Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyan absurd iddiaları ilə özünü rüsvay etdi

Paşinyan absurd iddiaları ilə özünü rüsvay etdi

Bütün dünyada neofaşizmə qarşı ciddi mübarizə aparıldığı indiki vaxtda işğalçı Ermənistanda bu təhlükəli ideologiya dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Başqa sözlə, təcavüzkar ölkədə neofaşizm ideyalarını dirçəltmək və yaymaq qarşıya əsas vəzifələrdən biri kimi qoyulub.  

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev nitqində bu narahatlıq doğuran məsələni xüsusi vurğulayıb, eyni zamanda, Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdırıb: “Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.
Bəli, I Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştirak edən, 1919-cu ilin sentyabrında Zəngəzurda yaşayan azərbaycanlı əhalini qılıncdan keçirən, azərbayacanlılar yaşayan kəndləri yandıran, İkinci Dünya müharibəsində isə nasistlərin tabeliyindəki hərbi birləşmənin başçısı olan Qaregin Ter-Arutyunyana İrəvanın mərkəzində abidə ucaldılmaqla bərabər, adına prospekt, meydan, metro stansiyası və kənd verilib, “qəhrəmanlığı” barədə kitablar yazılıb.
Prezident İlham Əliyev Qaregin Ter-Arutyunyan haqqında danışarkən, tarixi bir məqamı da xatırladıb:  “...Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib...”.  
Dövlət başçısı daha sonra vurğulayıb ki, 2019-cu ilin may ayında   Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə Ermənistanın keçmiş hakim Respublikaçılar Partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.
Prezident İlham Əliyev tutarlı faktlara əsaslanaraq, təcavüzkar Ermənistanın faşist ideologiyasını ifşa edərək, həmçinin bildirib ki, Qaregin Ter-Arutyunyan Böyük Vətən müharibəsinin son dövründə almanların yanında Njde ləqəbi ilə xidmət edib, Sovet İttifaqına qarşı döyüşən erməni legionu yaradıb. Sonradan isə aşkarlanaraq həbsə alınıb. Njde fəaliyyətində ”Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” şüarını əsas tutub.
Sonda bir məqamı da xatırladım ki, Prezident İlham Əliyev mötəbər beynəlxalq tədbirlərdə çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın, konkret şəkildə cavab verir. Bununla da dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü beynəlxalq aləmə bəyan edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırır.  

 

Arzuman MURADLI, 
YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq

 

14 Oktyabr 2019 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə