siyasi irsi haqqında geniş şərh vermək məqsədini qarşımıza qoymamışıq. Oxucu buyurub Ramiz müəllimin kitabına müraciət etsin. Bu kitab mükəmməl elmi tədqiqatdır. Buna görə də bütövlükdə “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı Azərbaycan alimləri tərəfindən elmi tədqiqatlara cəlb edilməyə tam əsas verir. Azərbaycanın milli tarixşünaslığını yeni, cəsarətli ideyalarla, siyasi-fəlsəfi yanaşmalar və konsepsiyalarla zənginləşdirmək sahəsində ­akademik Ramiz Mehdiyevə yeni-yeni uğurlar arzulayırıq.

 

İzzət RÜSTƏMOV,
fəlsəfə elmləri doktoru, professor

14 Oktyabr 2019 22:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə