Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

M.A.P. Beynəlxalq Teatr Festivalı başlandı

M.A.P. Beynəlxalq Teatr Festivalı başlandı

“YARAT” Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının açılış mərasimi olub. Oktyabrın 20-dək davam edəcək festival “YARAT” Müasir İncəsənət Məkanının “Bakcell” şirkəti ilə tərəfdaşlığı çərçivəsində reallaşır.

“YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki festival barədə məlumat verib. Bildirib ki, M.A.P. Festivalı (Music, Art, Performance) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır.

Əvvəlki iki buraxılışda olduğu kimi, bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış ən maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili səhnə əsərlərinə qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 9 ölkədən 18 tamaşa daxildir.

Bu il festivalda Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), Yeni Riqa Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), Devid Espinoza Kukla Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), “Kibbutz” müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək.

“Bakcell”in baş icraçı direktoru Rainer Rathgeber qeyd edib ki, şirkət üçüncü ildir ki, bu festivalın baş sponsoru və əsas tərəfdaşıdır. “Bakcell” Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına töhfə vermək üçün bundan sonra da bu təşəbbüsləri dəstəkləməyə hazırdır.

Festivalın bədii direktoru Kamran Şahmərdan bildirib ki, festival onun rejissoru olduğu “Dəli yığıncağı” tamaşası ilə açılacaq. Qeyd olunub ki, M.A.P. festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi platformadır: “Biz teatr aləminin müasir tendensiyalarını nəzərə alaraq Azərbaycan tamaşaçısını yeni ideyalarla təəccübləndirmək və onlara müxtəlif teatr növləri arasında seçim etmək imkanı vermək arzusundayıq”.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 Oktyabr 2019 15:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə