Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Faşizmə xidmət edənlər qəhrəman yox, xalqların düşmənidir

Faşizmə xidmət edənlər qəhrəman yox, xalqların düşmənidir

Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı fikirləri kütləvi-informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılmaqdadır. Dövlət başçısının təsirli çıxışına yorumlar yazılır, təhlillər aparılır. Ermənistan rəhbərləri gözləmədikləri vaxtda yeni və haqlı ittihamla üz-üzə qoyulub.

Azərbaycan ­Prezidentinin konkret, sərrast cümlələrlə faşistlərin qəhrəmanlaşdırılmasına kəskin etirazını bildirərək, Ermənistan hakimiyyətini ittiham etməsinin Paşinyan üçün gözlənilməz olduğu, onun təhər-tövründən bəlli olurdu. Ermənistan ekspertlərinin sözü ilə desək, “saqqallı kloun”, Azərbaycan Prezidentinin dəqiq, faktoloji çıxışı qarşısında nə edəcəyini bilmir, gah sağa, gah sola qanrılıb, nəsə demək istəyir, gah da pərt-pərt ağız-burnunu ovuşdururdu. Karıxıb qalmışdı, nə edəcəyini, nə deyəcəyini bilmirdi. 
Birincisi, Ermənistana yönəlik ittihamlar tarixi, siyasi-hüquqi faktlara əsaslanırdı. İkincisi, çıxışın müəllifi olan Azərbaycan Prezidenti öz təsirli nitqi ilə dövlət başçılarının diqqətini yenidən Ermənsitanın iç üzünü göstərməyə həsr  etmişdi. Soçi “nida”sından az keçmiş Aşqabad ittihamı, bitərəf, çəkingən, bəlkə Ermənistanla müəyyən bağlara sahib olanları belə, düşünməyə vadar etdi. Necə deyərlər, faktlar tərs olur. Durub, nə deyəcəksən? – Deyəcəksən ki, Qareginin heykəli ucaldılmalıydı, ermənilər doğru edib? – Necə ki, təcrübəsiz Paşinyan belə cavaba cəhd eləmək istədi, özünü biabır etdi. Guya, Qaregin deyildiyi kimi birisi olmayıbmış…
Gəlin, Prezident İlham Əliyevin çıxışına bir daha diqqət edək: “...Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada öncəki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın öncəki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir. 
...Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.
 Azərbaycan Prezidentinin alovlu vətənpərvərliyi ilə intellekti, diplomatiyası bu çıxışda bütün parlaqlığı ilə özünü göstərir. İndi Ermənistan hakimiyyəti odla su arasındadır. Tarixi Aşqabad ittihamından sonra, o heykəli götürmək də, götürməmək də, Paşinyana problem yaradacaq. Onsuz da, şüarçılıqla, boş vədlərlə (uğur vəd etməyən Ermənistan geçəkliyi ilə) uzağa getmək mümkün deyil! Demoqrafik durum, maliyyə gərginliyi, işğalçılıqda israr edə-edə özünü dünyəvi, demokrat lider imicində təqdim etmək... – Bunlar bir yerə qədər işlər, yalnız bir yerə qədər. Divar qurtarınca ya yıxılacaq, ya (ən yaxşı halda) səndələyəcəksən!
İşğalçı dövlətin başbilənləri tərsinə nallanmış qatır gününə düşmək istəmirsə, Qafqazda barışa, ümumən, dünya sülhünə zərbə vura biləcək addımlardan geri çəkilməlidir! Qarabağ iştahası, “ikinci erməni dövləti” xəyalı, “miatsum” qışqırığı tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistanın özünü böyük sual altına itələyir! 
Ali Baş Komandanımız, fədakar ordumuz, Qarabağ uğrunda öldürməyə və ölməyə hazır olan Vətən övladlarımız faşist ideologiyasından qurtula bilməyən, onu abidələşdirən işğalçıları, əlbəttə, sarsıdıcı tarixi zərbəyə məruz qoyacaqlar. 

 

Əkbər QOŞALI, 
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri

 

14 Oktyabr 2019 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə