Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubada “VI Alma Bayramı” festivalı

Qubada “VI Alma Bayramı” festivalı

Harada Qubanın adı çəkilirsə, orada onun füsunkar təbiəti, zəhmətkeş, gülərüzlü, qonaqpərvər əhalisi və bir də bu gözəl yurdun barlı-bəhrəli bağlarının dadlı, ətirli alması yada düşür. Fəxrlə demək olar ki, Quba rayonu bu gün ona şan-şöhrət gətirən alması, digər meyvələri ilə təkcə doğma respublikamızda deyil, qonşu Rusiya və İranda, eləcə də Ukrayna, Qazaxıstan, Türkiyə, hətta ərəb ölkələrində də məşhurdur. 

Onu da deyək ki, alma qubalılar üçün adi meyvə deyil, həm də dolanışıq mənbəyidir. Belə ki, hər il rayonda orta hesabla 120-130 min ton meyvə tədarük olunur. Məhsulun böyük hissəsi respublikamızda və qonşu ölkələrdə satılaraq, rayonun fermer və bağbanlarına kifayət qədər gəlir gətirir. 
Qubalılar dadlı, bərəkətli nemət olan almanın qədrini yaxşı bilirlər, hətta onun adı ilə bağlı ənənəvi təntənəli tədbirlər də keçirirlər. Bu il oktyabrın 12-də isə Qubada növbəti “VI Alma Bayramı” keçirildi. 
Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında düzənlənən təntənəli mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov, Abşeron, Xaçmaz, Xızı, Qusar, Siyəzən, Şabran rayonlarının icra hakimiyyətlərinin başçıları, Milli Məclisin deputatları, dövlət, hökumət qurumlarının rəsmiləri, özəl təşkilatların nümayəndələri, görkəmli alim və pedaqoqlar, eləcə də Yaponiya və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirləri və başqa qonaqlar iştirak etdilər.
Giriş nitqi ilə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Quba Azərbaycanın ən böyük meyvəçilik rayonlarından biridir. Rayonda 17 min hektardan çox meyvə bağı vardır ki, bunun da 13 min hektarını alma bağları təşkil edir. Hər il rayonun alma bağlarından 100 min tondan artıq məhsul yığılır. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində Qubada 10 min hektara yaxın yüksək məhsuldarlığa malik intensiv alma bağları salınıb ki, bu gün həmin bağlar əhalinin əsas gəlir mənbələrindən birinə çevrilib. 
Z.Əliyev qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə son illər rayonda 5 min hektar yeni, daha məhsuldar bağlar, 1400 hektardan çox superintensiv meyvə, həmçinin 2 min hektara yaxın ərazidə yeni fındıq və qoz bağları salınıb. Rayon ərazisində 16-dan artıq soyuducu-kamera tikilərək istifadəyə verilib. 
RİH başçısı sonra dedi: “Son iki ildə cənab İlham Əliyev Quba rayonuna 2 dəfə səfər edib. 2018-ci il oktyabrın 11-də rayonumuza etdiyi on birinci səfəri zamanı dövlətimizin başçısı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir çox sosial-infrastruktur layihələrinin açılışını etmişlər. Prezident İlham Əliyev həyata keçirilən işlərdən razı qaldığını bildirmiş, rayonumuzun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə mühüm sərəncamlar imzalamışdır. Quba–Qonaqkənd yolunun əsaslı şəkildə yenidən qurulması, Quba–Susay–Xınalıq avtomobil yolunun çəkilişi, artıq tikintisi başa çatdırılaraq cari ilin 16 sentyabrında istifadəyə verilmiş 960 şagird yerlik Alekseyevka kənd tam orta məktəbinin yeni binası, Quba şəhərində istismar müddəti başa çatmış yaşayış binasının sakinləri üçün 48 mənzilli bina dövlət başçımızın Qubaya və qubalılara göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür.
Bu gün Quba Azərbaycanın ən abad rayonlarından biridir. Hazırda rayonda geniş miqyaslı tikinti, təmir, yenidənqurma işləri görülür, yollar çəkilir, körpülər inşa edilir, yeni parklar salınır. Cari ildə Quba şəhərinin ən böyük küçələrindən biri olan Vaqif küçəsi tamamilə yenidən qurularaq istifadəyə verilmişdir. Uzun illər əhalinin çətinlik çəkdiyi, 8 min nəfərin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən 23 kilometrlik Barlı–Hacıhüseynli, həmçinin 2 min nəfərdən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini əhatə edən 6 kilometrlik Xucbala–Çartəpə yolları yenidən qurulmuşdur. Son bir neçə ay ərzində Qımılqışlaq kəndinə qədər olan yol asfaltlanmış, Bakı–Quba yolundan başlayaraq Çiçi kəndinə, oradan isə Təngəaltı kəndinə qədər olan yol yenidən qurulmuşdur ki, bu da rayonun 70-ə yaxın yaşayış məntəqəsinin əhalisinin Quba şəhərinə gəlmədən birbaşa Quba-Bakı avtomobil yoluna çıxışına şərait yaratmışdır. 
Cari ildə rayon əhalisinin fasiləsiz olaraq təbii qazla təmin edilməsi məqsədilə lazımi işlər görülmüş, uzun illər əhalinin narahatlığına səbəb olan Quba şəhərinin Dəvədabanı yaşayış massivində, Qonaqkənd qəsəbəsi və Quba–Qonaqkənd yolunun ətrafında yerləşən bütün kəndlərdə, həmçinin Barlı–Gənclər qəsəbəsi istiqamətində yerləşən 11 yaşayış məntəqəsində qazlaşdırılma işləri aparılmışdır.
Milli Məclisin deputatı Vahid Əhmədov çıxışında Azərbaycan iqtisadiyyatının gündən-günə inkişaf etdiyini, ölkəmizdə bütün sahələrdə islahatlar aparıldığını qeyd etdi. Bildirdi ki, bu gün Azərbaycanın hər yerində olduğu kimi, Qubada da əhalinin rifahının daha da yüksəlməsi üçün xeyli iş görülür. Elə növbəti alma bayramının qeyd olunması da rayonuun inkişafından xəbər verir. Son bir ildə dövlət başçısının Qubaya iki dəfə səfər etməsi, bu rayonla bağlı bir sıra sərəncamlar imzalaması qubalılara olan diqqət və qayğının göstəricisidir. Azərbaycanda siyasi sabitliyin qorunub saxlanılmasında Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çox böyük xidmətləri var. Sabitlik olmasaydı, bu cür bayramları da keçirə bilməzdik.
V.Əhmədov qeyd etdi ki, rayonda intensiv bağ sahələrinin ilbəil artırılması müsbət haldır. Hazırda Qubada salınmış alma bağlarında yapon və fransız sortlarından olan alma meyvələri yetişdirilir. Bu da yaxın gələcəkdə rayonda məhsuldarlığın daha yüksək olacağına imkan ­yaradacaq. 
Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov bildirdi ki, cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsində Quba gündən-günə inkişaf edir. Dahi siyasətçi Heydər Əliyevdən yadigar olan müstəqil dövlətçiliyimizi qorumaq bizim borcumuzdur. Hər bir kəs doğma el-obası üçün daha fədakarcasına çalışmalıdır ki, nailiyyətlərimiz çox olsun. İ.Məmmədovun fikrincə, ölkəmizdə alma istehsalının təşviqi, Quba meyvələrinin ixrac potensialının artırılması mühüm əhəmiyyət kəsb edir. 
Çıxışlardan sonra möhtəşəm bayram yürüşünə start verildi. Əvvəlcə təntənəli musiqi sədaları altında gənc idmançı Asim Mikayılov “VI Alma bayram”ının loqosunu iştirakçılara nümayiş etdirdi. Bundan sonra Milli Ordunun “N” saylı hərbi hissəsin əsgərləri başları üzərində Azərbaycanın Dövlət bayrağını tədbir iştirakçılarının alqış sədalarının müşayiəti ilə meydana gətirdilər. Milli geyimli məktəblilər əllərində alma ağacının çiçəkləri, Qubadakı incəsənət məktəbinin nağaraçalanlar ansamblı Azərbaycan ritmləri, Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu milli rəqsləri ilə tədbir iştirakçılarını salamladılar. Xaçmazın “Buta” folklor qrupu, Qusarın zurnaçalanar ansamblı, “Şahnabat” folklor kollektivi, “Assa” ləzginka rəqs qrupu, Qusar Dövlət Ləzgi Dram Teatrı, Şabranın “Çıraqqala” zurnaçalanlar və “Xınayaxdı” folklor kollektivi bir-birindən gözəl rəqs və musiqi nömrələrini ifa etdilər. 
Bayram yürüşünün ən yaddaqalan hissəsi isə çeşidli alma məhsulları ilə dolu təntənəli avtomobil karvanının keçməsi oldu. Belə ki, bu karvanda Quba, Qusar, Xaçmaz rayonlarının meyvə və tərəvəz məhsulları nümayiş olundu. Üzərində almadan naxış salınmış maşın karvanından enən fidan balalar qonaqlara alma hədiyyə etdilər. Tədbirdə qubalı pəhləvan, kəndirbaz və idmançıların, həmçinin klounların çıxışları da maraq doğurdu.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katoridən tədbir barədə ürək sözlərini soruşanda hörmətli qonaq bunları dedi: 
– Yaponiya ilə Qubanın oxşar cəhətlərindən biri gözəl, dadlı almaların yetişdirilməsidir. Bizim ölkədən Azərbaycana “Fuji” və bir çox başqa məhsuldar alma sortları gətirilib. Quba çox gözəldir. Mən Azərbaycana gələn bütün diplomatları bu rayona səfər etməyə çağırıram. 
Qeyd edək ki, builki alma bayramı həm geniş və maraqlı proqramı, həm də yerli sakin və qonaqların fəal iştirakına görə əvvəlkilərdən fərqlənirdi. Təbii ki, bu da gərgin əməyin nəticədir. RİH başçısı Z.Əliyev bildirdi ki, tədbir, həqiqətən, uğurlu və yaddaqalan oldu. Bayramda rayonda meyvəçiliyin inkişafıının potensial imkanları, Qubanın iqtisadiyyatı, zəngin bağçılıq təcrübəsi, qədim tarixi, mədəniyyət və incəsənəti, müxtəlif sənətkarlıq sahələri, rəngarəng adət-ənənələri nümayiş olundu. 
Ziyəddin müəllim xüsusi olaraq qeyd etdi ki, alma bayramında rayondakı bütün etnik qrupların adət-ənənələrinə, tarixinə, dilinə və dininə, mədəniyyətinə hörmətlə yanaşıldı. Yəni, onlar bu bayramda layiqincə təmsil olundu. Bu mənada Qubanın bu gün həm də ölkəmizdə xalqlar dostluğunun bariz nümunəsi olduğu nümayiş etdirildi. Təsadüfi deyil ki, tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəx və həyat tərzini əks etdirən stendlər də təqdim olundu.
Sonda bildirək ki, bayram mərasimində rayonda becərilən alma sortları, meyvədən hazırlanan şirniyyatlar, şirələr nümayiş etdirildi. Qonaqlar mərasimdə təqdim olunan rəngarəng kompozisiya və stendləri maraqla izlədilər, almadan hazırlanan müxtəlif təamları daddılar. Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti oldu.

 

Qəhrəman QASIMOV,
“Şəfəq” qəzetinin redaktoru,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”nin müxbiri

 

14 Oktyabr 2019 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə