Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aşqabad sammitində böyük diplomatik qələbə

Aşqabad sammitində böyük diplomatik qələbə

Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda öz işinə başlamış MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyana ikinci ağır zərbəsini vurdu. Ermənistanın küçə psixologiyası ilə hakimiyyətə yiyələnmiş baş naziri hələ Valday zərbəsindən özünə gələ bilməmiş Aşqabad zərbəsinə necə dözə biləcək, təsəvvür etmək çətindir. 

Əlbəttə, Azərbaycan Prezidenti qarşısına hər yeni bir beynəlxalq tədbirdə Paşinyanı, yaxud başqa bir erməni liderini ifşa etmək vəzifəsi qoymayıb. Prezident İlham Əliyevin bir məqsədi var: Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əzəli-əbədi və tarixi torpaqlarını işğaldan azad etmək. Özü də dinc yolla, insan itkisinə yol verilmədən, sülh danışıqları vasitəsilə. Bunu, zənnimizcə, Azərbaycanın hər bir vətəndaşı arzu edir. Deməli, Azərbaycan Prezidenti milli maraqlarımızdan çıxış edir. 
Digər tərəfdən, hesab edirik ki, erməni xalqı da gənc oğullarının Qarabağ cəbhəsində ölməsini arzulamır. Bunu erməni əsgər analarının çıxışları da təsdiqləyir. Amma Ermənistanın əvvəlki rəhbərləri – terrorçu prezidentlər Robert Koçaryan və Serj Sarkisyan da, elə hazırkı baş nazir də Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla həllinə mane olurlar. Üstəlik, “Qarabağ Ermənistandır və nöqtə” kimi yersiz və sərsəm bəyanatlar verməkdən də çəkinmirlər. Belə olan halda Azərbaycan rəhbərinin bu işğalçı dövlət başçılarını yerində oturtması təbii və haqlı görünməlidir.
Valdayda Prezident İlham Əliyev dünyaya “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını verməklə Paşinyanı mat etmişdisə, Aşqabadda erməni terrorçusu Qaregin Njdeyə İrəvanın mərkəzində heykəl qoyanların simasızlığını açıb ortaya qoydu və sübut etdi ki, Ermənistanda faşizmə xidmət qəhrəmanlıq kimi qələmə verilir. Üstəlik, buna cavab verməyə çalışan Paşinyan İlham Əliyev tərəfindən ikinci ağır zərbəni alaraq pərt vəziyyətdə yerində oturmağa məcbur oldu. 
Hesab edirik ki, Aşqabad çıxışı Prezident İlham Əliyevin çox böyük diplomatik qələbəsidir. Eyni zamanda, hesab edirik ki, bu, son deyil, İlham Əliyevin zərbələri gələcəkdə də davam edəcək. Ona görə də Paşinyanın bir yolu qalır: təcili olaraq işğal altındakı torpaqlarımızı azad edib canını qurtarmaq! 

 

İbrahim İLYASLI, 
Sumqayıt Şəhər Poeziya Klubunun direktoru

 

14 Oktyabr 2019 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə