Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqlarımız arasında sülh və dostluq əlaqələri möhkəmlənir

Xalqlarımız arasında sülh və dostluq əlaqələri möhkəmlənir

İtaliyanın Bressanone şəhərində Müqəddəs Qüdslü İohann Ordeni – ­Malta Cəngavərləri ilə bağlı keçirilən tədbirdə Böyük magistr, Kral həzrətləri, şahzadə Don Torbyorn Paterno Kastello Karkaçi d’Emanule Ayerbe Azərbaycan xalqına göstərdiyi dostluq və qardaşlıq münasibətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis edilmiş “Azərbaycanın dostu” Qızıl ordeni ilə təltif olunmuşdur. 

Şahzadə Don Torbyorn Paterno Kastelloya mükafatı “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli təqdim etmişdir. 
E.Nəsirli yığıncaq iştirakçılarına jurnalın beynəlxalq əlaqələrinin inkişafı haqqında məlumat verərək demişdir ki, “Azərbaycanım” beynəlxalq jurnalı 2007-ci ildən fəaliyyətə başlamış və bu dövr ərzində böyük oxucu kütləsi qazanmışdır. Əlbəttə, mövzuların aktuallığı, ona xas olan obraz, müasir dizayn və materialların təqdimatı jurnalın uğurlarında əsas rol oynayır. Jurnalın nəinki Azərbaycanda,eləcə də digər ölkələrdə geniş yayılması müsbət haldır. “Azərbaycanım” jurnalı ölkəmizdə və dünyada baş verən əsas hadisələr, eləcə də ölkəmizi sevən məşhur şəxsiyyətlər, ziyalılar, işgüzar insanlar, siyasətçilər, Azərbaycanın dostları və digər sahələrdə çalışan insanlar haqqında məqalələr verir. 
Müqəddəs Qüdslü İohann Ordeni-Malta Cəngavərləri Dağlıq Qarabağda insan hüquqlarının pozulması və təcavüz halları barədə qətnamə qəbul etmişdir. Bu qətnamədə 26 fevral 1992-ci ildə erməni hərbi birləşmələrinin Xocalıda xüsusi amansızlıqla və vəhşiliklə azərbaycanlılara qarşı törətdiyi soyqırımı hadisəsi Ordenin nümayəndələrini dərindən sarsıtmışdır.
Daha sonra Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından şahzadə Don Torbyorn Paterno Kastellonu “Azərbaycanın dostu” Qızıl ordeninə layiq görülməsi münasibətilə təbrik etmiş və demişdir ki, bütün bunlar İtaliya və Azərbaycan xalqları arasında münasibətlərin möhkəmləndirilməsinə, cəmiyyətlər arasında mənəvi həyatın, sülhün, rifahın bərqərar olunmasına və çiçəklənməsinə yardım edir.
Kral həzrətləri, şahzadə Don Torbyorn Paterno Kastello Karkaçi d’Emanule Ayerbe də öz növbəsində baş redaktora, jurnalın kollektivinə öz minnətdarlığını bildirmiş, beynəlxalq əlaqələrin inkişafında onlara yeni uğurlar arzulamışdır.

 

Afət Sadıqoğlu, 
“Xalq qəzeti”

 

14 Oktyabr 2019 22:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə