Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan iqtisadi böhrandan çıxış yolu tapa bilmir

Ermənistan iqtisadi böhrandan çıxış yolu tapa bilmir

İllərdir ki, erməni diasporunun ianələri hesabına ayaqda durmağa çalışan Ermənistan artıq bu yolun səmərə vermədiyini anlayır, ölkə iqtisadiyyatını dirçəltmək üçün çıxış yolu axtarır. 
İnvestisiya ilə bağlı keçirilmiş biznes forumunda çıxış edən baş nazir Nikol Paşinyanın xeyriyyəçilik məsələsinə toxunaraq, ölkə iqtisadiyyatının dalana dirəndiyini göstərir: “Xeyriyyəçilik illərdir, Ermənistanda qəbul edilmiş bir modeldir ki, bizim iqtisadi münasibətlərimizi tənəzzülə uğradıb, bu, nəinki əksər vaxtlar kömək etmirdi, əksinə, işimizə mane olurdu.” Bu barədə ölkənin “Aysor” saytı yazıb. 
Paşinyan bu çıxışla həm də xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporunun artıq ölkəyə ianələr göndərmədiyini , beynəlxalq təşkilatlar, müxtəlif iş adamları tərəfindən Ermənistana investisiya cəlb olunmadığını etiraf edir. Hətta ara-sıra erməni mediasında yayılan xəbərlərdə erməni diasporunun ölkəyə ianə və yardımlar göndərmək istəmədiyi qeyd olunur. Hətta işğal edilmiş Azərbaycan ərazilərinə də ianə verilməsinə etiraz edənlər də var. 
Paşinyan ölkə iqtisadiyyatını dirçəltmək üçün çıxış yolunu özünəməxsus şəkildə bildirib: “Aydındır ki, insana çörək vermək olar. Əgər insan acdırsa, ona bir-iki gün, üç-dörd, beş-on gün, bir ay, lap bir il çörək vermək olar. Ancaq həmin adamda ələbaxımlıq yaranır, elə bilir ki, ömür boyu başqa insanların hesabına yaşaya bilər” 
Paşinyanın sözlərinə görə, bu gün iqtisadi siyasətin əsasını o təşkil edir ki, hökümət bu fikri hər bir vətəndaşa çatdıra bilsin. “ Ermənistan Respublikasının hər bir vətəndaşı bilməlidir ki, çörəyini alın təri ilə özü qazanmalıdır.” – deyə fikrini yekunlaşdırıb.
Bu il Paşinyanın diplomat və səfirlik nümayəndələri ilə görüşdə ölkəyə investisiya cəlb edilməsi ilə bağlı ciddi tapşırıq verməsi, eləcə də xarici ölkələrlə görüşlərdə erməni əsilli iş adamları, xeyriyyə təşkilatları ilə görüşləri, görünür, bir nəticə vermir. Odur ki, iqtisadiyyatı dalana dirənən ölkənin baş naziri dolayısı ilə cəmiyyətin ianələrdən, xeyriyyəçilikdən əlini üzmək niyyətində olduğunun mesajını verib. Bu isə xaricdə fəaliyyət göstərən diaspor və xeyriyyə təşkilatlarının yardımlarından əlini üzən Ermənistanda sosial-iqtisadi durumunun daha da ağırlaşması deməkdir. Çünki Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayan, iqtisadi tərəqqinin və perpsektivlərinin olmadığı ölkə heç bir xarici investisiya şirkəti üçün cəlbedici görünmür. 

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

14 Oktyabr 2019 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə