Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Vasim Məmmədəliyev son mənzilə yola salınıb

Akademik Vasim Məmmədəliyev son mənzilə yola salınıb

Oktyabrın 14-də Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib.
Vida mərasimində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, digər dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun Bakı Dövlət Universitetinin matəmsayağı bəzədilmiş böyük akt zalındakı tabutu önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklillər qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Akademik Vasim Məmmədəliyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri Bakı Dövlət Universitetinin binasına gələrək görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
Vida mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev görkəmli alim, akademik Vasim Məmmədəliyevin mənalı və şərəfli ömür yolundan, zəngin elmi və pedaqoji fəaliyyətindən, qazandığı nailiyyətlərdən danışıb. Qeyd olunub ki, akademik V.Məmmədəliyevin həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. Universitetdə müxtəlif vəzifələrdə çalışmış alim bütün fəaliyyətini, bacarığını elmə, təhsilə həsr edib.  
Akademik Vasim Məmmədəliyevin şərqşünaslıq elminə əvəzsiz töhfələr verdiyini deyən rektor onun əziz xatırəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.  
BDU-nun şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov akademik Vasim Məmmədəliyevin elmi yaradıcılığından, ölməz əsərlərinin əhəmiyyətindən bəhs edib.  
Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. O, 1964-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1964-1967-ci illərdə Azərbaycan Dillər Universitetinin Sami dilləri üzrə əyani aspiranturasına qəbul olub, Tbilisiyə ezam edilərək aspiranturanı dünya şöhrətli şərqşünas alim, akademik G.V.Seretelinin rəhbərliyi altında bitirib. O, 1968-ci ildə “Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə isə “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bu sahədə SSRİ miqyasında ən gənc elmlər doktoru olub.
1978-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.
Akademik Vasim Məmmədəliyev bütün həyatını xalqımızın mənəviyyatının zənginləşməsinə həsr edib. O, Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin təşəbbüskarlarından idi. Alimin elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunub.
Şərqşünas alim ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib. V.Məmmədəliyev “Ərəb dilçiliyi” adlı fundamental əsərində ilk dəfə “ərəb dilçiliyinin Azərbaycan məktəbi” ifadəsini işlədib və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut edib.
Şərqşünas alim İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Əməkdaşlıq Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü idi. Onun ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr edilən, İslam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair yüzlərlə elmi əsəri, o cümlədən bütün dünya şərqşünaslarının istifadə etdikləri 41 kitabı nəşr olunub.
Alim elm və xalq qarşısındakı böyük xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına və Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.
Böyük alim V.Məmmədəliyev 1991-ci ildə akademik Ziya Bünyadovla birgə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib.
Onun yüksəkixtisaslı kadrlar hazırlanmasında mühüm xidmətləri olub. Alimin rəhbərliyi altında 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanıb.
Akademik Nizami Cəfərov görkəmli alim V.Məmmədəliyevin şəxsiyyətinin, insanlığının böyüklüyündən danışıb. Alim deyib: “Akademik Vasim Məmmədəliyev Azərbaycan elminə dünya şöhrəti gətirmiş bir şəxsiyyətdir. O, ərəbşünasdır, ilahiyyatçıdır, amma bununla yanaşı, humanitar elmimizi bütövlükdə təmsil edən bir alim olub”.    
Akademik Vasim Məmmədəliyevin xüsusi istedad sahibi olduğunu qeyd edən N.Cəfərov onun elmə mühüm yeniliklər gətirdiyini diqqətə çatdırıb. 
Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli görkəmli alim Vasim Məmmədəliyevin şərqşünaslıq elminin inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirib ki, V.Məmmədəliyev bir alim kimi hər zaman Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirlərdə, Humanitar Elmlər Bölməsinin iclaslarında fəal iştirak edib. O, böyük alim olmaqla bərabər, böyük ustad və şəxsiyyət idi. Azərbaycan şərqşünaslığının parlaq simalarından olan Vasim Məmmədəliyev humanitar elmlərin, klassik ədəbiyyatin mahir bilicisi idi.
“İllər, yüz illər keçəcək akademik Vasim Məmmədəliyevin elmi irsi zaman-zaman öyrəniləcək, Azərbaycan elmini hər zaman zənginləşdirəcək”,- deyə Teymur Kərimli bildirib. 
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva akademik V.Məmmədəliyevin şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edib. O bildirib ki, Vasim Məmmədəliyev kökləri orta əsrin dərinliklərinə gedib çıxan Azərbaycan şərqşünaslığının ən layiqli davamçısı, müasir şərqşünaslıq elmimizdə Mirzə Kazım bəy ənənələrinin daşıyıcısıdır. Onun əsas tədqiqat sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, əsərlərində Şərq filologiyası və poeziyası, İslam tarixi, kəlam, fəlsəfə, təfsir, quranşünaslıq, leksikoqrafiyanın ən mühüm məsələləri tədqiq olunub və o, bu sahələrdə də qiymətli əsərlərin müəllifidir.
Akademik V.Məmmədəliyev “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Bəsrə qrammatika məktəbi”, “Kufə qrammatika məktəbi”, “Ərəb dilçiliyi” əsərləri ilə ərəb dilçiliyinin ən ümdə məsələlərinin kamil tədqiqatçısı kimi şöhrət qazanıb. 
Gövhər Baxşəliyeva diqqətə çatdırıb ki, akademik ilk dəfə olaraq ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib. Vasim Məmmədəliyev “Ərəb dilçiliyi” adlı fundamental əsərində ilk dəfə olaraq “ərəb dilçiliyinin Azərbaycan məktəbi” ifadəsini işlədib və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut edib. Ümumiyyətlə, akademikin “Ərəb dilçiliyi” monoqrafiyası nəinki bu sahənin ən ümdə məsələlərinin mükəmməl tədqiqi, həmçinin ümumi dilçilik elminin inkişafına təkan verən mühüm hadisə kimi dəyərləndirilməlidir. Ərəb qrammatika elminin təşəkkülü və onun məktəblərinin öyrənilməsinə həsr olunmuş bu fundamental əsər görkəmli alimin dünya şərqşünaslığına layiqli töhfəsidir.
Şərəfli ömür yaşamış Vasim Məmmədəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Mərhum akademikin ailə üzvləri adından qardaşı Vamiq Məmmədəliyev çıxış edərək mərasim iştirakçılarına təşəkkürünü bildirib.  
Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salındı.
Mərhum II Fəxri xiyabanda torpağa tapşırıldı.
Allah rəhmət eləsin!

 

AZƏRTAC

14 Oktyabr 2019 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə